Laçının işğalından 28 il keçir

18/05/2020

Bu gün Azərbaycanın qala qapısı sayılan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il keçir. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edilmiş, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə məruz qalmış, 65 min laçınlı doğma yurd yerlərindən didərgin düşmüşdür. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün yuxarı Qarabağı işğal etmişdir. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başlamışdır.

1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba torpaqlarından didərgin düşmüş, 267 nəfər öldürülmüş, 66 nəfər girov götürülmüşdür. Rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə talan və məhv edilmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olmuşdur. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salmışdır.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Azərbaycanın qala qapısı sayılan Laçın nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən milli ordumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığına əminlik yaradır. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024