Mir Cəlal Paşayevin anım günüdür

28/09/2021

Böyük pedaqoq, alim və istedadlı yazıçı Mir Cəlal Paşayevin vəfatından 43 il ötür

Bu gün görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin anım günüdür. Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Ərdəbildə yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçib. 1918-ci ildə atasının vəfat etməsi səbəbindən böyük qardaşının himayəsində yaşayıb.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi əbədiyaşarlıq qazandırıb. Gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin önəmli nümunələrindəndir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib.  XX əsrin 20-30-cu illərində şeir, oçerk və hekayələri ilə tanınan Mir Cəlal, əlli illik yaradıcılıq fəaliyyəti dövründə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. 1930-cu ildən etibarən “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərdə ədib “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir. Yazıçının böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malik hekayələri “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmışdır. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” kimi hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunan Mir Cəlalın “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) bu qəbildəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildə yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. 2017-ci ildə Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi” açılıb.

Ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru olaraq millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini öyrədən şəxsiyyət kimi xatirələrdə daim yaşayacaq. “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” kəlamı indi də dillər əzbəri olan Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024