“Əkinçi”dən bu yana. Azərbaycanın milli mətbuatı 145 yaşında

22/07/2020


Hörmətli, kütləvi informasiya vasitələri nümayəndələri!

Bu il 145 yaşını qeyd edən Milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək bu günkü inkişaf səviyyəsinə gəlib çatmışdır.

Sizi Azərbaycan Milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə yaradıcılıq uğurları arzulayırıq.

 

BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmovun Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş "“Əkinçi”dən bu yana. Azərbaycanın milli mətbuatı 145 yaşında" adlı məqaləsini təqdim edirik:

 

“ƏKİNÇİ”DƏN BU YANA

Azərbaycanın milli mətbuatı 145 yaşında

 

Xalqımızın mədəni oyanışında və dövlətçilik yaddaşının dirçəldilməsində misilsiz rol oynamış “Əkinçi” qəzetinin növbəti yubileyi də ölkəmizdə ümummilli ictimai-mədəni hadisə kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 2020-ci il 30 iyun tarixli sərəncamı ilə yubiley tədbirlərinə start verilmişdir. Sərəncamda göstərildiyi kimi, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli  özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Milli mətbuatımızın 145 illik yubileyi ilə bağlı tədbirlərdə, müxtəlif səpkili çıxışlarda xalqımızın milli oyanış və ictimai fikir tarixində seçilən bir başlanğıc olmuş ilk anadilli qəzetin yaranması və inkişafında görkəmli ziyalı Həsən bəy Zərdabinin müstəsna rolu haqlı olaraq önə çəkilir, xüsusi qeyd edilir. Türk dünyasının işıqlı mütəfəkkirlərindən biri, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının mənəvi atası səviyyəsinə yüksəlmiş təbiətşünas alim, pedaqoq, publisist Həsən bəy Zərdabi haqqında danışmaq bütün ürəyinin odu-közü ilə, ətiylə, qanıyla, vicdanıyla Azərbaycan  torpağına, Vətənə, xalqa, millətə, onun keçmişinə, bu gününə bağlı həqiqi vətəndaş haqqında danışmaq deməkdir.

Şirvan torpağının Zərdab kəndində dünyaya göz açan Həsən bəy Zərdabi yaradıcılığında Azərbaycan mətbuatı tarixində şərəfli səhifələr açmış “Əkinçi” qəzeti mühüm yer tutur. Qəzet Azərbaycan ictimai fikir tarixində böyük rol oynamışdır. Həsən bəy xalqın maariflənməsində, tərəqqisində qəzetə yüksək qiymət verirdi, buna görə də qəzet buraxmağı qarşısına məqsəd qoyur.

Həsən bəy Zərdabi “Həyat” qəzetində dərc etdirdiyi “Rusiyada əvvəlimci türk qəzetəsi” məqaləsində yazırdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə  qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur...”

O zamankı ictimai quruluş belə bir qəzetin nəşrinə üç illik zəhmətdən sonra icazə verdi. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovla Həsən bəy Zərdabi  arasında aparılan yazışmalarda “Əkinçi” barəsində qiymətli, dəyərli fikirlər söylənmişdir. M.F.Axundov 1875-ci il aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda “Əkinçi”nin qarşısında duran vəzifələri müəyyənləşdirərək yazırdı ki, qəzetin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı olmalıdır. Çünki  sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Həsən bəy Zərdabi qəzetlə bağlı bütün işləri təkbaşına görürdü. Bu da onun vətəninə, xalqına bəslədiyi məhəbbətdən irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına heyran qalmış “Siz əsl qəhrəmansınız”, “Siz öz xalqınızı çox istəyirsiniz” demişdi.

Qəzet birinci sayının proqram məqaləsində yazırdı ki, zəmanə dəyişməyi tələb edir. O kəslərki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər”. Zərdabi köhnə həyat tərzini pisləyib, insanları yeni mütərəqqi həyata çağırırdı.Yazıları oxuduqca biz onun şahidi oluruq.

“Əkinçi” ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı.

Xalqın cəhalətdən xilasını elm və maarifçilikdə görən Zərdabi kitab çap mədəniyyətinə diqqət yetirməyi lazım bilirdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı: “Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun. Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər”.

“Əkinçi” zəmanəsinin mühüm elm, texnika, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdir. Zərdabi öz yüksək amalını həyata keçirmək yolunda mübarizədə Seyid Əzim  Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül Qəvaid, Əsgər ağa Gorani, Ələkbər Heydəri və başqalarının köməyinə  arxalanırdı.

“Əkinçi” yaxşı ilə pisi xeyirlə şəri ayırmağı məsləhət görür, cəmiyyətdə haqq və ədalətin, azadlığın, ağlın zəfər çalacağına inanırdı. Bu şərtlə ki, insanlar qul psixologiyasından azad olsunlar. Qəzet yazırdı ki, Şərqi zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik.

Zərdabi və onun “Əkinçi” qəzetinin Azərbaycan xalqı qarşısında xidmətləri çoxdur. O, azadlıq hərəkatından ruhlanaraq qəzetdə mübariz ideyalar yayır, mülkədar-bəy ağalığına qarşı çıxır, ictimai şüuru formalaşdırırdı. Qəzet 1877-ci ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan bəylərini, onların puldan başqa ayrı qayğıları olmadığını, günlərini eyş-işrətlə keçirdiklərini kəskin tənqid edirdi. Qəzet yazırdı ki, “yeyib, içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə oxşadıb, əslən elmdən  bixəbər” olan bu ağalar “xalqın xoşbəxtlik fikrini çəkməzlər”.

Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsadüfü deyil ki, “Əkinçi” deyəndə biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı. Bu da  təbiidir. O dövrdə zərərli adət və ənənələrin girovuna çevrilmiş müsəlmanları oyatmaq lazım idi. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə milli mətbuatımızın banisı Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi:” Aləmi-islam biz qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. Bu məşəl “milli oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif işığı idi”.

“Əkinçi” az yaşadı. Cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı. Fəxrlə deyə bilərik ki, onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu.

Milli mətbuatımızın qaranquşu “Əkinçi”dən öyrəniləsi hələ çox şey var. Bizim hamımızın müəllimi, professor Şirməmməd Hüseynovun “Əkinçi” haqqında dediyi  qiymətli fikirlə yazını yekunlaşdırıram: “Əkinçi”qəzetinin ənənələrini təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır”.

 

Akif Rüstəmov

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi

kafedrasının professoru

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024