Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Kitabxana işi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında ekskursiyada olub. Ekskursiyanın məqsədi tələbələrin təhsil imkanlarının genişləndirilməsi, kitabxana fəaliyyəti ilə yaxından tanış olmaları və elmi elektron resurslardan istifadə bacarıqlarının inkişaf etdirilməsi olub.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova kollecin tələbələrinə Universitetin və kitabxananın tarixi, fəaliyyəti, struktur quruluşu, fondun zənginliyi, oxuculara göstərilən xidmət prosesi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. BDU-nun Elmi Kitabxanasının respublikanın ali təhsil müəssisələri kitabxanaları üçün metodiki mərkəz funksiyasını da həyata keçirdiyini və bu istiqamətdə müxtəlif layihə və tədbirlər reallaşdırdığını xüsusilə qeyd edib.

Nigar İsmayılova ekskursiya iştirakçılarına Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun fəaliyyəti, konsorsium çərçivəsində universitetlər üçün yaradılan əməkdaşlıq imkanları və beynəlxalq elmi informasiya resurslarına çıxış əldə edilməsi barədə də məlumat verib.

Ekskursiya çərçivəsində tələbələr əvvəlcə oxu zalları, xüsusilə “Nadir kitablar və əlyazmalar oxu zalı”nda qorunan qiymətli nəşrlər, nadir kitablar və əlyazmalarla tanış olublar. Onlara fondun qorunması və istifadəsi qaydaları barədə məlumat verilib. Daha sonra tələbələr kitabxananın yeni istifadəyə verilmiş müasir oxu zalında olublar. Burada kitab dövriyyəsinin avtomatlaşdırılması məqsədilə tətbiq olunan “Unibook Smart Stand Lite” və “Unibox Smart Box” sistemləri əyani şəkildə nümayiş etdirilib. Yenidən qurulan oxu zalında klassik kitabxana ənənələri müasir rəqəmsal texnologiyalarla inteqrasiya edilib, istifadəçilər üçün elektron resurslara və beynəlxalq elmi bazalara çıxış imkanları yaradılıb.

Tələbələrə Elektron kitabxana şöbəsində nəşrlərin elektronlaşdırılması prosesində istifadə olunan müasir skan avadanlıqları nümayiş etdirilib, həmçinin kitabxananın avtomatlaşdırılmış idarəetmə sistemləri ilə iş prinsipi göstərilib. Bununla yanaşı, kitabların qəbulu, qeydiyyatı, biblioqrafik işlənməsi prosesi əyani şəkildə izah olunub.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimləri Nahidə Mikayılova, Almaz Cəfərova kollecin direktoru adından ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib. Onlar gələcəkdə BDU Elmi Kitabxanası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayaraq, kitabxananın həyata keçirdiyi kitabbağışlama aksiyalarından birinin növbəti illərdə kollecdə təşkil olunmasını təklif ediblər.

Ekskursiyanın sonunda tələbələr Universitetin Heydər Əliyev muzeyi və lektoriyası, BDU-nun tarixi muzeyi, Təkamül muzeyi və Faydalı qazıntılar muzeyi ilə də tanış olublar.

Sonda tələbələrə BDU-nun Elmi Kitabxanasının təqdim etdiyi elektron xidmətlər, beynəlxalq elmi bazalara çıxış imkanları və müasir kitabxana texnologiyalarının tətbiqi barədə əlavə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026