Millət vəkili Anar İsgəndərov BDU-da ustad dərsi keçib

24/05/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev – müasir Azərbaycan dövlətinin qurucusu” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətlərini tarixi dövrləşdirmə əsasında elmi-nəzəri baxımdan şərh edib.
Ümummilli Lider Heydər Əliyevin sovet dövründə xüsusi xidmət orqanlarındakı fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, Ulu Öndər həmin illərdə yüzlərlə azərbaycanlını repressiyalardan xilas edib, eyni zamanda bütün çətinliklərə, maneələrə, təqib və təzyiqlərə baxmayaraq, dövlət təhlükəsizlik orqanlarının milliləşdirilməsinin əsasını qoyub. Professor Anar İsgəndərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə müstəqil Azərbaycanın təməllərini formalaşdırır, bunun üçün hərtərəfli zəmin hazırlayırdı: “Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər tariximizə parlaq hərflərlə yazılıb. Məhz bu illərdə Azərbaycan geridə qalmış aqrar ölkədən sənaye ölkəsinə çevrildi, konstitusiyada dilimiz dövlət dili kimi təsdiq olundu, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı, azərbaycanlı gənclər ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərildi, respublikamızda zavodlar, fabriklər, iş yerləri açıldı, şəhərlər, qəsəbələr salındı və saymaqla bitməyən digər misilsiz işlər həyata keçirildi”.

Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ittifaqa rəhbərlik edən şəxslərdən biri olduğunu vurğulayan məruzəçi həmin dövrdə Ulu Öndərin xalqımızın rifahı naminə göstərdiyi fədakarlıqlardan, apardığı mübarizələrdən bəhs edib. Dahi rəhbərin fəaliyyətinin Naxçıvan dövründən danışan natiq məhz Ulu Öndərin misilsiz xidmətləri sayəsində ötən əsrin 90-cı illərinin əvvələrində Naxçıvanın erməni hücümlarından qorunduğunu, eyni zamanda Naxçıvan əhalisinin blokada şəraitindəki ağır vəziyyətdən qurtulduğunu bildirib: “1993-cü ilin iyununda, tariximizin və taleyimizin mürəkkəb, ziddiyyətli bir dövründə Ulu Öndər xalqın çağırışına səs verərək, Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldi. Bununla da dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. Bugünkü xoşbəxt günlərimizin, inkişaf və rifahımızın təməlləri yaradıldı. Qədirbilən xalqımız haqlı olaraq Ulu Öndər Heydər Əliyevi özünün xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu hesab edir”.

Məruzədə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdəki misilsiz fəaliyyəti təhlil olunub, tarixi faktlar, sənədlər, arxiv materialları, mühüm mənbələr əsasında elmi izahlar verilib.

Professor Anar İsgəndərov Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən milli müstəqilliyimizin və dövlətçiliyimizin hərtərəfli inkişafının davam etdirildiyini vurğulayıb, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdiyini bildirib: “Qarabağımızın azad edilməsi, bu gün həmin bölgədə aparılan quruculuq işləri, eyni zamanda da tarixi torpaqlarımız olan Qərbi Azərbaycana dinc yolla qayıdışla bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət xalqımızda yüksək əhval-ruhiyyə və gələcəyə daha böyük inam formalaşdırıb”.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024