Məhsəti Gəncəvi - 900

11/03/2013

Prezident İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız tarixində özünəməxsus yeri vardır. Onun yaratdığı söz sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət tapıb, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına mühüm təsir göstərib. Şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilib. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilib. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi yer alıb. Nazirlər Kabinetinə isə  bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanıb. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirib.

Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşayıb. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürüb. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024