Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
Novruz çərşənbələrindən üçüncüsü xalq arasında “Yel çərşənbəsi”, “Külək çərşənbəsi”, “Gül çərşənbəsi”, “Ata-baba günü çərşənbəsi”, “Ölü çərşənbəsi” və s. adlarla tanınır. Bu çərşənbə təbiətin elə bir vaxtıdır ki, havanın qızması ilə qar əriməyə başlayır, suyun buzu əriyir, torpağın canına hərarət hopur, yağışlar torpağa can verməyə başlayır.
Bu çərşənbədə meşələrdə, çöllərdə novruzgülü açır, uşaqlar, gənclər həmin güllərdən toplayaraq çərşənbə xonçasına qoyur, eyni zamanda “yaz nübarıdır” deyə hamını muştuluqlayırlar. Üçüncü çərşənbəyə məhz novruzgülü ilə bağlı olduğundan “Gül çərşənbəsi” də deyilir.
İnama görə, “Ölü çərşənbəsi” və ya “Ata-baba günü” kimi də el arasında tanınan bu çərşənbədə dünyasını dəyişənlərin ruhlarının gözləri yolda olur və yaxınlarının gəlib onları ziyarət etməsini istəyirlər. Bu çərşənbədə ölənin qohum-əqrabaları bayram üçün hazırlanmış nemətlərdən qəbir üstünə aparar, qəbirləri səliqəyə salar, burada şam yandırar, dualar oxutdurardılar. Bu çərşənbə gecəsi ölənlərin adına qazan asar, həyətlərdə tonqal, evlərdə şam yandırardılar ki, ruhlar işığın vasitəsilə gəlib evi rahat tapa və adına bişirilənlərdən dada bilsin, rahatlıqla geri dönsün. Bu çərşənbə gecəsi mərhum xoş sözlərlə yad edilir. Azərbaycanın bəzi bölgələrində qəbir üstə getmək, ölənləri yad etmək ilaxır çərşənbə və ya Novruz bayramı günlərində olur. Bu çərşənbədəki ayinlər atalar kultu ilə bağlıdır.
Yel çərşənbəsi təbiətdə oyanmanın, canlanmanın şərtlərindən biri olub, hava və yel ilə bağlıdır. Bu günə həm də xalq arasında “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Bu çərşənbədə qış bütün gücünü itirərək son köçünü sürür. İlkin təsəvvürə görə, çərşənbədə oyanan külək yer üzünü gəzir, suyu, odu hərəkətə gətirməklə ona yeni nəfəs verir. Həmin günlərdə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir. Mifoloji düşüncəyə görə, “qara nəhrdə yatmış 4 cür külək” yer üzünə çıxıb özü təmizlənməklə yanaşı, ağacların budaqlarını da yellədərək onları qış yuxusundan ayıldır. Küləyin libasları rənglərinə görə mifik məna daşıyır, yəni Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir. Yel çərşənbəsində yurdumuzu qarış-qarış dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay aldığından hava təbdən-təbə, rəngdən-rəngə düşür.
Azərbaycan mifik təfəkküründə yel yol göstərən bələdçi rolunu yerinə yetirir. Küləyin əsməsi ilə istiliyin hər yerə yayılması xalqımızın mifik dünyagörüşündə obrazlaşdırılaraq, Yel baba kimi şəxsləndirilib. Bu çərşənbə ilə bağlı rəvayətdə deyilir ki, Yel baba meşələrdə azan xeyirxah insanların qarşısına çıxar və yolunu itirmiş insanların mənzil başına çatmasına köməklik edərdi.
Müqəddəs kitablarda yel fövqəladə varlıq hesab edilir. Səmavi kitablarda Yel dünyanı idarə edən tanrı və ya Allah tərəfindən göndərilən bir antropomorf kimi təsvir edilir. Məhəmməd peyğəmbər (s.a.s.) buyurur ki, “Külək Allahın qullarına olan nemətdir. Bəzən insanlara rahatlıq, bəzən də əzab gətirir. Külək olduğu zaman onu söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindədir”.
Qurani-kərimin 46-cı “Əhqaf” – “Qumsal təpələr” surəsində haqq yoluna gəlməyən Ad qövmünü cəzalandırmaq üçün Tanrı onların üzərinə Sarsar deyilən məhvedici bir ruzigar göndərir. 7 gecə və 8 gün davam edən soyuq qasırğa həmin tayfanı yer üzündən silir. İslam dininə görə, Allah-təala 4 böyük mələkdən biri olan Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etməyi buyurub. Dini rəvayətə əsasən, Yel - hava Allahın insan yaradarkən onun cisminə üfürdüyü nəfəsini-insanın ruhunu təcəssüm etdirir.
Orta əsrlərdə iki sevən gəncin - aşiq və məşuqun bir-birini görüb danışması yasaq olduğundan klassik ədəbiyyat örnəklərində “Badi-səba”- səhər yeli sevgililərin bir-birinə sözünü, etirafını, xəbərini çatdırmaq funksiyasını yerinə yetirir.Yel çərşənbəsi günü günahlarını yumaq, savab qazanmaq istəyən insanlar qəfəslərə salınmış, ovlanmış quşları satın alar, qəfəsi açıb havaya buraxar və bu zaman deyərdilər – “Azad-bezat, məni cənnətdə gözət”.
Gözlə görünməyən, küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb dam və ya təpələrin başından uçurdardılar. Bu çərpələnglərin üzərinə insanlar tanrıya şikayət məktubu və ya xahişnamələr, arzu və istəklər də yerləşdirərdilər. Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq üçün çərpələnglərdən istifadə etmişlər. Meydanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışardılar.
Yel çərşənbəsində icra olunan mərasimlərdən biri “Küfdibi” - “Küfyeli” mərasimidir. “Küfdibi” özünü küləyə vermək, yəni yelləncəkdə yellənmək deməkdir. Burada əsasən gənclər iştirak edirlər, yaşlı meyvə ağacından yelləncək asıb onu yaşıl bitkilər, gül-çiçəklə bəzəyərdilər. İştirakçılar bir-bir və ya iki-iki yelləncəkdə yellənir, deyişmə və ya bayatı deyərdilər. Yelləncəkdə yellənən qızların ayağına çubuqla asta-asta vurub söyləyərdilər:
Örpəyi çəhrayı qız,
Saçları xurmayı qız,
Gözləri sürməli qız,
Yaylığı yellənən qız,
Buraya qonaq gələn qız,
Adaxlının adını de !
Ha yellənə-yellənə,
Adaxlının adını de!
Yelləncəkdəki qızdan cavab almayınca onu yellədər, qız cavab verdikdən sonra onu düşürüb bir başqasını mindirərdilər. Əgər əvvəllər yelləncəyə yalnız qızlar qalxardılarsa, sonradan yelləncəyə növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud cüt-cüt qalxırdılar. Bu mərasim vaxtilə cavanların bir-birini görüb tanış olmaları üçün yaxşı bir vasitə idi. Mərasimdə gənclərin yelləncəkdə yellənməsi insanların birbaşa yaradıcı hava stixiyası ilə təmasa girmələrini simvolizə edir. “Küfdibi” mərasimi yazda qanın qaynaması ilə əlaqədar bir çox canlı məxluqların cütləşməsi, nəsil artırması məqsədi daşıyırdı. Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, mayalandırıb məhsul, bar verməsini təmin etmək kimi mühüm xüsusiyyəti vardır.
Yel çərşənbəsi günü tonqallar qalanar, evlərdə südlü plov və ya bulğur aşı bişirilər. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülər. Bu çərşənbədə qız-gəlinlərimiz “Haxışta”, “Halay”, “Bənövşə” və s. oyunlar ifa edirlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanar.Yel çərşənbəsi ilə bağlı inancların birində deyilir ki, bu gecə söyüd ağacının altına gedib niyyət elə. Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Qoy təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdıran bu çərşənbə yeli xalqımıza xoşbəxtlik, sevinc və bol ruzi gətirsin!
Məhəmməd Məmmədov
Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
