Mir Cəlalın 100 illiyinə həsr olunan kitab işıq üzü gördü
Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, tanınmış yazıçı Mir Cəlalın 100 illiyinə həsr olunan və seçilmiş əsərlərindən ibarət olan 3 cildli kitab çapdan çıxmışdır.
Tərtibatçı və redaktorları filologiya elmləri doktoru Nərgiz xanım Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov olan bu kitabın birinci cildinə müəllifin "Dirilən adam" romanı və hekayələri daxil edilmişdir. Roman XX əsrin əvvələrində Azərbaycanda baş verən xalq azadlıq hərəkatından, dövrün tarixi hadisələrindən, xalqın məişətindən, əsərin qəhrəmanı Qadirin və ailəsinin başına gətirilən müsibətdən bəhs edir. Böyük hekayə ustası kimi tanınan Mir Cəlal Paşayevin kitaba daxil edilən hekayələrində sadə insanların həyatında baş verən tipik lövhələr, aktual problemlər, yumor, fəlsəfi müdriklik maraq doğurur.
Kitabın ikinci cildində müəllifin məşhur "Bir gəncin manifesti" romanı və zəngin hekayə yaradıcılığından "İclas qurusu", "Özündən naxoş", "Gərək olar", "Plovdan sonra" kimi hekayələri yer almışdır. Roman Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Əsərin əsas qəhrəmanları bir ailənin üzvü olan Mərdan, Sona və Bahar əslində o zamankı Azərbaycan kəndlisinin ümumiləşdirilmiş canlı, bədii obrazlarıdır. Bu romanda azadlıq və istiqlal uğrunda mübarizə hissləri coşqun, romantik pafosla bədii təcəssümünü tapmışdır. Həmin illərin günahsız qurbanlarından olan balaca Baharın faciəli ölümü isə xüsusilə təsirli göstərilmişdir.
Üçüncü və sonuncu cilddə yazıçının 1958-ci ildə çap olunan "Yolumuz hayanadır" romanı və bir neçə hekayəsi daxil edilmişdir. Roman Azərbaycanın böyük satirik şairi M.Ə. Sabirə həsr olunmuşdur. Əsərdə şairin son dərəcə keçmə-keçli həyatı və zəngin yaradıcılığı işıqlandırılmışdır. Əsərdəki hadisələr 1908-1911-ci illəri əhatə edir. Bu böyük Sabirin həyatında elə bir dövrdür ki, o, artıq təkçə Azərbaycanda deyil, "Molla Nəsrəddin" jurnalının oxunduğu bütün məmləkətlərdə tanınmışdır.