İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

17/06/2020

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransın iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
-Sabahınız xeyir.

“Microsoft”un vitse-prezidenti Filip Roq: Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sizi görmək çox xoşdur.
Filip Roq: Mən də həmçinin. Bir neçə il keçib. Sizi sağlam görmək çox gözəldir. Vaxt ayırdığınıza görə təşəkkür edirik.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən bizim bir neçə il əvvəl Bakıdakı görüşümüzü xatırlayıram.
Filip Roq: Bizim səyahət edə bildiyimiz daha yaxşı vaxtlarda.
Prezident İlham Əliyev: Bəli, lakin indi biz özümüzü hazırkı reallığa uyğunlaşdırmalıyıq.
Filip Roq: Tamamilə doğrudur. Yaradılmış imkana görə Sizə təşəkkür edirik. Məni bir neçə həmkarım müşayiət edir. Bizim tərəfdən regional rəhbər xanım Den Ouden, hökumətlə əlaqələr üzrə təmsilçimiz xanım Vildfanq və əlbəttə ki, Azərbaycan üzrə baş menecer Qaçay. Sözsüz ki, bayaq qeyd etdiyim kimi, orada, Sizin gözəl şəhərinizdə şəxsən olmaq istərdim. Siz bütün dünyadakı vəziyyəti başa düşürsünüz. Biz Sizə salamlarımızı çatdırırıq. Mənə gəlincə, öz vətənimdən - Almaniyadan. Sizinlə görüşmək imkanı əldə etmək bizim üçün böyük fürsətdir. Bu mürəkkəb zamanda vaxt ayırdığınız üçün təşəkkür edirik. İlk növbədə, deyərdim ki, ölkənizdə pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyimə şad oldum. Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur. Nəhayət bilirsiniz ki, texnologiya və gördüyümüz bütün işlərdən başqa insan sağlamlığı və insan həyatı bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq. İkincisi, bu gün əlaqə saxlamaq imkanına görə Sizə bir daha təşəkkür edirik. Mən deyərdim ki, bizim texnologiyanın bu qeyri-adi zamanda harada ən səmərəli şəkildə istifadə oluna biləcəyini müəyyən etmək üçün son bir neçə ayda bir çox dünya liderləri ilə ünsiyyət saxlamaq imkanımız olub. Bununla bağlı Sizinlə bir qədər söhbət etmək imkanına malik olmaq istərdim.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun. Bu yeni reallıqda sizi yenidən görməyə çox şadam. Sizin bu videokonfransı təşkil etmək təşəbbüsünüzü qiymətləndirirəm. Çünki həyat davam edir. Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.
Beləliklə, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əlbəttə ki, əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda, biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik.
İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir.
Filip Roq: Təşəkkür edirəm. Düşünürəm ki, bu, bizim əməkdaşlıq etdiyimiz əksər dünya ölkələrinin üzləşdiyi təcrübəyə və hazırkı mövqeyimizə uyğun gəlir. Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram.
Digər ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir.
Filip Roq “Microsoft”un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirdi ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını təmin etmək üçün virtual iş masalarının yaradılması ilə çıxış edib. Kibertəhlükəsizlik məsələsinə toxunan Filip Roq qeyd etdi ki, pandemiya dövründə kiberhücumların sayı artıb. “Microsoft”un vitse-prezidenti bu cür hücumların qarşısının alınması istiqamətində şirkətin gördüyü işlərdən danışdı. Filip Roq “bulud hesablamaları” barədə də danışdı, onun səmərəsi və əhəmiyyəti haqqında məlumat verdi. Vurğuladı ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur. Filip Roq məmnunluqla bildirdi ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. O qeyd etdi ki, bu gözəl xəbəri çatdırmaqdan məmnunluq hissi keçirir. Vurğuladı ki, Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini səbirsizliklə gözləyir.
Bunun iqtisadiyyatın qloballaşmasında, onlayn və oflayn iqtisadiyyatın aparılmasında, turizmin inkişafında rolunu vurğulayan “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq dedi:
-Bu texnologiya, həmçinin qlobal bazara daxil olmaq üçündür. Çünki “bulud hesablamaları” elə bir qlobal bazar ərazisidir ki, buraya hər kəsin çıxışı var. Səmərəli olaraq Azərbaycandan ən yaxşı istedadlı insanlar qlobal bazarda rəqabət apara bilərlər, onların həqiqi “bulud hesablamaları” üzrə iqtisadi gücə malik olması üçün San Fransiskodan, Silikon Vadisindən fəaliyyət göstərməsinə lüzum yoxdur. Hesab edirəm ki, əsaslı dəyişikliyin arxasında iqtisadi imkanlar durur. Mənim təklifim bu məsələləri düşünmək, bizim birlikdə insanların rəqəmsal bacarıqları üzrə proqramları, startapları, istər geniş mənada, istərsə də startap mənasında necə irəli aparmağımızı nəzərdən keçirməkdən ibarətdir. Hesab edirəm ki, çoxlu imkanlar mövcuddur.
Sonra Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək dedi:
-Cənab Prezident, hörmətli həmkarlar, biz “Microsfot”la bütün sahələrdə, xüsusilə açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi və internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edirik. Sizin göstərişinizə müvafiq olaraq, cənab Prezident, biz hökumət agentlikləri üçün lisenziyalı proqram təminatını almaq məqsədilə 2018-ci ildə müqavilə imzaladıq. Biz şirkətin Azərbaycandakı nümayəndəliyi ilə görüşlər keçirdik, yeni təklifi və yeni layihələrin inkişafını müzakirə etdik. Diqqətiniz üçün təşəkkür edirəm.
Daha sonra çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov dedi:
-Çox sağ olun, cənab Prezident. Hesab edirəm ki, “Microsoft” şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Həmçinin onu qeyd etmək istəyirəm ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər.
“Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə “Multicountry” klasterinin baş meneceri Anke den Ouden Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıqdan danışdı, təmsil etdiyi şirkət tərəfindən hazırlanan innovasiyalar barədə məlumat verdi.
“Teams” proqramının təhsil işçiləri, eyni zamanda, müəllimlər üçün çox faydalı olduğunu vurğulayan Anke den Ouden dedi:
-Biz nəinki Azərbaycan dilinin dəstəklənməsinə sadiqik, eyni zamanda, “Teams” proqramının məlumatlarının dəstəklənməsini də öz öhdəliyimiz kimi görürük. Siz təhsil sahəsində ən innovativ ölkələrdən birisiniz. Biz bu işi davam etdirmək istərdik. Arxa fonda Azərbaycan məkanları, gözəl landşaft, şəhər mənzərələri var. Yaxşı şəkil çəkmək olardı.
“Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev ölkəmizdə şirkət tərəfindən həyata keçirilən işlərə toxundu. Vurğuladı ki, “Microsoft Azərbaycan” şirkəti öhdəlikləri milli strategiyaya uyğun həyata keçirir.
Filip Roq: Təşəkkür edirəm cənab Prezident, vaxt ayırdığınıza və dəstəyinizə görə minnətdaram. Bu, bizim üçün imkandır. Biz hamımız gələcək imkanları səbirsizliklə gözləyirik və işi davam etdirmək əzmində olan komanda kimi bilirik ki, çoxlu imkanlar var. Hər şeydən əvvəl biz Bakıya qayıtmağı həqiqətən də səbirsizliklə gözləyirik. Mən, həmçinin ötən həftə təəssüf ki, Formula 1 Qran-Prisinin başa düşülən səbəblərdən baş tutmayacağını oxuyanda kədərləndim. Ən azı sizdə virtual Qran-Pri oldu və mən onu gördüm. Sizə səhiyyə sahəsində, iqtisadi sahədə uğurlar arzulayıram, investisiya yatırılmasının davam etdirilməsində və sabahın transformasiyası üçün yol xəritəsinin yaradılmasında yardımımıza arxalanın. Biz Sizin sərəncamınızdayıq və bizim imkanlardan məqsədəuyğun saydığınız kimi istifadə edin. Biz Sizin üçün buradayıq.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu videobağlantıya görə təşəkkür edirəm. Bu, 2018-ci ildə Bakıda keçirilmiş görüşümüzdən sonra görülmüş işlərə nəzər salmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı imkandır. Düşünürəm, artıq 15 ildən çoxdur ki, “Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var. Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq. Bir daha təşəkkür edirəm. Sizi görməyə məmnun oldum. Sizə uğurlar arzulayıram. Pandemiyadan sonra sizi Bakıda görməyə ümid edirəm.

Filip Roq: Mütləq. Şəxsən təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

 

https://president.az/articles/39176

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024