“Əkinçi” ilə başlayan müqəddəs missiya

22/07/2022

Bu gün cəmiyyətin güzgüsü rolunu oynayan milli mətbuatımızın yaranmasından 147 il ötür.
1875-ci ildə görkəmli maarifpərvər, təbiətşünas alim və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız çətin və şərəfli bir yol keçib.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin fəaliyyəti uzun olmayıb. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
“Əkinçi” ilə başlayan müqəddəs missiya sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu orqanlarımız tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində misilsiz rol oynayıb.
Milli mətbuatımızın inkişafı bütün digər sahələrdə olduğu kimi, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açıb.
1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulub və bu, mətbuatın inkişafına ciddi təkan verib.
Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal informasiya məkanına daxil olub.
Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. MEDİA agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. İndiyədək davam edən informasiya müharibəsində mətbuat işçiləri də öz peşəkarlıq və vətənpərvərlikləri ilə daim fərqləniblər. Media nümayəndələri Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Azərbaycanın onlarla jurnalisti Vətən müharibəsində döyüşçü kimi iştirak edib və müxtəlif medallarla təltif olunub.
BDU Azərbaycanın jurnalist kadrlar hazırlayan ən böyük ali təhsil müəssisəsidir. Hər il Universitetin Jurnalistika fakültəsini orta hesabla 100-dən artıq məzun bitirir. Jurnalistika böyük peşəkarlıq, fədakarlıq və məsuliyyət tələb edən şərəfli bir peşədir. Bu müqəddəs yolda qələm çalan bütün mətbuat nümayəndələrinə,  Jurnalistika fakültəsinin müəllimlərinə, məzunlarına və tələbələrinə uğurlar arzulayırıq!  
Milli Mətbuat Gününüz mübarək!

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024