ICESCO-nun nümayəndəsi BDU-da olub
Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Elm və Texnologiya sektorunun müdiri professor Rahil Qamar Bakı Dövlət Universitetində olub.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə keçirilən görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında danışılıb.
Rektor Elçin Babayev professor Rahil Qəməri salamlayaraq ona ölkəmizə və eləcə də Universitetə səfər etməsinə görə təşəkkürünü bildirib. Azərbaycanla ICESCO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayan rektor bu münasibətlərin dostluq üzərində təşəkkül tapdığını qeyd edib. O, ICESCO ilə Azərbaycan arasında xüsusilə elm və təhsil sahələrindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib.
Rektor Elçin Babayev BDU-nun fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi, elmi fəaliyyət haqqında qonağa ətraflı məlumat verib. Həmçinin ICESCO-nun Baş direktorunun və nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib.
ICESCO-nun Elm və Texnologiya sektorunun müdiri professor Rahil Qamar qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq bu səfərin gələcəkdə həm tələbə, professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyini diqqətə çatdırıb. Sektor müdiri əlavə edib ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən əməkdaşlığı daha da genişləndirmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin, müxtəlif layihə və proqramlarda iştirakın vacibliyini vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.