Missuri Universitetinin professoru BDU-da genom redaktəsinə dair təlim keçib

13/01/2023

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi ilə  Missuri Universitetinin professoru Binq Yanq Bakı Dövlət Universitetində (BDU) təlim keçib.

Genom redaktəsi texnologiyaları və tətbiqi prinsipləri istiqamətində təqdim edilən təlim BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib. Təlimdə əsas məqsəd genom redaktəsinin ölkə üçün strateji əhəmiyyətli bitki növlərinə tətbiqini həyata keçirmək, bu istiqamətdə tədqiqatçı mütəxəssisləri yetişdirməkdən ibarətdir. Təlimin məqsədlərindən biri də növbəti mərhələdə maddi-texniki bazanın yaradılması, ölkə üçün prioritet olan genom redaktəsi sahəsinin fəaliyyətini təmin edəcək laboratoriyanın qurulmasıdır. 7 gün davam edən  təlimdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin  əməkdaşları, Biologiya fakültəsinin müəllim heyəti və gənc tədqiqatçıları, həmçinin Azərbaycanın elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin müvafiq əməkdaşları iştirak ediblər.

Təlim ərzində BDU-nun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqro Bitki Klinikası (FİTOLAB  Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası), Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Elm Və Təhsil Nazirliyi nəzdində Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. BDU əməkdaşları tərəfindən yaradılmış CRISPR/CAS 9 kasetləri,  birləpəlilərin (buğda, düyü) adaptiv qabiliyyətinin artırılması üçün bu kasetlərdən istifadə  imkanları müzakirə edilib. BDU-nun Biologiya fakültəsinin magistrant və doktorantları, müəllim heyəti,  eləcə də müxtəlif elmi-tədqiqat institutlarının elmi işçilərinin iştirakı ilə “CRISPR əsasında genomun redaktəsi” mövzusunda seminar keçirilib. Eyni zamanda BDU-nun elmi-tədqiqat laboratoriyasında buğda və pambıq bitkisinin yarpaq toxumasından protoplastların ayrılması həyata keçirilib. Daha sonra protoplast izolyasiya işləri tamamlanıb, pambıq və buğda bitkilərinin yarpaq toxumasına tərkibində RUBI kompleksi olan aqrobakteriyaların yoluxdurulması həyata keçirilib. Binq Yanq “CRISPR 101” texnologiyası ilə bağlı da seminar keçirib və FİTOLAB  Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında kriogen texnologiyadan istifadə etməklə bakteriya və plazmidlərin ultra soyuq temperaturda saxlanma (kriokonservasiya) prosesini nümayiş etdirib.

Aparılan nəzəri və praktiki təlimlər nəticəsində birləpəli və ikiləpəli bitkilərin müxtəlif stress amillərinə (biotik - göbələk, bakterial və virus patogenləri, abiotik - duz, radiasiya, quraqlıq və ya digər stresslər) qarşı davamlılığının artırılması  məqsədi ilə CRİSPR/CAS9 kasetlərinin doğru qurulması, vektorların seçimi, mənfi xüsusiyyət daşıyan və transformasiyaya məruz qalan genə uyğun dizayn edilmiş CRİSPR/CAS9 kasetinin hüceyrə kulturasına və toxuma kulturasına yeridilməsi, hüceyrə kulturasının əldə olunması üçün protoplastların ayrılması kimi texnologiyalar təlim iştirakçılarının nəzərinə çatdırılıb.  Əldə olunan bilik və bacarıqlar genom redaktəsinin tətbiqi üçün çox əhəmiyyətlidir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024