KOMİTƏ SƏDRİ UNİVERSİTET MÜƏLLİMLƏRİNİN MAAŞ və PENSİYALARI İLƏ BAĞLI YENİ TƏKLİFLƏRDƏN DANIŞIR

27/06/2012

Bu həftə yenidən Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri seçilən filologiya elmləri namizədi, dosent Fikrət Şiriyev universitet müəllimlərinin maaş və pensiyaları, elmi dərəcələrə görə ödənilən məbləğlə bağlı təkliflər irəli sürüb.

“Media forum” saytına açıqlamasında Fikrət Şiriyev həmin təkliflərdən danışıb.

Öncə o bildirib ki, ölkə inkişaf edir, dövlət büdcəsi ildən-ilə artır: “Hamımız yaxşı xatırlayırıq ki, cəmi bir neçə il bundan əvvəl şəhərətrafı yollarda, deyək ki, hava limanına gedən yolda saatda 60-la maşın sürməyə qorxardıq. Bu gün həmin yolda saatda 120 kilometr sürət həddi qoyulub. Yolun keyfiyyəti, tənzimlənməsi, yəni yaradılan şərait 2 dəfə yaxşılaşıb.Çoxumuz buna öyrəşib adi hal kimi qəbul etsək də, görməliyik ki, son illərdə sürətimiz, cəsarətimiz, özümüzə inamımız ən azı 2 dəfə artıb. Bunu lazımınca dəyərləndirib düzgün qiymət verməliyik. Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı siyasət xalqımızın sosial vəziyyətini, ölkənin iqtisadi imkanlarını ildən-ilə, aydan-aya, gündən-günə yaxşılaşdırır ki, bu da həmkarlar təşkilatlarının nümayəndələri kimi hər birimizi ürəkdən sevindirir.

Lap bu günlərdə - iyunun 19-da prezident İlham Əliyev dövlət büdcəsinə 600 milyon manat əlavə edilməsi barədə fərman imzalayıb. Bununla da büdcəmiz 17 milyard manatı keçib. Müqayisə üçün yada salmaq istəyirəm ki, 2000-ci ildə Azərbaycanın dövlət büdcəsi 800 milyon manata yaxın olub. Belə bir dövrdə yaşamağımız, dövlət başçısının elmə, təhsilə göstərdiyi qayğı və bir də keçən il mayın 17-də yaş senzi ilə əlaqədar olaraq müəllimlərin işdən kənarlaşdırılması məsələsi müzakirə edilərkən BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Milli Məclisin iclasında çox cəsarətli çıxışı və həmin çıxışın sonralar obyektiv qərarın qəbul olunmasında həlledici rol oynaması mənə bir neçə təklif səsləndirməyə əsas yaratdı.

Yerinə düşdüyü üçün xatırladım ki, böyük Bəxtiyar Vahabzadənin belə bir beyti var:

Bizi insan kimi yetkinlədi yetdiklərimiz,
Hələ var aşmalı çox dağlarımız, diklərimiz.
Bu yoxuş yolları, aşırımları qət etmək üçün
Bizə qüdrət, bizə qüvvət verir etdiklərimiz…

İlk təklifim professor-müəllim heyətinin əməkhaqqı ilə bağlıdır. Bu insanlar ömürlərini elmə, təhsilə həsr edərək, ən azı 20 il oxumuş, özü də çox yaxşı oxumuş, bu gün də auditoriyaya girməmiş kitabxanada bir neçə saat hazırlaşan, gün ərzində daim düşünən insanlardır.

Hörmətli Abel müəllim demişkən, zəhmətinin qiyməti heç bir meyarla ölçülməsi mümkün olmayan, deyək ki, universitetin dosenti ayda bütün yardımlarla birgə təxminən 430 manat pul alır. Nəzərə alaq ki, bu gün Azərbaycanda orta əməkhaqqı 368 manatdır və heç orta məktəbi də yaxşı oxumayan, bizim hörmət bəslədiyimiz bir çox peşə sahibləri var ki, universitetin professorundan 2-3 dəfə artıq maaş alırlar, onların hesabına orta əməkhaqqı rəqəmi yüksəkdir və biz MDB-də bu göstəriciyə görə 3-cü yerdəyik. Ancaq biz istərdik ki, ölkədə ən yüksək əmək haqqı, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, alimlərdə, müəllimlərdə olsun. Bu gün Azərbaycanın dövlət ali məktəblərində çalışan professor-müəllimlərin sayı 13 min 161 nəfərdir. Əgər bu əməkdaşların hamısının əməkhaqqına, maksimum həddi deyirəm, ayda 1000 manat əlavə olunarsa, bu, 1 ildə cəmi 157 milyon 932 min manat təşkil edər ki, bu rəqəm büdcə üçün təhlükəli rəqəm deyil.

İkinci təklifim universitet kollektivini narahat edən digər bir məsələ ilə - yeni doğulan uşaqlara görə sosial müavinətlərin ödənilməsi ilə bağlıdır. Yeni doğulan uşaqlara görə valideynə 1,5 yaşadək ayda cəmi 20 manat, 1,5 yaşdan 3 yaşadək isə 10 manat müavinət ödənilir. Bu rəqəm də olduqca simvolik xarakter daşıyır və nəzərə alsaq ki, Azərbaycanda dünyaya gələnlərin sayı 150-160 min nəfər arasındadır, bu məsələyə baxılması da real görünür və digər tərəfdən də bu amil əhali artımına müsbət təsirini göstərə bilər.

Üçüncü təklifim müəllimlərin pensiya məbləğinin artırılması ilə əlaqədardır. Nəzərə alsaq ki, ölkədə ali məktəb müəllimlərinin təxminən 4000 nəfəri pensiya yaşı həddindədir və indi aldıqlarından, deyək ki, 600 manat artıq pensiya alarlarsa, onların böyük əksəriyyəti heç bir inzibati tədbirə ehtiyac duymadan, Avropa ölkələrində olduğu kimi, məmnuniyyətlə istirahətə gedərlər, bununla bir tərəfdən arzu edilən gəncləşmə siyasəti problemsiz həll olunar, digər tərəfdən müəllim nüfuzu qalxar və bu, bir ildə dövlət büdcəsinə cəmi 28 milyon 800 min manata başa gələr.

Sonuncu təklifim isə elmi dərəcələrə görə ödənilən məbləğin çox simvolik olması ilə əlaqədar. Akademiyanın həqiqi üzvləri 1100 manat, müxbir üzvləri 850 manat, onun bir addımlığında olan elmlər doktorları isə cəmi 50 manat, elmlər namizədləri 30 manat pul alırlar. Təklif edirəm ki, sosial ədalətin bərpa edilməsi üçün elmlər doktoru və namizədlər üçün bu məbləğ təxminən on dəfə artırılsın. Belə olan halda Azərbaycanda olan elmlər doktorları üçün bir ildə 10 milyon 950 min manat, elmlər namizədləri üçün 30 milyon 600 min manat, yəni təxminən 40 milyon manat pul xərclənəcək ki, bu da hazırkı vəziyyətdə dövlət büdcəsi üçün ağır yük hesab edilə bilməz”.

 

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024