Malaziya və Nigeriyalı qonaqlarla görüş
Malaziyanın Beynəlxalq İslam Universitetinin rektoru, Syed Arabi İdid və Nigeriyanın Kano Bayero Universitetinin prorektoru Attahiru M.Ceqa Bakı Dövlət Universitetində olublar.
Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynov öncə BDU haqqında bukleti, xatirə medallarını qonaqlara təqdim edib və universitet barədə ətraflı məlumat verib. Rektor, akademik Abel Məhərrəmovun əməkdaşlığa çox böyük önəm verdiyini bildirən dosent Elxan Hüseynov bu görüşün gələcək əməkdaşlıq baxımından uğurlu olacağını da diqqətə çatdırıb.
Malaziyanın Beynəlxalq İslam Universitetinin rektoru, Syed Arabi İdid bildirib ki, rəhbərlik etdiyi universitetin 15 fakültəsində müxtəlif istiqamətlər - tibb, mühəndislik, təbiət elmləri, İslam dini, informasiya texnologiyaları, arxitektura və s. üzrə 24 min tələbə təhsil alır. Rektor tədrisin ingilis, islam ixtisaslarının isə ərəb dilində aparıldığını vurğulayıb. Beynəlxalq İslam Universitetində 4500 xarici tələbənin təhsil aldığını qeyd edən rektor həmin tələbələrin müsəlman olmalarının əsas şərt olduğunu, bu baxımdan universitetdə 90-a yaxın müsəlman ölkəsindən gəlmiş gəncin təhsil aldıgını bildirib.
Nigeriyanın Kano Bayero Universitetinin prorektoru Attahiru M.Jeqa isə qeyd edib ki, təmsil etdiyi universitetin 8 fakültəsi 52 ixtisas – kənd təsərrüfatı, tibb, sosial elmlər, hüquq, pedaqogika, informasiya texnologiyaları, incəsənət, islamşünaslıq və.s üzrə mütəxəssislər hazırlayır. Universitetdə müxtəlif mərkəzlər, o cümlədən Nigeriya dilinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir ki, həmin qurumda 300-ə yaxın dil tədris edilir. 28 min tələbəsi olan universitet hər il 5 min tələbə qəbul edir.
Sonda prorektor, dosent Elxan Hüseynov bu görüşü səmərəli hesab edib və gələcək əməkdaşlıq üçün yaxşı imkan yaratdığını qeyd edib.
BDU ilə tanışlıq qonaqlarda yüksək təəssürat doğurub.
Görüşdə Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova və dekan müavini Kamran Eyyubov da iştirak edib.
Mətbuat və informasiya şöbəsi