Milli mətbuatımızda yeni nəfəs olmuş “Molla Nəsrəddin” jurnalı

07/04/2021

Bu gün "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasından 115 il ötür. Jurnal 25 il ərzində Qafqaz xalqlarının, bütövlükdə Şərq dünyasının, Azərbaycanın milli oyanış və dirçəlişində mühüm rol oynamışdır. “Molla Nəsrəddin” jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının, satirik publisistikasının ideya-sənət məbədidir. Jurnalın “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” manifest-proqramı yatmış Şərqi məhvərindən oynatmaq qüdrətinə malik, maarif və tərəqqi, bəşəri dəyərlər əxz etməyə bir çağırış idi. Qısa bir zaman ərzində "Molla Nəsrəddin" məşhur satirik jurnal kimi tanındı. Görkəmli qələm sahiblərinin bir-biri ilə ideya-yaradıcılıq əlaqələri genişləndi. Jurnalın redaktoru Cəlil Məmmədquluzədənin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə isə nüfuz qazandırdı. Ziyalı insanların əsərləri bu jurnalın səhifələrində yer alırdı. "Molla Nəsrəddin"çilər Azərbaycanda, eləcə də, Yaxın Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat məktəbini yaratdılar.

İlk nömrəsi 1906-cı il aprelin 7-də 1000 nüsxə tirajla çıxan jurnal az müddətdə  dillərə dastan olmağa başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2000 nüsxə tirajla çıxarıldı. C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud "Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı" deyə yazırdı.

"Molla Nəsrəddin"in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.

“Molla Nəsrəddin”, eyni zamanda satirik publisistika məktəbidir. İdeya-bədii istiqamətvericiliyi ilə mollanəsrəddinçilərin ağsaqqal qələm yoldaşı olan ustad Mirzə Cəlilin jurnaldakı çoxsaylı məqalə və felyetonları hər zaman öz aktuallığını qoruyan, cəmiyyətdəki eybəcərlikləri, nöqsanları ifşa edən satirik publisistika nümunələridir. O, 1906-1910-cu illərdə jurnalda dərc olunan şeirləri ilə həm də mollanəsrəddinçi satirik poeziyanın əsasını qoymuş, karikaturalı jurnal nəşri, bu rəsm əsərlərinin, bilavasitə, ideya təşəbbüskarı olması ilə Azərbaycan təsviri sənətini də yeni bir janrla zənginləşdirmişdir.

Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxmışdır. 1908-1909-cu illərdə bir neçə dəfə "Molla Nəsrəddin" jurnalını bağlamağa təşəbbüslər edilmişdir. 1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə Cənubi Azərbaycana köçmüş, 1921-ci ilin fevralında jurnalın nəşrini Təbrizdə bərpa etmişdir. Təbrizdə "Molla Nəsrəddin" jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə "Molla Nəsrəddin"in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.

Ümumiyyətlə, "Molla Nəsrəddin"in Tiflisdə 370, Təbrizdə 8 və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır. "Molla Nəsrəddin" çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqaboyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxmışdır.

Bütün əldə olunan uğurlara baxmayaraq, Cəlil Məmmədquluzadə irtica və qaragüruhçuların arasıkəsilməz tənqidinə sinə gərməli oldu. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, "Molla Nəsrəddin"in nəşrini dayandırırdı. Cəlil Məmmədquluzadə böyük bir amalın daşıyıcısı olduğundan, mübarizəni davam etdirərək, daha qətiyyətli addımlar atmağa başlayır. 1922-ci ildən 1930-cu illərə qədər "Molla Nəsrəddin"i mübariz orqanlardan birinə çevirmək üçün bir nəsli satirik jurnalistika sahəsində işləməyə hazırlaşdırır. Jurnal Yaxın və Orta Şərqdə, İranda və Türkiyədə ədəbi-ictimai fikrin, demokratik hərəkatın güclənməsinə təsir göstərmişdir.

“Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura janrının əsası qoyulmuşdur.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024