Koronovirus tətilləri

07/04/2020

Bu dünyada Universitet-müəllim-tələbə birliyini heç bir qüvvə ayıra bilməz.

...Hər yay növbəti tətilə çıxanda xəfif bir kədərə bürünmüşəm: iki ay tələbələrimizdən ayrı olacağıq - kədərinə. Amma mən o “iki aya” öyrəncəliyəm və təhsilimizin bütün qütblərinə aid o “iki ayı” başa vurmaq çox da çətin olmur. Di gəl ki, bu zəhrimar koronavirusla bağlı zamanı bilinməyən “qış tətili” məni çox sarsıtdı. Universitetimizin dəhlizlərindən sizin gülüşünüz, hay-küyünüz yox olub, auditoriyaların qapıları ağzı günə qalıb və bu səssizlik mənim içimdə bir ağrıya çevrilib...

Ölüm haqdır, kim bilməz ki? Bu virus da keçdiyimiz min bir sınaqdan biridir - Allaha sığınmaq anıdır. Bu, bir müəllimin doğmalardan, qohum əqrabalardan savayı tələbələrindən də ayrı düşmək sınağıdır. “Sınaq” leksemi isə dözümdən tutmuş ləyaqətədək çox keyfiyyətlər tələb edir. Bütün bunları yaşayıb tələbələrimin gecikənini, icazəsiz dərsdən qalanını, seminara hazır gəlməyənini, dərsdə telefon oynadanını, səs salıb mühazirəyə mane olanını... tezliklə görmək arzusu keçir ürəyimdən. Kafedramızın üzünüzə həmişə açıq qapılarını indi bağlı görəndə ürəyim dözmür. Sizsiz darıxan o kafedra, ayda bir dəfə kitab almağa getdiyimiz “Libraff”in da oxucusuz rəfləri, fakültəmizin çox sevdiyi “525-ci qəzet” , “Şərq” qəzetləri, telekanallarımızın çeşidli proqram formatları, fakültəmizin bütün kollektivi bu “tətilin” bitməsini, tələbələrə həsrətin sonunu gözləyir.

Hərdən çox işlətdiyimiz, gündəlik həyatımızın məzmununu təşkil edən elə sözlər, elə anlayışlar olur ki, onun mahiyyətinə varmadan öyrəncəli bir şey kimi yanından etinazsızcasına ötüb keçirik. Qəflətən hansısa zərurətdən belə sözlərin mahiyyətinə, onların nə qədər böyük məzmun və böyük anlam kəsb etdiyinin fərqinə varanda onların möhtəşəmliyi həyatın özü qədər qiymətli olduğu anlaşılır. Belə sözlər içərisində universitet termini çox öndə gedir. Universitet sözü əksər xalqların dilində az qala eyni şəkildə işlənir. Bakı Dövlət Universiteti bu məzmunu özündə daşıyan dünya universitetləri sırasında yer tutur.

Əziz tələbələrimiz! Sabah siz də bu universitetin məzunu olmağınızla fəxr edəcəksiniz. Bu gün təxminən bir ay olar ki, dünyanı təşvişə salan koronovirus pandemiyası bizi universitetimizdən, sizdən ayrı salıb. Bu müvəqqəti ayrılıq bizi heç vaxt sındıra bilməz. Çünki, universitet-tələbə-müəllim birliyini, müqəddəsliyini heç nə poza bilməz. Universitet rəhbərliyinin, müəllimlərinizin qayğısı həmişə sizinlədir.

İllərin təcrübəsini qazanmış bir böyük kimi, bir müəllim kimi sizə tövsiyələrim var:

-         Dövlətimizin tədbirlərinə, tətbiq olunan qaydalara əməl edin;

-         BDU saytında və BDU TV youtube kanalında yerləşdirilmiş mühazirələri dinləməyi unutmayın;

-         Bir-birinizlə dostluq əlaqələrini online şəkildə daha da gücləndirin;

-         Müəllimlərinizlə daim əlaqə saxlayın;

-         Müəllimlərin sizə məsləhət bildiyi dərslik və dərs vəsaitlərini ən azı PDF variantında oxuyun;

-         Və bir də ən əsası özünüzü qoruyun!

İnşallah semestrin sonuna düşən imtahanlardan uğurla çıxmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır. Mən inanıram ki, Təhsil Nazirliyinin imtahanlarla bağlı çox sərfəli qərarları, göstərişləri olacaq. Və bu qərarlar birbaşa tələbələrimizin xeyrinə olacaq. Universitet gənclərin özünüqurma məkanıdır. Bu işdə tanrı bizə kömək olsun. Bir müəllim kimi ən müqəddəs arzum sizi tezliklə universitet auditoriyalarında görməkdir. Tanrı Universitetimizin auditoriya və dəhlizini boşluqdan, səssizlikdən xilas etsin, sizsizlikdən xilas etsin.

Mənim əziz tələbələrim! Öyrəşmədiyim bu uzun qış “tətilindən” çox usandım. Mən sizi balam kimi, nəvəm kimi gözləyirəm. Həyatımda heç vaxt belə darıxmamışdım. Aprel ayı millətimizə düşərli aydır. Tanrı aprel görüşünü bizə çox görməsin.

 

Sizə böyük hörmət və sevgi ilə Cahangir Məmmədli

BDU-nun professoru


 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024