Milli və bəşəri ideyaların peşəkar təbliğatçısı
08/09/2018
Çoxsaylı media qurumları arasında özünəməxsus dəst-xətti, aydın və prinsipial mövqeyi ilə seçilən, yarandığı gündən xalqın milli dövlətçilik ideallarının parlaq tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan "Azərbaycan” qəzetinin nəşrə başlamasının 100-cü ildönümü tamam olur.
İlk sayı 1918-ci il sentyabrın 15-də - kifayət qədər çətin və mürəkkəb tarixi şəraitdə işıq üzü görmüş qəzet Azərbaycanın şərəfli istiqlal yolunun, çağdaş tarixinin cığırdaşı olmuş, qarşıya qoyduğu ali məqsədlərlə fərqlənmiş, dövrünün canlı salnaməsi kimi fəaliyyətinin bütün mərhələlərində cəmiyyətdə yüksək mövqe, nüfuz qazanmışdır. Qarşıya qoyduğu prinsipial hədəflərə bu gün də sadiqlik göstərən "Azərbaycan” qəzeti xalqa, dövlətçiliyə bağlılığı, dəyişməz ideya-siyasi xətti, ölkədə və qlobal arenada cərəyan edən hadisələrə operativ yanaşma tərzi ilə seçilir.
Azərbaycançılıq, milli dövlətçilik ideyaları ilə köklənən, hadisələrə obyektivlik prizmasından yanaşaraq cəmiyyətdə baş verənləri operativ və dəqiq surətdə oxuculara çatdırmağı qarşısına məqsəd qoyan rəsmi dövlət qəzeti "Azərbaycan”ın müstəqillik tariximizlə bərabər yubileyi təkcə milli jurnalistika üçün deyil, bütövlükdə ölkə əhəmiyyətli əlamətdar bayramdır. Ən azı ona görə ki, qəzet demokratik mətbuatın tarixi ənənələrini və milli-mənəvi dəyərlərdən qidalanan özünəməxsusluğunu qorumaqla yanaşı, ölkənin müstəqillik tarixinin şanlı salnaməsini yazmış mətbuat orqanlarından biri kimi hər zaman cəmiyyətdə böyük nüfuza sahib olmuş, seçilmişdir.
100 yaşını qeyd edən "Azərbaycan” qəzeti milli problemlərin səsləndirildiyi möhtəşəm tribuna kimi tanınır. Tarixi varislik, zəngin yaradıcılıq, milli-mənəvi dəyərlərə həssas münasibət kimi mütərəqqi ənənələri yaşadan qəzet ümummilli məsələlərə səhifələrində hər zaman geniş yer verir. Qəzet bu gün də ölkə həyatının müxtəlif sahələrinə dair cəsarətli, aktual və maraqlı yazılar dərc edir, dövlətçilik maraqlarını qətiyyətlə müdafiə edir, milli ideyaların daşıyıcısı, alovlu təbliğatçısı kimi dövlətçilik, vətənçilik, azərbaycançılıq ideyalarının ictimai düşüncədə möhkəm yer almasına çalışır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyin təmini, dövlətin parçalanmaq təhlükəsindən xilas edilməsi, separatizm meyillərinin qarşısının alınması, qeyri-qanuni hərbi birləşmələrin ləğvi, iqtisadiyyatın tənəzzüldən qurtulması, bir sözlə, Azərbaycanın xaos burulğanından inkişaf magistralına çıxarılması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçilik xəttini əsas fəaliyyət konsepsiyası elan etmiş "Azərbaycan” qəzeti həmin dövrdən başlayaraq respublikanın ictimai-siyasi həyatında baş verən prosesləri analitik təhlil süzgəcindən keçirərək ictimai rəyin düzgün məcrada inkişafına təbliğati cəhətdən yardımçı olmuş, həyata keçirilən islahatların mahiyyətini bütün təfərrüatı ilə şərh etmişdir.
Qəzet jurnalistikanın prinsiplərinə ciddiliklə riayət etdiyindən onun səhifələrində əksini tapmış faktlar mötəbərliyi ilə seçilir, eyni zamanda, oxucular dürüst mənbə kimi məhz bu mətbu orqanın məlumatlarına istinad edirlər. "Azərbaycan” qəzeti ictimai maraq doğuran müxtəlif mövzulara toxunur, oxucu auditoriyasının əhatəliliyini nəzərə alır. Cəmiyyət həyatının ən müxtəlif sahələri ilə bağlı yazıların mövzu dairəsi, məzmunluğu, dəqiqliyi, faktoloji zənginliyi xüsusilə təqdirəlayiqdir. Qəzeti vərəqləyən hər bir vətəndaş, elmi işçi, tədqiqatçı burada müstəqillik tariximizlə bağlı bütün lazımi məlumatları, faktları əldə edə bilir. Ölkənin beynəlxalq arenada qazandığı nailiyyətlər, demokratikləşmə, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf məsələləri "Azərbaycan” qəzetinin müntəzəm işıqlandırdığı mövzulardandır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin tarixi və müasir gerçəkliklər fonunda şərhi, qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi, azərbaycanlıların soyqırımı, erməni terrorizmi və bu qəbildən olan digər mövzular qəzet üçün hər zaman aktualdır.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, "Azərbaycan” qəzetində dövlət quruculuğu prosesi ilə bağlı bir sıra mühüm hadisələr ətrafında ictimai diskussiyalar, sanballı müzakirələr açılır, ayrı-ayrı mütəxəssislər, alimlər qəzetin səhifələrində sanballı məqalələrlə çıxış edirlər. Qəzetin vətənpərvərliklə qələmə aldığı mövzularda qaldırılmış problemlərə, məsələlərə analitik baxışın, elmi-nəzəri yanaşmanın olması, habelə məzmun dərinliyi ilə yanaşı, forma orijinallığı da diqqətəlayiq cəhətlər kimi qeyd olunmalıdır.
"Azərbaycan” qəzeti son illər ölkədəki dinamik iqtisadi inkişafa adekvat olaraq həyata keçirilən demokratikləşmə xəttinin əsl mahiyyətini elmi-fəlsəfi, siyasi planda şərh edir, insan və vətəndaş hüquq azadlıqlarının qorunması istiqamətində atılan addımları diqqət mərkəzində saxlayır. Qəzet həmçinin cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərin işıqlandırılmasında da operativliyi, obyektivliyi, hadisələrə münasibətdə şəffaf mövqeyi ilə seçilir.
Şübhəsiz, qurulmaqda olan hər bir müstəqil dövlət ilk növbədə güclü ideoloji təmələ, sosial-iqtisadi bazaya və legitim hüquqi münasibətlər sisteminə dərin ehtiyac duyur. Yalnız nəhəng şəxsiyyətlər bu mürəkkəb və çoxşaxəli fəaliyyəti yaradaraq koordinasiyalı şəkildə cəmiyyətin bütün təbəqələri üçün dərk edilmiş zərurət halına gətirə bilirlər. Bu baxımdan tədqiqatçılar ümummilli lider Heydər Əliyevin Azərbaycanda vahid dövlətçilik ideologiyasının formalaşmasındakı xidmətlərini xüsusi vurğulayırlar. Azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqəsi və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin zəngin təcrübəsidir. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir.
"Azərbaycan” qəzeti bu mövzuları daim analitik kontekstdə oxucularına çatdırmaqla yanaşı, ölkəmizdə multikultural və tolerant mühitin mövcudluğunu xüsusi qeyd edir, eyni zamanda, Bakı şəhərində keçirilən, humanitar əməkdaşlıq platformasına çevrilən beynəlxalq forum və konfranslara, mötəbər idman yarışlarına səhifələrində geniş yer ayırır. Rəsmi dövlət qəzeti olaraq multikulturalizm, tolerantlıq ideyalarının təbliğinə və təşviqinə xidmət edən forumlardan, konfranslardan, zirvə toplantılarından ən dolğun və müfəssəl məlumatları məhz "Azərbaycan”ın səhifələrindən izləmək mümkündür. Qəzet, eyni zamanda, Bakı şəhərini beynəlxalq humanitar əməkdaşlıq mərkəzinə çevirmiş bu tədbirlərin əhəmiyyətindən, ölkəmizin multikulturalizm və tolerantlıq sahəsindəki zəngin təcrübəsindən bəhs edən maraqlı yazıları ilə populyardır.
Qəzetdə qeyd olunan mövzuda işıq üzü görmüş çoxsaylı məqalələrdə haqlı olaraq vurğulanır ki, mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən, bir qayda olaraq respublikamızın möhkəm siyasi sabitliyə, zəngin iqtisadi potensiala, infrastruktura, turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınır. Həmçinin qeyd olunur ki, Bakı şəhərinin son illər Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi respublikamızın Cənubi Qafqaz regionunda multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Belə ki, Azərbaycanın yüksək təşəbbüskarlığı ilə təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər respublikamızı regionun "diplomatik paytaxtı”na, sülh, ədalət və sivil birgəyaşayış platformasına çevirmişdir.
Qəzetdə son 10 ildə Heydər Əliyev Fondunun xətti ilə Bakıda keçirilmiş konfranslara, elmi sessiyalara, hökumət tərəfindən təşkil edilən humanitar forumlara xüsusi diqqət ayrılır. "Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans, İslam Konfransı Təşkilatına üzv ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı, UNESCO-nun, ISESCO-nun, BMT Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə keçirilmiş ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, 2011-2016-ci illərdə təşkil olunmuş I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Bakı Sammiti, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanlarının Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının forumları barədə dolğun və məzmunlu məqalələrlə qəzetin çap və internet arxivindən tanış olmaq mümkündür. Qeyd edək ki, hər bir humanitar, mədəniyyətlərarası dialoq forumlarının bir neçə bölməsinin iclasları BDU-da təşkil olunur, dünyanın görkəmli alimlərinin mühazirələri böyük maraqla qarşılanırdı. Bu da gənc alimlər arasında elmi potensialın yüksəlməsinə səbəb olur, dünyanın nüfuzlu jurnallarında BDU alimlərinin məqalələrinin sayına xüsusi təsir göstərirdi.
Qəzetdə nüfuzlu elm xadimlərinin, dövlət məmurlarının dərc olunmuş məqalələrində o da xüsusi vurğulanır ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin hələ 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfransında müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafını nəzərdə tutan "Bakı Prosesi” təşəbbüsünü irəli sürməklə beynəlxalq əməkdaşlıqda keyfiyyətcə yeni səhifə açmışdır. Qeyd olunur ki, məhz "Bakı Prosesi”nin nəticəsi kimi respublikamızın paytaxtında müxtəlif qlobal beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter almış, bu həm də demoktratikləşmə proseslərinin, sosial-iqtisadi inkişafın, ən əsası, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə təsiri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 27 oktyabr 2016-cı il tarixdə "Azərbaycan” qəzetində dərc olunmuş "V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” sərlövhəli məqaləsi bu baxımdan xüsusilə maraq doğurur. Məqalədə V Bakı Beynəlxalq Humanitar Forumun respublikamız üçün müstəsna əhəmiyyəti elmi-politoloji aspektdən şərh edilmiş, multikulturalizm sahəsindəki nailiyyətləri xüsusi diqqətə çəkilmişdir. Görkəmli akademik haqlı olaraq yazır ki, Azərbaycan son illər fəal diplomatik əlaqələrin qurulduğu, intensiv danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin imzalandığı məkana çevrilmişdir: "Bizim dövlətimiz sözün həqiqi mənasında, müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına çevrilib. Çoxmədəniyyətli, polietnik, tolerant, yeni zəfərlərə və təşəbbüslərə hazır olan bu diyar qədim dövrün möhtəşəm abidələri ilə eleqant yeni tikililərin harmonik şəkildə qonşuluq etdiyi, müxtəlif arxitektura üslublarının və tarixi layların mozaikasının hökm sürdüyü, neft-qaz bumu ilə yanaşı, genişmiqyaslı "mədəni bum”un möhkəmləndiyi məkandır. İdeyadakı həyatdan reallıqdakı həyata keçidi həm sosial-iqtisadi transformasiya, həm də keçmişdən gələcəyə istiqamətlənmiş ölkəmizin ruhu nümunəsində əyani və aşkar şəkildə görmək olar”.
Məqalədə vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2011-ci il tarixli digər fərmanı ilə "Bakı Prosesi” çərçivəsində ilk Beynəlxalq Humanitar Forumun keçirilməsi mümkün olmuşdur. Birinci dəfə 2011-ci il oktyabrın 10-11-də keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumu respublikamızın sivilizasiyalararası dialoq məkanına çevrildiyini nümayiş etdirmişdir. V Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual çağırışlarına və risklərinə cavab verməyə, onların aradan qaldırılması yollarını tapmağa çalışaraq iştirakçılarının geniş tərkibi ilə fərqlənmişdir. Forumun işində dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndənin, o cümlədən 15 Nobel mükafatı laureatının iştirakı onun mötəbərliyinin və aktuallığının əyani təcəssümü olmuşdur.
"Azərbaycan” qəzetində dərc olunmuş məqalədə həmçinin qeyd edilir ki, xalqımıza xas olan, onun mahiyyətini, mentalitetinin xüsusiyyətlərini müəyyən edən multikulturalizm mövzusu bütün Bakı humanitar forumlarının işində üstünlük təşkil edir. Məqalədə xüsusi vurğulanır ki, Azərbaycan son illər fəal diplomatik əlaqələrin qurulduğu, intensiv danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin imzalandığı məkana çevrilmişdir.
"Azərbaycan” qəzetində dərc olunmuş məqalələrdə bu fikir də xüsusi vurğulanır ki, Bakıda keçirilmiş beynəlxalq forumların, tədbirlərin məqsədi bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Müəlliflər xüsusi qeyd edirlər ki, humanitar forumların təşkilatçılarının və iştirakçılarının, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitası nümayəndələri qarşısında müəyyənləşdirdikləri ən mühüm vəzifə gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır. Bakı forumlarının əsas məqsədlərindən biri də insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır.
Ümumiyyətlə, qəzet bu gün həm də nüfuzlu müəlliflərin əsərlərinin dərc olunduğu mötəbər tribuna kimi ölkəmizdə mültikultural və tolerant mühitin daha da möhkəmlənməsi prosesində sanballı töhfələrini verir.
Hazırkı qəzet bolluğunda cəmiyyətdə nüfuzlu qəzet kimi tanınmaq, layiqli yer tutmaq nə qədər çətin olsa da, "Azərbaycan” qəzeti buna tam nail olmuş, cəmiyyətdə hər zaman öz sözünü demişdir. 100 yaşını qeyd edən qəzet cəmiyyətdəki mövqeyini bu gün də qoruyub saxlayır.
İnanırıq ki, yüksək amallara hər zaman dönməz sədaqət nümayiş etdirmiş qəzetin kollektivi bundan sonra da respublikamızda baş verən proseslərin ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək peşəkarlıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirəcəkdir.
Sonda əlamətdar ad günü münasibəti ilə "Azərbaycan” qəzeti redaksiyasının bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, gərgin əmək və məsuliyyət tələb edən fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik
Azərbaycan qəzeti
Azərbaycan qəzeti
Xəbərlər
BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
Pakistanlı alim BDU-da ustad dərsi keçib
Pakistanlı alim BDU-da ustad dərsi keçib
BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub