Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin əməkdaşları BDU-da olublar
Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində olub.
Mirzə Uluqbəy adına Özbək Milli Universitetinin Psixologiya kafedrasının müdiri, professor Dilbər Muxammedova, kafedranın professoru Ruxsora Kudratullayeva, dosent Aziza Turakulova və baş müəllim Diera Xodjakulova fakültə rəhbərliyi və kafedra müdirləri ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin professor-müəllim heyətləri arasında səmərəli fikir mübadiləsi aparılıb, ailə dəyərləri, gender problemləri və psixoloji tədqiqatlar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan və özbək xalqlarının ailə dəyərlərinin ümumi və fərqli cəhətlərinin öyrənilməsi istiqamətində birgə elmi tədqiqatların həyata keçirilməsi barədə razılığa gəliblər.
Fakültə dekanı Rövşən Cavadov qonaqlara bu istiqamətdə görüləcək işlərin perspektivləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ortaq mədəni və mənəvi dəyərlərə əsaslanan elmi əməkdaşlıq iki qardaş xalq arasında elmi və dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Bununla yanaşı, hər iki xalqa xas olan gender problemlərinin tədqiqi bu sahədə birgə tədbirlərin hazırlanması üçün elmi əsaslar yaradacaq.
Səfər çərçivəsində özbək alimlər fakültədə tədris prosesi ilə yaxından tanış olub, tələbələrlə görüşüblər.