BDU və BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi birgə beynəlxalq tədbir keçirir

31/10/2022

Oktyabrın 31-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) açılış mərasimi keçirilib.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Hazırda bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Hazırda “Azərkosmos”un idarə etdiyi “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edir. Bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətləri göstərir.

Rektor bildirib ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında,  həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir. Bu tədqiqatların əsas məqsədi Günəş-Yer əlaqələri, bu mühitdə kosmik plazma fizikası üzrə araşdırmalar, Günəş fizikası, habelə Günəşin Yerə, Yer atmosferi, ionosferi və maqnitosferinə, texnoloji və bioloji sistemlərə və iqlimə potensial təsirinin öyrənilməsidir.

Elçin Babayev diqqətə çatdırıb ki, beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar bilavasitə iştirak edir, xeyli sayda alim isə onlayn olaraq qoşulub: “Seminarın gündəliyi Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri kimi bir çox maraqlı mövzuları əhatə edir. Beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Ümid edirik ki, bu mötəbər tədbir ölkələr arasında elm, təhsil və mədəni əlaqələri inkişaf etdirmək yolunda mühüm bir addım olacaq, maraqlı və cəlbedici müzakirələr və bilik mübadiləsi ilə yadda qalacaq.  Seminardan faydalanan bütün iştirakçılar bunu öz tədqiqatlarında da tətbiq edə biləcəklər”.

Elm və təhsil naziri Emin Əmrullayev konfransın əhəmiyyətini qeyd edib, gələcəkdə ölkələrarası elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib. Nazir diqqətə çatdırıb ki, son illər Azərbaycan yüksək sürətlə inkişaf edir: "Ənənəvi tədqiqat institutları, milli akademiya formatında fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqə qurmalarına çalışırıq. “Qara qızılın insan kapitalına çevrilməsi” devizi gənclər üçün böyük fürsətlər yaradıb. Belə ki, xaricdə təhsil proqramı ilə artıq 3 mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb, hazırda ölkəmizə töhfə verir. Tərəfdaşlıq vasitəsilə yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq".

ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov, BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin nümayəndəsi Luc St-Pierre, Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitənin nümayəndəsi Şərafət Qədimova, NASA-nın nümayəndəsi Nat Gopalsvami, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov çıxışlarında qeyd ediblər ki, beynəlxalq tədbir kosmosun fəthi ilə bağlı tədqiqatlara öz töhfəsini verəcək, ölkələr arasında elmi  əlaqələri daha da genişləndirəcək. Çıxışçılar kosmosdan sülh və əmin-amanlıq üçün istifadənin zəruri olduğunu, Yer səthinin müşahidəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan 7 bəndə töhfə verdiyini vurğulayıblar. Çıxışlarda həmçinin diqqətə çatdırılıb ki, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahədəki  fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır. Hazırda Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

Konfransda qeyd olunub ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələri digər rəqəmsal elmi məlumatlarla əlaqələndirməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” beynəlxalq tədbiri ölkədə adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Beynəlxalq elmi tədbirdə Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrlə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları, həmçinin, yerli və xarici elmi təşkilatların əməkdaşlarının və ali təhsil müəssisələrindən təhsilalanların dinləyici qismində iştirakları nəzərdə tutulur.

Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlığının artırılması üçün tövsiyələrin hazırlanması da daxildir.

Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

Beynəlxalq tədbir noyabrın 5-dək davam edəcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024