BDU və Masallı Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib

19/05/2023

Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, BDU-nun rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini, Şəhidlər kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan  dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi çağdaş tariximizdə əbədiləşib.
BDU-nun rektoru Elçin Babayev isə çıxışında qeyd edib ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır: "Ümummilli Liderimiz dünyaya xüsusu missiyanı yerinə yetirmək üçün gəlmişdi. Bu missiya Azərbaycanın indiki müstəqil, qüdrətli dövlətə çevrilməsi missiyası idi.  Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr edib, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdlik və müdrikliklə yerinə yetirib.  1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ-nin ilk və yeganə müsəlman əsilli rəhbərlərindən biri olub. Ulu Öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldib.
Rektor qeyd edib ki, ölkəmiz üçün olduqca çətin və mürəkkəb, xalqımız üçün ağrılı olan 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndərin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik problem tarixin arxivinə çökmüş oldu.
Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş video nümayiş olunub.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, BDU-nun kafedra müdiri Anar İsgəndərov “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, MM-in deputatı Məşhur Məmmədov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Azərbaycanın parlaq günəşi”, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli “Heydər Əliyev və mətbuat”, YAP Yasamal rayon təşkilatının sədri, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Bəxtiyar Nəbiyev “Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında rolu (1969-1982-ci illər)”, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Heydər Əliyev irsi – tədqiq və təbliğ”, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev – dövlətçilik məktəbi”, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Geologiya fakültəsinin müəllimi İlqar Quliyev “Ümummilli Liderin gənclər siyasəti” mövzularında çıxışlar ediblər.
Çıxışlarda dahi liderin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun dayandığı vurğulanıb.

 

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024