Milli Mətbuat Günü - 148

22/07/2023

Bu gün 148 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib.  “Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur.
Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.
Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu orqanlarımız tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində misilsiz rol oynayıb.
Milli mətbuatımız bütün tarixi inkişafı boyu “Əkinçi” ənənələrinə sadiq qalıb, “Əkinçi məktəbi”nin davamçıları daim cəmiyyətin güzgüsü rolunu oynayıb.
Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. Bu, çar Rusiyasına xoş gəlmədiyi üçün çox keçmədən “Əkinçi”nin nəşri dayandırıldı.
Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında torpaqlarımızın azadlığı naminə qələmini silaha dəyişən jurnalistlərimiz də az deyil.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən böyük missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü reallaşdırdı. Dövlətimizin başçısının Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna dolğun və faktlara əsaslanan müsahibələri informasiya müharibəsində də Qələbə qazanmağımızda müstəsna rol oynadı.
Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yorulmadan yerinə yetirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfə verdiyi kimi, postmüharibə dövründə də bu işi uğurla davam etdirməkdədir. Azərbaycan mediası Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi bəyanatların, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barədə informasiyaların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Müasir dövrümüzdə fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər.
Ölkəmizin ən böyük jurnalist kadrlar hazırlayan ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti  bu əlamətdar gün, 22 iyul - Milli Mətbuat günü münasibətilə öz məzunlarını, kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edir. Böyük peşəkarlıq və fədakarlıq tələb edən məsuliyyətli və şərəfli fəaliyyətlərində nailiyyətlər və uğurlar diləyir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024