Müasir tariximizin 52 illik bir mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır

14/07/2021

MÜSTƏQİLLİYƏ GEDƏN YOL 1969-CU İL İYULUN 14-DƏ HEYDƏR ƏLİYEVİN SİYASİ HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏN BAŞLAYIR

Müasir tariximizin 52 illik bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin quruculuğu, dinamik inkişafı və inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünyanın ən tanınmış, ən güclü siyasi xadimləri, tələbkar ekspertləri bu qüdrətli Vətən oğlunu Azərbaycan tarixinin yetirdiyi ən mükəmməl, cəsarətli, möhkəm iradəli şəxsiyyət, beynəlxalq aləmdə tanınmış böyük siyasət və dövlət xadimi, fenomen düha və lider kimi qiymətləndirmişlər. Həmçinin Heydər Əliyevin böyük dövlət xadimi, təcrübəli və ustad siyasətçi, fenomenal hafizəyə və incə duyuma malik şəxsiyyət olması hətta opponentləri tərəfindən də etiraf edilən danılmaz həqiqətdir.

Heydər Əliyevin 52 illik ictimai-siyasi və dövlətçilik fəaliyyəti, bütünlüklə isə ömür yolu dərin bir dünya görüşündən çox illik həyati təcrübədən xəbər verməsi ilə yanaşı, müasir Azərbaycan gerçəkliyi, xalqımızın mədəni-mənəvi və intellektual həyatını adekvat surətdə əks etdirməklə çağdaş Azərbaycan ictimai fikrində bir ölçü vahidi kimi qəbul edilir.

Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşər və milli dəyərlərə söykənməsi konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Azərbaycan 30 ildir ki, müstəqil dövlət kimi daim inkişaf edir, güclənir, nəhayət qalib qüdrətli dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir. Azərbaycan xalqının tarixi nailiyyətidir.

Azərbaycanı tarixi müstəqilliyə, iqtisadi - sosial tərəqqiyə, tarixi hərbi qələbəyə aparan böyük siyasət 1969-cu ilin 14 iyulundan başlayır. Azərbaycan tarixinin 1969-cu ildən başlayan 52 illik bir dövrün özünə məxsus xüsusiyyətləri var. 20-ci əsrin 70- ci illər sovetlər ölkəsində durğunluq illəri kimi səciyyələnir.

1969-cu il 14 iyulda Heydər Əliyev siyasi rəhbərliyə gəldi. Həmin il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK –nın plenumu oldu və burada Ulu Öndər respublikanın sosial-iqtisadi böhran vəziyyətinin, uzun müddətli (60-cı illərin) geriliyinin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda dirçəliş, dinamik inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünə qayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi, o cümlədən iqtisadi həyatından intibah dövrü başladı.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın digər sahələri kimi, iqtisadiyyatının da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi rifah halının yüksəldilməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur.

Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi-inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər hazırlanmış və həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyev Mərkəzdəki nüfuzundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Sov.İKPMK və SSR Nazirlər Sovetinin aşağıdakı müvafiq qərarlarının qəbul edilməsinə nail olmuşdur: 1970-ci il iyulun 23-də “Azərbaycan SSR-də xalq təsərrüfatının inkişaf etdirmək tədbirləri haqqında”; 1970-ci il iyulun 25-də “Azərbaycan SSR-də kənd təsərrüfatının daha da inkişaf etdirmək tədbirləri haqqında”;  1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında”; 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP mərkəzi komitəsinin təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində”;  1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” və s. Onu da qeyd edim ki, Heydər Əliyev bu qərarların yerinə yetirilməsini təmin etmək üçün Ümumittifaq büdcəsindən Azərbaycan xeyli əlavə vəsaitin ayrılmasına da nail olmuşdur. Beləliklə, 1969-1982-ci illərdə Heydər Əliyevin çox ciddi, fədakar əməyi, prinsipial iş təcrübəsi sayəsində bu tarixi qərarların yerinə yetirilməsi ilə respublika iqtisadiyyatında mövcud olan uzun müddətli geriliyə son qoyuldu, nöqsanların aradan qaldırılmasında, 1970-1982-ci illərdə respublika iqtisadiyyatının intensiv, dinamik və surətli inkişafında başlıca rol oynadı.

1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630-min nəfərin yeni iş yerləri yaradılmışdır. Bu illərdə neft sənayesinin, neft maşınqayırma, neft kimya, metallurgiya, neft emalı və qaz çıxarma sənayelərinin inkişafında yeni mərhələ başlanmışdı. Yeni neft yataqları aşkar edilmiş və istifadəyə verilmiş, neft və qaz mədənlərinin 80%-i avtomatlaşdırılmışdı. 1969-1982-ci illər neft və neftayırma, qaz sənayesinin əsaslı şəkildə yenidən qurulması ilə səciyyələnib.

1969-1982-ci illərdə Azərbaycanın iqtisadi strukturunda keyfiyyətli dəyişikliklərə səbəb olan böyük uğurlar əldə edilmişdi. Araşdırmalar, arxivdəki faktiki və statistik materiallardan məlum olur ki, bu dövrdə respublika sənayesinin təzə sahələri olan elektro texnika, cihazqayırma, elektron, dəzgahqayırma, avtomatlaşdırma kimi yeni istehsal sahələrinin yaradılmasına başlanmışdı.

Azərbaycan KP MK Bürosu iclasının 13 oktyabr 1972-ci il qərarı ilə Bakı Məişət Kondisionerləri Zavodunun tikintisinə başlanılmış, zavod qısa müddətdə tikilib 1975-ci ildə istifadəyə verilmişdir. Bu illərdə “Azon” və “Ulduz” cihazqayırma zavodları, Sumqayıt Kompressor Zavodu işə düşmüşdür.

1969-1982-ci illərdə Ulu Öndər fədakar əməyi və təşkilatçılığı ilə iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş İttifaq respublikalarından xeyli yüksək olmuşdur. Bu illərdə Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə İttifaq respublikaları arasında öndə gedərək, birincilərdən biri olmuşdur.

1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin gərgin əməyi, uzaqgörənliyi nəticəsində Azərbaycan keçmiş Sovetlər Birliyində elektrotexnika sənayesinin ən böyük və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdir. 1982-ci ildə Heydər Əliyevin çox böyük fədakarlığı və prinsipiallığı sayəsində Dərin Dəniz Özülləri Zavodunun tikintisinə başlamışdı. (Azərbaycan KP MK-nın 1982-ci il 12 yanvar tarixli Büro iclasının qərarı əsasında)

Bu illərdə Bakıda metropoliten tikintisinə də böyük diqqət yetirilmişdi. 1978-ci ildə “Nizami” stansiyası, 1980-ci illərin əvvəlində isə bu qolun başqa stansiyaları “Elmlər Akademiyası”, “İnşaatçılar”, “11 qızıl ordu” (indiki 20 yanvar) və “Memar əcəmi” stansiyaları istifadəyə verilmişdi.

Azərbaycanın paytaxt əhalisinin su təchizatındakı problemləri daimi aktual olduğuna görə, 1970-ci illərin əvvəllərində Heydər Əliyev bu məsələnin həllinə xüsusi diqqət yetirdi. Bakı şəhəri və Abşeron yarımadası əhalini içməli su ilə təchizatının yaxşılaşdırılması barədə Azərbaycan KP MK-nın 19-71-ci il 2 fevral tarixli Büro iclasında tikintinin ən qısa müddətdə- 1971-ci ilin avqustun 1-nə tam başa çatdırılması və işə salınması haqqında qərar qəbul olunmuşdu.

Bu illərdə Azərbaycanın enerji müstəqilliyi də təmin olundu. Belə ki, Araz, Tərtər, Şəmkir su elektrik stansiyaları, “Azərbaycan” DRES–i işə salındı.

1969-1982-ci illərdə ümumi sahəsi 22.2 milyon kvadratmetr olan mənzillər inşa edildi ki, bu göstərici Azərbaycanda əvvəlki 40-45 ildə tikilmiş mənzillərin 70%-ni təşkil edirdi.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə kənd təsərrüfatının dinamik inkişafı, Azərbaycanın iqtisadiyyatında onun rolunu, xüsusi çəkisinin artması ən mühüm iqtisadi nəticələrdən biridir. Üzümçülüyün, pambıqçılığın, taxılçılığın, bağçılığın və digər sahələrin inkişafına başlıca diqqət yetirilmişdi. 1970-1982-ci illərdə üzüm plantasiyaları müvafiq olaraq iki dəfə artaraq 268 min hektara çatmışdır. 1981-ci ildə respublika tarixində ilk dəfə olaraq 1 milyard 151 min ton pambıq, 1 milyon 616 min üzüm, 644 min ton tərəvəz, 41 min ton bostan məhsulları, 26 min ton yaşıl çay yarpağı, 125 min ton mal-qara və quş əti, 340 min  ton süd, 294 milyon ədəd yumurta və 12 min ton yun tədarük edildi. Bütün bunların nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulunun həcmi 2.6 dəfə çoxalmışdı.

1969-1982-ci illərdə geniş sosial-mədəni quruculuq proqramı həyata keçirildi. Azərbaycanın şəhərləri böyüyür, yeni yaşayış massivləri salınırdı. 1972-ci ildə Şıxovda Xalqlar Dostluğu parkının bünövrəsi qoyulmuş, Bakıda böyük kino konsert mərkəzi və indiki Heydər Əliyev adına Respublika Sarayı, mətbuat prospektində yerləşən “Kommunist ” nəşriyyatı tikilmişdir. 1976-1987-ci illərdə Azərbaycanda ilk dəfə olaraq böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi.

Heydər Əliyev respublikada elmin inkişafına və təhsil səviyyəsinin qaldırılmasına, səviyyənin inkişafına böyük qayğı və diqqət göstərmişdir. Azərbaycanda onlarla yeni elmi tədqiqat müəssisələri yaradıldı. Azərbaycan KP MK-nın 18 iyun 1975-ci il tarixli Büro iclasında Bakı İnşaat-Mühəndislər İnstitutunun yaradılması haqqında qərar qəbul olundu. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli Büro iclasının qərarı ilə Azərbaycan Kardiologiya Elmi - Tədqiqat İnstitutu yaradıldı. 1974-ci ildə Azərbaycan KP MK-nın 13 fevral tarixli qərarı ilə Bakı şəhərində Zaqafqaziya respublikaları üçün neyrocərrahiyyə mərkəzinin təşkil olunması haqqında qərar qəbul olundu.

Heydər Əliyev milli hərbi kadrlar yetişdirilməsi sahəsində böyük işlər görmüşdü. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış hərbi təmayüllü internat məktəbi təşkil olundu. 1976-cı ildə hərbi məktəbin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə  Azərbaycan KP MK-nın və Nazirlər Şurasının qərarı ilə tədbirlər görülmüşdü.

Sovet rejiminin ən güclü vaxtlarında bu məktəbin yaradılması Azərbaycan milli hərbi kadr hazırlığı və müstəqillik illərində ali hərbi məktəblərin yaradılması üçün baza rolunu oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən biri 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaradılması olmuşdu.

Həmçinin bu illərdə Azərbaycan gənclərinin əqidəsinə və vətənpərvərlik ruhunda tərbiyə olunmasına da daha çox diqqət yetirildi.

Ulu öndər Heydər Əliyev Azərbaycan milli-mədəniyyətinin, incəsənətinin, onun beynəlxalq əlaqələrinin inkişafına da böyük önəm vermişdir. 1969-1982-ci illərdə Azərbaycanın Yaxın və Orta Şərq ölkələri ilə bütün sahələrdə əlaqələrin qurulmasına böyük diqqət göstərilmişdir.

Beləliklə, XX-ci əsrin 70-80-ci illəri Azərbaycan tarixində yüksəliş dövrü kimi səciyyələnir və bütün bunlar ulu öndər  Heydər Əliyevin rəhbərliyi və prinsipiallığı nəticəsində olmuşdur.

Qeyd edək ki, müstəqil dövlət quruculuğunun sosial-iqtisadi əsasları məhz 1969-1982-ci illərdə qoyulmuşdur.

1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyə 1993-cü ildə nail oldu. Həmin il xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi və bununla da Azərbaycanın milli intibah dövrünün II mərhələsi, müstəqil dövlət quruculuğu dövrü (1993-2003 - cü illər) başladı.

Son 17 ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi xətti uğurla davam etdirildi və ölkəmiz daha uca zirvələrə yüksəlməkdədir.

Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin böyük rəhbərlik və sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, müzəffər və yenilməz ordumuzun qəhrəmanlığı, xalqın Prezidentə olan birmənalı dəstəyi və onun atdığı istənilən addımı müdafiə etməsi, 44 günlük Vətən müharibəsində şanlı Qələbə, torpaqlarımızın mənfur düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması məhz son 17 ildə bütün sahələrdə, o cümlədən hərbi sahədə aparılan ardıcıl və uğurlu siyasəti nəticəsində əldə olundu.

https://ikisahil.az/post/233174

İbrahim Zeynalov,
Bakı Dövlət Universitetinin professoru, tarixçi alim

 

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024