İlk dərsin unudulmaz xatirəsi

17/09/2018

Onda biz orta məktəbi təzəcə bitirib ali məktəblərə qəbul imtahanı vermişdik və mənim bəxtim bəlkə də hamıdan çox gətirmişdi: mən Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə qəbul olmuşdum və səbirsizliklə sentyabrın 15-ni - ilk dərs gününü gözləyirdim.

O gün də gəlib çıxdı və anamın arxamca atdığı suyun təəssüratı ilə o universitetin həyətinə daxil oldum. Onda mən hələ bəlkə heç auditoriya, dekan, kafedra kimi terminləri bilmirdim və ilk dəfə təzəcə tanış olduğumuz qrup yoldaşlarımızla birgə oturduğumuz o auditoriyaya adına dekan deyilən müəllim gəldi və bir neçə dəqiqəlik tanışlıqdan sonra bizi Universitetin qələbəliklə çağlayan həyətinə apardı. Rektorla görüş olacaqdı. Dedilər ki,  bu,  bir ənənədir: hər ilin ilk dərs günündə rektor I  kurs tələbələri ilə görüş keçirir. Etiraf edim ki, mən onda heç rektor anlayışının da məzmununu yaxşı anlamırdım  və Universitet rəhbərliyinin səliqə-səhman üçün göstərdiyi çabadan rektorun burada vəzifəcə ən böyük adam olduğunu anladım. Üstəlik, bu adamın böyük alim olduğunu, akademik elmi dərəcəsi olduğunu da elə o gün - o isti sentiyabr səhərində öyrəndik. Həmin o rektor, həmin o akademik üzünü I kurs tələbələrinə - bizə tutub, çox səmimi, çox aydın bir nitq söylədi. Əvvəlcə Universitet sözünün əzəmətini göstərən bir misal çəkdi. Bu misal ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltdən idi: “ABŞ Universitetləri ona görə qüdrətli deyillər ki, onlar dünyanın güclü dövlətinin universitetləridirlər, ABŞ ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var”. Rektor sonra  Bakı Dövlət Universitetinin  Azərbaycan elm və təhsil sistemində yerini izah etdi,  ölkəmizin müasir inkişafında onun rolunu açıqladı. Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin belə bir sitatını misal çəkdi: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. O, yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Ölkəmizdə yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elm ocaqlarının hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür”, - dedi və bu sitata Ümumilli liderimizin belə bir fikrini də əlavə etdi... “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”. Və rektor dedi ki, siz ulu öndər Heydər Əliyevin bir zamanlar məzunu olması ilə fəxr etdiyi bir Universitetdə oxuyacaqsınız.

Həyatımda birinci dəfə gördüyüm bu universitetin yaraşıqlı və möhtəşəm həyətində qəbul imtahanında yüksək bal toplamış I kurs tələbələri toplaşmışdı. Rektor üzünü tələbələrə tutub sözünə davam etdi: “Azərbaycan bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafın sabahkı taleyi sizin - yəni gənclərimizin əlindədir.Dövlətimiz sizə hər cür qayğı göstərməkdədir. Mən sizdən - sabahın mütəxəssislərindən Vətənimizə yorulmaz xidmət gözləyirəm. Cəmi 4 ildən sonra siz bu Universiteti bitirib ölkəmizin ən müxtəlif sahələrində çalışmağa başlayacaqsınız. Bu dörd ilin sonunda  biz sizin burdan aparacağınız biliyin səviyyəsinə nəzər salacağıq. Həyatınızı necə quracağınız o qalıq biliyin səviyyəsindən aslı olacaq”. Rektorun Universitet həyatımızda bu ilk dərsində onun bir fikrini də heç unuda bilmirəm: “Dünyanı dərk etmək istəyən hər kəs, Vətəninə, elmə, təhsilə sevgi hissi ilə yaşayan hər kəs ömrü boyu öyrənir. Bax,  siz indi birinci kurs tələbəsisiniz, mən də, 47-ci kurs tələbəsiyəm. Öyrənin ki, öyrədəsiniz, öyrənin ki, həyatınızı,  karyeranızı qurasınız, öyrənin ki, Vətənə layiqli vətəndaş olasınız”. Akademikin bu sözləri elə o ilk dərs saatında onu bizə doğmalaşdırdı və biz o ilk dərs gününü xoş təəssüratlarla başladıq.

Sonra dörd il ötdü və biz Universitetin bakalavr səviyyəsini bitirdik. Hərəmiz bir istiqaməti seçdik. Mən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının magistraturasına qəbul olundum. Doğrusu, ona görə bu kafedranı seçdim ki, orda mənə Mahmud  Mahmudov,  Akif  Rüstəmov,  Könül  xanım  Niftəliyeva  kimi müəllimlər dərs demişdi. Mən,  demək olar ki, Könül xanımın “Tələbədən tələbəyə” təlim dərsləri ilə böyümüşdüm və yenə də onun dərslərində olmaq istəyirdim.

İndi mən o magistratura səviyyəsinin II kursundayam. Sentyabrın 17-də yenidən dərsə başlayacağıq. Amma neyləyim ki, mən o birinci kursun  ilk günündə 2013-cü ilin  isti  sentyabr  səhərində  rektorumuzun - akademik Abel  Məhərrəmovun  ilk  dərsindən aldığım təəssüratı  heç vaxt unuda bilməmişəm. Bu ilin ilk dərs  günündə də Universitetimizin I kurs tələbələrinin rektorla görüşü olacaq. Mən o görüşə dəvət olunmasam da, I kurs tələbələrinə qoşulub sakitcə o görüşə gedəcəm. Beş il öncəki təəssüratımı təzələmək üçün.

Günel MEHDİZADƏ
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının II kurs magistrantı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024