MƏHƏMMƏDƏLİ RAMAZANOVUN XATİRƏSİNƏ

30/11/2020

Noyabr ayının 25-də acı bir xəbər aldıq. Azərbaycan elminə və təhsilinə ağır itki üz verdi. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, professor Ramazanov Məhəmmədəli Əhməd oğlu ömrünün 63-cü ilində dünyasını dəyişdi.

Məhəmmədəli Ramazanov 31 oktyabr 1958-ci ildə anadan olmuşdur. 1975-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin fakültəni bitirmişdir. 1983-cü ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və 1989-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə namizədlik, 2009-cu ildə isə “Bərk cisim fizikası” və “Kimyəvi fizika” ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə “Kimyəvi fizika” ixtisası üzrə professor elmi adı almışdır. 1982-ci ildən 1986-cı ilə qədər EA-nın Fizika İnstitutu nəzdindəki XKB ″Registrdə″ böyuk mühəndis, 1986-1992-ci illərdə “Kompozit quruluşlar” laboratoriyasının müdiri, 1992-2004-cü illərdə Fizika İnstitutunda aparıcı elmi işçi, 2004-2005-ci illərdə AMAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda direktorun 1-ci müavini, 2005-2006-cı illərdə  BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini, 2006-cı ildən BDU-da “Nanomaterial­ların kimyəvi fizikası” kafedrasının müdiri, 2012-ci ildən ömrünün sonunadək Fizika fakültəsinin dekanı vəzifəsində çalışıb. Fizika fakültəsinin Elmi Şurasının sədri, Fizika Problemləri İnstitutu və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şuralarının üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının sədr müavini, “Bakı Universitetinin Xəbərləri” jurnalının Fizika-riyaziyyat seriyasının redaktoru olmuşdur. “Tərəqq”  medalı ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti, əsasən, kompozit materiallar fizikası, tibbi fizika, nanotex­nologiya ilə əlaqədardır. Yerli və xarici jurnallarda dərc edilmiş 330-dan çox elmi mə­qalənin, ABŞ-da dərc edilmiş 1 monoq­rafiyanın, 1 dərsliyin, 2 dərs və­saitinin və 2 populyar kitabın müəllifidir. Rəhbərliyi ilə  12 nəfər fizika və kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

O, son 10 ildə dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya istiqamətində bir sıra maraqlı elmi-tədqiqat işləri aparmışdır. Bakı Dövlət Universitetində nanotexnologiya istiqaməti üzrə, xüsusən də miniatür sensorlar sahəsində yeni nanokompozit strukturların alınması və texnikanın müxtəlif sahələrində tətbiqi yönündə ciddi elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik etmişdir. Professor M.Ramazanovun tədqiqat sahəsi bununla məhdudlaşmamış, o, həm də canlı sistemlərdə nanohissəciklərin rolu, yaratdığı fəsadlar, həyat fəaliyyəti üçün təsir mexanizmi istiqamətində ciddi araşdırmalar aparmışdır. Şiş hüceyrələrinə dərman maddələrinin sağlam hüceyrələri zədələmədən daşınması istiqamətində, tibb sahəsində tədqiqatları həyata keçirmişdir. Professor M.Ramazanovun tədqiqat işləri bir başa tətbiqə yönəlmiş, fundamental xarakterli işlərdəndir. O, müharibə şəraitində olan ölkəmizin təhlükəsizlik sisteminin yaxşılaşdırılması sahəsində müdafiə xarakterli tədqiqat işləri aparmış və bu işlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Gənc nəslin intelektual səviyyəsinin artırılması, onların gələcəkdə hərtərəfli və peşəkar mütəxəssislər kimi formalaşması prosesinin parta arxasından başladığını nəzərə alan M.Ramazanov dəfələrlə öz bilik və qabiliyyətləri ilə seçilən, istedadlı məktəb şagirdlərinin dünya elm olimpiadalarına hazırlanmasında yaxından iştirak etmişdir. Professorun rəhbərliyi ilə vətənimizi dünyanın dörd bir tərəfində keçirilən nüfuzlu beynəlxalq olimpiadalarda qururla təmsil edən gənc istedadlar, istər təqdim etdikləri elmi layihələrin çəkisinə, istərsə də hazırlıq səviyələrinə görə hər zaman fərqlənməyi bacarıb, öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr əldə edib və Azərbaycan bayrağının elm müstəvisində daha da zirvələrə ucalmasına nail olublar. Professor M.Ramazanovun bir alim, bir müəllim kimi fəaliyyəti təbii olaraq, ali təhsilin müxtəlif pillələri ilə bağlıdır. O, rəhbərlik etdiyi Fizika fakültəsinin təkcə idarəçilik məsələlərini öz üzərinə götürməmiş, eyni zamanda, Fizika fakültəsinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının professoru kimi tədris prosesində bilavasitə iştirak etmişdir. Belə ki, alim BDU-da nanotexnologiya sahəsində bakalavr və magistrlər üçün "Nanoquruluşlu materialların kimyəvi fizikası", "Atom mikroskopiyasının əsasları", "Nanomaterialların alınması üsulları" və s. fənlərdən mühazirə və məşğələlər aparmış, buraxılış, magistr və doktorluq dissertasiyalarına elmi rəhbərlik etmişdir.

Xeyirxah və alicənab insan, istedadlı alim və pedaqoq Məhəmmədəli Ramazanovun parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024