Milli jurnalistikamızın ali təhsil və elmi araşdırma mərkəzi

19/07/2020

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Pre­zidenti İlham Əliyevin sərəncamları ilə hər 5 ildən bir milli mətbuatımızın yubileylərinin keçirilməsi müstəqillik illərində ölkəmizdə yaranmış ən dəyərli və davamlı si­yasi mədəni-ənənədir. Artıq 20 gündən bəridir ki, ana­dilli mətbuatımızın ərsəyə gəlməsinin 145 illiyi ilə bağlı Prezidentin imzaladığı növbəti sərəncam ölkəmizdə bu əlamətdar hadisənin dövlət səviyyəsində və ümummilli təntənələrlə qeyd edilməsinə start verib.

Prezident sərəncamında qeyd edilmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etməyə başladığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız ədəbi dilimizin və maarif­çilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan jur­nalistikası milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaq­cıl ideyaların yayılmasında səmərəli fəaliyyət göstərmişdir. Milli mətbuat və publisistikamızda formalaşdırılmış istiqlal məfkurəsi üzərində bərqərar olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistikamız yeni inkişaf mərhələsinə qədəm qoymuş, müstəqil dövlət quruculuğu prosesində, istiqlal ideyalarının yayılmasında, milli-mənəvi dəyərlərin himayə edilib yaşadılmasında misilsiz rol oynamışdır.

Sərəncamda göstərildiyi kimi, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra onun müstəsna diqqət və qayğısı, bilavasitə rəhbərliyi ilə Azərbaycanda müasir kütləvi infor­masiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaradıl­mışdır. Ulu öndərin tarixi qərarları ilə ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisa­di müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Belə bir mötəbər dövlət sənədində ifadə olunmuş müddəalardan qaynaq­lanan yubiley tədbirlərində, qəzet-jurnallarda çap olunan yazılarda, telera­dio və onlayn media yayımlarında milli mətbuatımızın keçib gəldiyi əsryarımlıq yola öyünclə nəzər salınır, onun tarixi təcrübəsi və yaşarılıq qazanmış ənənələri, görkəmli şəxsiyyətləri yada salınır, çağdaş jurnalistikamızın inkişaf yolları barədə önəmli mülahizələr səslənir.

Mətbuat tariximizdən məlumdur ki, “Əkinçi”dən başlayaraq bütün nəşrlərimizdə məmləkətimizdə milli oyanışa təkan verilməsi, xalq təhsili və elmin inkişaf etdirilməsi yolu ilə mədəni yüksəlişə, hərtərəfli tərəqqiyə nail olunması başlıca hədəf kimi qarşıya qoyulmuşdur. Milli ziyalılarımızın mətbuat tribunasından səslənən çağırış­ları və əməli fəaliyyətləri ilə bu tarixi vəzifə zaman-zaman yüksək səviyyədə gerçəkləşdirilmişdir. “Əkinçi”nin nəşrə başladığı vaxt oxuyub-yazmağı bacaran adamları barmaqla sayılacaq qədər olan, bir nəfər də jurnalisti və poliqrafçısı olmayan Azərbaycan bu yubiley günlərində dünyanın ən müasir jurnalistika şəbəkəsi yaratmış ölkələri cərgəsindədir.

Bu uğurun qazanılmasında milli jurnalistikamız üçün ali təhsilli, peşəkr kadrlar hazırlayan Bakı Dövlət Universitetinin və onun jurnalistika fakültəsinin də danılmaz xidmətləri olmuşdur. Burasını da demək olduqca xoşdur ki, Bakı Dövlət Universitetinin yaradılması kimi tarixi nailiyyət də öz növbəsində milli mətbuatımız öz xeyir­xah köməyini göstərmişdir.

Ötən il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarlarından olan, ilk milli ali məktəbimiz sayılan Bakı Dövlət Universistetinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Bu əlamətdar hadisə media dairələrində ölkəmizin ali jurnalistika təhsili, mətbuat tarixi və nəzəriyyəsi sahəsində tədqiqat mərkəzi kimi tanınan BDU-nun jurnalistika fakültəsinin yaradılması­nın 50 illiyinin də qeyd edilməsi ilə müşayiət olundu.

Bakı Dövlət Universitetinin mövcudluğunun ilk onilliyində əsası qoyulmuş jurnalistika təhsilinin bu ali məktəbin fəaliyyətinin 50-ci ilində ayrıca ixtisas strukturuna çevrilməsi milli mətbuatımızın və təhsilimizin ta­rixi inkişafı ilə əldə edilmiş önəmli bir nailiyyətdir. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən ayyarım sonra onun xeyir-duası ilə fəaliyyətə başlamış jurnalis­tika fakültəsi peşəkar kadr hazırlığının əsas ağırlığını öz üzərinə götürməklə, çoxsaylı məzunlarının fəal iştirakı ilə milli jurnalistikamızın sonrakı inki­şafına samballı kömək göstərmişdir. Fəaliyyətinin ikinci yarıməsrinə qədəm qoymuş, ölkəmizdə ən təcrübəli və nü­fuzlu ali jurnalistika təhsili ocağı sayı­lan BDU-nun jurnalistika fakültəsinin qazandığı uğurlara, qarşıda duran vəzifələrə milli mətbuatımızın 145 illik yubileyi günlərində bir daha nəzər salaq.

Əvvəla, onu deyək ki, bir əsrdən çox tarixi olan Bakı Dövlət Universite­tinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalis­tika təhsilinin əsası sovet dövründə Azərbaycan Dövlət Universisteti adlanan indiki BDU-nun pedoqoji fakültəsində jurnalizm və bibliologiya kafedrasının yaradılması ilə, ilk olaraq, 1928-ci ildə qoyulmuşdur. Müəyyən fasilədən sonra 1945-ci ildən ADU filo­logiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra– jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur.

Kafedraya ilk illərdə təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev rəhbərlik etmişdir. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri - Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev də gələcək jurnalistlərin ilk müəllimləri sırasında olmuşlar. Şöbənin birinci buraxılış məzunları 1950-ci ildə Azərbaycanda ilk dəfə ali jurnalistika ixtisası dip­lomları almışlar. Düz 50 il əvvəl isə - 1969-cu ildə jurnalistika şöbəsi ayrıca fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev olmuşdur.

Ümummilli lider Heydər Əliyevin zəruri əsaslarını yaratdığı müstəqil dövlətimizdə azad, demokratik me­dianın inkişaf etdirilməsi siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycan jurnalistikası­nın qarşısında yeni imkanlar və yollar açmaqdadır. Bu isə, təbii ki, həm ölkə mediasının, həm də KİV üçün peşəkar kadr hazırlayan fakültənin kollektivi üzərində yeni və əhəmiyyətli vəzifələr qoyur.

Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaq­cıl təhsil qurumları ilə inteqrasiya Azərbaycan müstəqillik əldə etdikdən sonra daha ön mövqeyə çıxmışdır. Bu, jurnalistika fakültəsinə də xey­li keyfiyyət və kəmiyyət dəyişkliyi gətirmişdir. “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir”- deyən ümummilli lider Heydər Əliyevin jurnalistikanın çoxspektrliliyinə verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə - sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha aktuallaşdırır. Təhsil sistemində strateji dəyişikliklər və çevik taktiki addımlar da məhz həmin zərurətdən doğur.

Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni kon­sepsiyası formalaşmaqdadır. Əgər sovet dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, həyata fəlsəfi baxışlarını, yaradıcılıq düşüncələrini vahid prizmadan forma­laşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış, sabahın jurnalistlərinə müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı verməkdədir.

Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən, artıq yalnız auditoriya saatları ilə kifayətlənmək olmur, eyni zamanda, sabahın jurnalistləri üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə həm də praktik vərdişlər aşılamaqdır. Birmənalı olaraq vurğu­lamaq yerinə düşər ki, fakültəmizdə bunun üçün hər cür şərait mövcuddur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması, bu baxımdan yeni yanaşma və metodologi­yaların tətbiqini zəruri edir.

Bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək peşəkar jurnalistlərin hazırlanması isə ciddi əhəmiyyət daşıyır.

Hazırda təhsilin üç dildə apa­rıldığı (Azərbaycan, rus və ingilis) fakültəmizdə bakalavr pilləsinə bir - jurnalistika; magistratura pilləsinə isə 7 ixtisas - teleradio jurnalistikası, beynəlxalq jurnalistika, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, publisistik jurnalistika, mətbuat tarixi, radiotele­viziya yayım menecmenti, media və kommunikasiya sistemləri üzrə qəbul keçirilir. Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra - jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, mətbuat tarixi və ideoloji iş metodları, televiziya və radio jurnalistikası, beynəlxalq jurna­listika kafedraları; 1 tədris-teleradio studiyası; 1 qəzet laboratoriyası; 1 elmi tədqiqat laboratoriyası; “Barama” media mərkəzi, “Füyuzat” mərkəzi və online media otağı fəaliyyət göstərir.

Nəzəri biliklərlə yanaşı, birbaşa praktik yöndən də tələbələrimizin müasir tələblərə cavab verən peşəkar kadr olaraq hazırlanmasını təmin etmək məqsədi ilə son bir neçə ildə əsasən bir necə istiqamətdə iş aparılır:

Praktik işlər. Fakültəmizdə 1984-cü ildən tədris-teleradio studiyası fəaliyyət göstərir. 2016-cı ildə TİKA-nın maliyyə dəstəyi ilə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında fakültə tələbələri tərəfindən müxtəlif te­leradio verilişləri hazırlanır. Həftədə bir dəfə 3 dildə- Azərbaycan, rus və ingilis dillərində ”BDU TV XƏBƏRLƏR” informasiya bloku təqdim edilir.

Eyni zamanda “Gələcəyin sədası”, “Riyazi reallıq” kimi maarifləndirici, “Maraq nöqtəsi”, “Tələbə bileti” adlı analitik televerilişlər, “BDU RADİO” studiyasında isə “Bu gün” və “Expromt” adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş 32 dəqiqəlik “100 ilin təntənəsində” sənədli filmi hazırlana­raq yayıma təqdim edilmişdir. Bun­dan əlavə, tələbələr “Bir ömürdə iki tale”, ”Qazi”, “Uğurun başlanğıcı”, ”Heykəltaraş” adlı sənədli filmlər də hazırlamışlar. Verilişlərimiz “BDU TV” “YOUTUBE” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır.

Fakültə tələbələrinin birbaşa iştirakı ilə “Jurnalist” tədris qəzetinin hazırlanması işi də uğurla davam etdirilir. Qəzetdə gedən materiallar, eyni zamanda, “525-ci qəzet” və “Şərq” qəzetlərinin xüsusi əlavələri olaraq yayılır. 2017-ci ildə BDU-nun “Azer­cell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində “Barama” media mərkəzinin açılışı da əhəmiyyətli hadisə oldu. “Azercell” və PAŞA Bankın dəstəyi ilə yaradılan bu mərkəzin məqsədi media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün onları müxtəlif layihə, proqramlara cəlb etməkdir.

2019-cu ilin may ayının 22-də jur­nalistika fakültəsinin nəzdində “Füyu­zat” mərkəzinin açılışı oldu. Mərkəzin xətti ilə artıq ödənişsiz əsaslarla “media dizayn” kursları keçirilməkdədir və daha bir neçə kursun təşkili nəzərdə tutulur.

Treninqlər. 2017-ci ildən başlaya­raq tələbələrimiz üçün praktik treninq və seminarların təşkil edilməsinə xüsusi diqqət ayrılıb. Treninq və seminarlar dərs saatlarından kənar vaxtda təşkil edildiyindən tədrisə mane olmadığı kimi, əksinə, nəzəri biliklərin praktik yöndən daha da möhkəmlənməsinə, eləcə də tələbələrimizin ixtisasa daha da bağlanmalarına səbəb olmaqdadır. Bu mənada tələbələrimiz üçün keçirilən üç treninqi xüsusi vurğulamaq istərdik.

“Jurnalistlər klubu”nun yara­dılmasında başlıca məqsəd gənc jurnalistlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmək, onların peşəkar kadr olaraq hazırlanması işinə dəstək olmaqdır.

“Beynəlxalq jurnalistika məktəbi”nin yaradılmasında başlıca məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq jurnalisti­kanın, xarici media sistemlərinin, beynəlxalq təşkilatların media siyasətinin, diplomatiya və jurnalis­tikanın qarşılıqlı əlaqələrinin, qlobal informasiya məkanında informa­siya təhlükəsizliyinin, informasiya müharibəsinin və digər mövzular üzrə təlimlərin keçirilməsi olub. “Tələbədən tələbəyə” treninqində isə həm dinləyicilər, həm də təlimçilər tələbələrimizdir. Təlimin özəlliyi ondan ibarətdir ki, daha çox təcrübəsi olan yuxarı kurs tələbələri öz bilik və vərdişlərini aşağı kurslarda təhsil alan yoldaşları ilə bölüşürlər.

Jurnalistika fakültəsi, eyni za­manda, son bir ildə müxtəlif dövlət strukturları və nazilriklərlə də müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verməkdədir. Bununla əlaqədar olaraq 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aqrar jurnalistika”, may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş “İqtisadi jurnalistika” təlim kurslarını qeyd etmək lazımdır. Hər iki kursda tələbələrimiz aktiv iştirak etməklə yanaşı, müvafiq sertifikatlarla da təltif ediliblər. Daha bir neçə nazirliklə profil istiqamətinə uyğun olaraq, kursların təşkil edilməsi nəzərdə tutulub.

Kastinqlər. Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə son bir ildə fakültəmizdə peşəkar media quruluşları rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilir. Bu kastinqlərin nəticəsi olaraq yuxarı kurslarda oxuyan tələbələrimizin bir çoxu AzTV, CBS, İTV, ARB, “Real” kimi ölkənin aparıcı televiziya kanal­larında, eyni zamanda, bir sıra aparıcı internet portallarında, informasiya agentliklərində iş təklifləri almışlar. Keçirilən bu kastinqlərin nəticəsi olaraq 2018-ci il bakalavr buraxılışının, təqribən, 35 faizi hazırda istehsalatda çalışmaqdadır.

Görüşlər. Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması, onların dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalma­maları üçün mütəmadi olaraq millət vəkilləri, ictimai-siyasi xadimlər, apa­rıcı jurnalistlərimiz ilə maarifləndirici görüşlər təşkil edilməkdədir. Son iki il ərzində əlliyədək belə görüş keçirilib. Bu görüşlər haqqında məlumatlar həm universitet, həm fakültənin rəsmi saytla­rında, həm də media qurumlarında geniş işıqlandırılıblar.

Fakültəmizdə üzərində daimi iş aparıldığı digər əhəmiyyətli istiqamət isə müasir tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanması ilə bağlıdır. Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yeniləşir, inkişaf edir. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. İyirmi il bundan əvvəlki xəbər və ya analitik janrların xüsusiyyətləri hazırda tamamən fərqlidir. Bu səbəbdən də son illərdə yeni tələblərə cavab verən dərsliklər, dərs vəsaitlərinin hazırlan­masına xüsusi önəm verməkdəyik. İstər bakalavr, istərsə də magistratura ixtisaslaşmaları üzrə tədris planlarında da ciddi dəyişikliklər nəzərdə tutulur.

Milli mətbuatımızın 145 illik yubileyi barədə Prezident sərəncamında çağdaş jurnalistikamızın inkişaf meylləri və qarşısında duran vəzifələr də aydın, konkret əksini tapıb: “Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasi­ya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal infor­masiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların ge­niş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Doğrudan da, peşəkar yanaşma, qabaqcıl texnologiyaları mənimsəmək, həqiqətə sadiq qalmaq, sosial məsuliyyət və vətəndaş həmrəyliyi mövqeyindən çıxış etmək jurnalistlərin borclu olduğu ən vacib məqamlardır. Bu zamanın tələbi olmaqla, həm də günümüzün reallığıdır. BDU-nun jurna­listika fakültəsinin kollektivi bu önəmli məqamlardan çıxış edərək yeni nəsil peşəkar jurnalistlərin yetişdirilməsində öz ənənələrini zamanın öncül çağırışları ilə qovuşdurmaq əzmindədir.

Vüqar ZİFƏROĞLU,
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru

Cahangir MƏMMƏDLİ,
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 

Milli jurnalistikamızın ali təhsil və elmi araşdırma mərkəzi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024