BDU-da COIA-2022 Beynəlxalq elmi konfransı başa çatıb

27/08/2022

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci Beynəlxalq elmi konfransın (COIA-2022) bağlanış mərasimi keçirilib. BDU-nun rektoru Elçin Babayev üç gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə növbəti elmi tədbirlərin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı və ev sahibliyi ilə keçiriləcəyinə əminliyini ifadə edib. Rektor Elçin Babayev bu günün tarixi gün olduğunu bildirib, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi münasibətilə konfrans iştirakçılarını təbrik edib. BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədiqat Institutunun direktoru Fikrət Əliyev ənənəvi olaraq təşkil olunan və üç gün davam edən tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı tərəfindən 299 elmi məqalənin təqdim olunduğunu bildirib.​ Bağlanış mərasimində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, Marağa Universitetinin professoru Əli Şükri, Doğu Akdeniz Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Nazim Mahmudov çıxış edərək konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara və Universitet rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, ABŞ, Hindistan, Rusiya, İran, Ukrayna, Özbəkistan, Oman, Morokko, Qazaxıstan, Qırğızıstan, Misir və s. kimi ölkələrin tanınmış alimlərinin “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi sahələr üzrə 231 elmi məruzəsi dinlənilib. Konfransın materiallarının Web of Science bazasına daxil ediləcəyi nəzərdə tutulur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024