İkili diplom proqramı üzrə təhsil alan BDU tələbəsi: Bu, hər kəsə faydalı olacaq - dövlətimizə, universitetimizə və bizə...

28/01/2021

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın  Əl-Fərabi adına Qazax Milli Universiteti (QMU) arasında “Dəniz və Enerji hüququ” sahəsində ikili diplomlu magistr proqramı ilk tələbələri ilə uğurla davam edir. Dost və qardaş ölkələrin magistrantları hər iki ölkənin ilk və aparıcı ali təhsil müəssisələri arasında bu sahədə birgə kadr hazırlığı işində fəallıq göstərir, elm və təhsil sahəsində də birlik nümayiş etdirir.

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin ikili diplom proqramının ilk magistrantlarından Jalə Rəhimova ilə söhbət etmək qərarına gəldik. Jalə Rəhimova bakalavriat pilləsində də təhsilini Bakı Dövlət Universitetində alıb. Yeni qəbul proqramı haqqında ilkin təəssüratlarını və proqram haqqında təcrübələrini bizimlə bölüşməkdən məmnun olduğunu ifadə etdi.

Jalə xanım, özünüzü təqdim edin.

- Mən 2020-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həmin il “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşam. Bakalavr pilləsi zamanı mən özümü tamamilə təhsilə yönəltmişdim və çalışırdım hüququn bütün sahələri haqqında biliklər əldə edim. Eyni zamanda müxtəlif tədbirlərdə, seminar və təlimlərdə iştirak etmişəm. Tələbələr arasında “Seçki hüququ və seçki prosesi məsələləri” üzrə keçirilən viktorinada, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransında iştirak etmişəm.

- Qazaxıstan təhsil sisteminə maraq yaradan səbəb nə oldu?

- Dördüncü kursda oxuyanda Universitetə Qazaxıstandan bir qrup müəllim heyəti qonaq gəlmişdi və bizim bakalavr qrupumuza dərsdə iştirak etmişdilər. Onda onlar enerji hüququ haqqında, öz uiversitetləri haqqında danışdılar, təqdimatla çıxış etdilər, onların universitetinin imkanlarından danışdılar. Mənə bu maraqlı gəldi, amma mən onda artıq qərar vermişdim ki, öz universitetimizə, yəni BDU-ya qəbul olmaq istəyirəm. Göründüyü kimi hər iki istəyimə eyni zamanda nail ola bildim, baxmayaq ki, bu məndən asılı olmayan səbəblərdən baş verdi.

- İkili diplom proqramına qatılmağa nə vaxt qərar verdiniz? Buna hansı amillər təsir göstərdi?

- 2020-ci ilin sentyabr ayında Hüquq fakültəsinin dekanı Əmir Əliyev “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə 2020-ci ildə qəbul olmuş magistratura tələbələri ilə görüş keçirdi. Əl-Fərabi adına Qazax Milli Universitetində ikili diplom proqramına qoşulmaq fürsətinin olduğu barədə bizə geniş məlumat verdi və hətta düşünmək üçün vaxt da. Biz qrupda 7 nəfər idik. Şəxsən mən ikili diplomun əla bir fürsət olduğunu artıq anlamışdım, əvvəla, “Dəniz və enerji hüququ” ixtisaslaşması Azərbaycan üçün yeni bir ixtisaslaşma sayılır və yeni, professional kadrlara ehtiyac duyulur; ikincisi, bizə hər iki universitetin fərqli sahələr üzrə mütəxəssislərindən dərs ala biləcəkdik. Həmçinin əl-Fərabi universiteti Dünya universitetlərinin QS reytinqində 165-ci yerdə dayanır; bu isə təqdirəlayiqdir.

Bunların hər biri möhtəşəm fürsət idi və magistantlar da bunları yaxşı dərk edirdi. Digər bir məsələ ondan ibarət idi ki, biz təcrübə hissəsini keçmək üçün ikinci kursun sonunda Qazaxıstana yollanmalıyıq. Bəzilərimiz üçün belə bir qərarı indidən vermək çətinlik yaratdı, amma razılaşdıq. Qrup olaraq razılığımızı dekanlığa bildirdik.

- Əl-Fərabi Universitetinin təhsil sistemi haqda nələr müşahidə etdiniz?

- Bildiyimiz kimi, Azərbaycanda COVID-19 pandemiyasına görə bütün təhsil müəssisələri məsafədən təhsilə keçməyə məcbur oldu. Hər iki Universitetin hüquq sahəsində tam fərqli və maraqlı tədris sistemi var. “Enerji hüququnda beynəlxalq konvensiyalar” adlı bir fənnimiz var idi. O fənni bizə Qalım Teleuev tədris edirdi. O, mühazirə zamanı bizə mövzu haqqında ümumi məlumatlar verirdi, seminar dərsi üçün isə həmin mövzuya uyğun - mütləq Azərbaycana aid hər kəsə fərqli bir mövzu verirdi. Biz isə araşdırma edib prezentasiya formasında onu təqdim edirdik. Bu isə mövzunun daha yaxşı yadda qalmasına səbəb olurdu.

İmtahan sessiyası da daha qısa bir müddətdə - 1-2 həftə ərzində keçirilirdi.

Onu da vurğulamaq istərdim ki, dekan, kafedra müdirlərinin, müəllimlərin və biz tələbələrin iştirakı ilə mütəmadi olaraq onlayn elmi-metodiki görüşlər keçirilir. Bu görüşlərdə BDU-nun və QMU-nin ikili diplom proqramının üstünlüklərindən, elmi məqalələrin beynəlxalq nüfuzlu jurnallarda nəşri barədə müzakirələr aparılır.

- Proqramın ilk günlərində, yəqin ki, yeni sistemə adaptasiya olmaqda da çətinliklər yaşandı. Kimlər sizə dəstək oldu? Tələbələrə tövsiyələriniz nələrdir?

- Bəli, ilk günlərdə, hətta deyərdim ilk iki həftə fərqli bir sistemlə üz-üzə idik. Amma Universitetimiz və QMU tərəfindən bizə çox böyük dəstək göstərildi.
Mütəmadi olaraq əl-Fərabi universitetinin Gömrük, maliyyə və ətraf mühit kafedrasının müdiri, professor Jatkanbayeva Ayjan Erjanovna və bizim edvayzer, professor Ayqarinova Gülnar Teleuxadirovna ilə əlaqə saxlayırdıq. Eyni zamanda Universitet rəhbərliyi, dekanımız Əmir müəllimin və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədovun daim diqqətindədir. Əmir müəllim və Əlizadə müəllim özləri şəxsən bizim qrupla maraqlanırlar və vurğulayırlar ki, hər bir məsələdə bizə dəstəkdirlər.

Bizim Qazaxıstandan olan tələbə yoldaşlarımız tərəfindən böyük dəstək göstərildi, xüsusilə sistemdə nəyin necə tapılacağı, yerləşdirilməyi barədə bizim üçün tanıtım videosu çəkmişdilər, bizi müəllimlərə təqdim edirdilər, bəzi məsələlərdə vəsitəçilərimiz qismində çıxış edirdilər. Bu çox səmimi bir mühit yaradır.

Gələcəkdə bu proqramlarda iştirak etmək istəyən tələbələrə tövsiyə edərdim ki, mütləq xarici dil öyrənsinlər. “Dəniz və enerji hüququ” ixtisaslaşmasında tədris dili ingilis dilində aparılır. Mən özüm rus dilini də bilirəm, bu isə qazaxlarla ünsiyyət qurmaqda çox böyük köməklik göstərir, çünki Qazaxstanda rus dili dövlət dili ilə eyni səviyyədədir və əksər qazaxlar bu dili bilirlər. Buna görə tövsiyə edərəm ki, istər xarici universitetdə təhsil almaq üçün seçim etdikdə, istər ikili diplom proqramı üçün seçim etdikdə mütləq şəkildə dil faktoruna diqqət yetirmək lazımdır. Bizim ixtisaslaşmaya gəldikdə, dəniz və enerji sahəsi daha çox ingilisdilli ölkələrdə inkişaf edib. Bu üzdən tədrisin ingilis dilində olmağı tələbələr üçün perspektivlidir ki, gələcəkdə biz öz ölkəmizi beynəlxalq arenadada təmsil edə bilərik.

- Bu proqramdan gözlədikləriniz özünü doğrultdumu?

- Proqramın təqdim etdiyi imkanlardan razıyam, bilik, yeni tanışlıqlar, təcrübə baxımından uğurlu layihədir. Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, uzunmüddətli perspektivdə bizim ikili diplom proqramı əsasında təhsil almağımız hər kəsə faydalı olacaq -  dövlətimizə, universitetimizə və bizə...

 

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024