Külək oyadan çərşənbə

12/03/2024

Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür - Su, Od, Yel və Torpaq durur. Buna görə də Novruz bayramına hazırlığa təzə ilin gəlməsinə dörd həftə qalmış başlanılır. İlin Novruzdan əvvəlki dörd çərşənbəsi müqəddəs sayılır. Əski inamlara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri dirilir.

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapıb. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən yel  kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A yel baba, yel baba,

Qurban sənə gəl baba.

Təsəvvüf ədəbiyyatında külək Səba kimi ifadə olunur. Səba ruhani aləmdən əsən külək, Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.

“Qurani-Kərim”də isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir, külək “müjdəçi” adlandırılır. “Nəml” surəsinin 63-cü ayəsində oxuyuruq: “Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allah’la yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!”.

Əski inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün göndərilən qüvvə kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda “qara nəhr”də yatmış dörd cür külək -ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır. Ağ yel ağ libasda, qara yel qara libasda, xəzri göy libasda, gilavar qırmızı libasda təsvir edilir.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir, bu səbəbdən də Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilir, Yel baba köməyə çağırılır.

Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovrulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan biri isə qızların küləyə “ərə getmə” mərasimidir. Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar deyərmiş: “Boğanaq, gəlmə, sənə gedəcəyəm”.

Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanılır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur:

Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı sonbeşik uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri yat, gilavar yat...

Külək, sürmə at,

Gəl, ələkdə yat!

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur.

Yel çərşənbəsində yel əsmədikdə isə “Külək çağırdı” mərasimini icra edirlər. İnanca görə, yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilir, ürəkdən-ürəyə əsərək sevgini aləmə yayır. Məhz bu səbəbdən oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə, bu gecə Xızır Nəbi sevgililərə “abi-kövsər” suyu içirib, buta verir. “Ağ yelə tuş olasan səni”, “Üstündən ağ yellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların satın alınıb “Azat-bezat, məni cənnətdə gözət” deyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu çərşənbənin ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan “Yelləncəkdə yellənmə” mərasimi də bu çərşənbənin rituallarındandır.

Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir:  Yelə verdiyin düşmənə qismət olar.    Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır.


Səhər Orucova,

BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024