Mükəmməl araşdırmanın uğurlu nəticələri

21/05/2014

Azərbaycan  Respublikasının  Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə  Dövlət  Mükafatına təqdim edilmiş A.M.Məhərrəmov və  M.Ə.Ramazanovun  həmmüəllif olduqları "Müasir sensorlar texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi" (fundamental və tətbiqi elmi araşdırmalar, yeni materiallar) (texnika üzrə) adlı iş diqqətimi cəlb etdi.

İş müasir sensorlar texnikası üçün yeni nəsil nanomaterialların alınmasına həsr edilib. Tətbiqi xarakterli bu tədqiqat işi elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiyanın tətbiqi üzrə mükəmməl araşdırmadır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniyaya səfəri zamanı Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab edilən Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanmışdı. Həmin zamandan Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri hesab edilən bu innovasion elm sahəsi üzrə tədqiqat işlərinə start verildi.

Hal-hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində nanoölçülü strukturların sintezi sahəsindəki böyük uğurlar bu materialların geniş miqyaslı sənaye sınaqlarına və tətbiqinə gətirib çıxarmışdır. Nanotexnologiyanın inkişafı nəticəsində müəyyən edilmişdir ki, maddəni təşkil edən hissəciklərin ölçüləri nanometr tərtibində olduqda onların xassələri kəskin olaraq dəyişir və nəticədə maddə massiv materialların malik olmadığı yeni unikal xassələrə malik olur. Hissəciklərin ölçüləri  nanometr  tərtibinə qədər kiçildikcə onların stabilliyi azalır və bu problem də nanomaterialların stabilləşdirilmə texnologiyasının yaradılması zərurətini ortaya çıxarır. Ancaq fiziki və kimyəvi xassələrin nanoölçülü sistemlərdə dəyişməsi bu cür materialların geniş sənaye tətbiqinə də imkan yaradır. Nanoelmin sürətli inkişafı elektronikaya, kompyuter texnikasına, maşınqayırmaya, ekologiyaya, tibbə, kimya sənayesinə bir çox yeniliklər  gətirir. Tibb sahəsində müalicəsi dünənə qədər mümkün olmayan bir sıra xəstəlikləri  nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək asanlıqla aradan qaldırmaq olar. Son zamanlar yeni, elmi tutumlu texnologiyaların işlənməsi hesabına universal xassələrə malik miniatür sensorların hazırlanması istiqamətində böyük uğurlar əldə edilmişdir və bu sahədə nanotexnologiyanın nailiyyətlərindən istifadə etməklə böyük iqtisadi səmərə əldə etmək olar.

Mükafata təqdim edilmiş işlə yaxından tanış olduqdan sonra müəyyən etdim ki, müəlliflər son illərdə ciddi və gərgin araşdırmalar nəticəsində ilk dəfə olaraq aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və sair) alınma texnologiyasının elmi əsaslarını işləmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirmiş,  fiziki- kimyəvi xassələrini tədqiq etlmiş və onların çeviricilər texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada  tətbiq imkanlarını öyrənmişlər. Bu cür unikal xassələrə  malik nanoquruluşlu materialın alınması, stabilləşdirilməsi,  xassələrinin tədqiqi imkan verir ki,  onlar müasir texnikanın müxtəlif sahələrində uğurla tətbiq olunsun. Aparılmış tətbiqi xarakterli fundamental tədqiqat işləri  son zamanlar keçirilən bir sıra nüfuzlu beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilmiş, bu işlər dünya alimləri tərəfindən yüksək qiymətləndirilmiş və böyük maliyyə imkanlarına malik inkişaf etmiş ölkələr tərəfindən qrant layihələri ayrılmış və  həmin layihələr uğurla yerinə yetirilmişdır. Akademik Abel Məhərrəmov və professor Məhəmmədəli Ramazanov tərəfindən yerinə yetirilən bu fundamental tətbiqi işlərin nəticələri öz əksini 2008-2013-cü illərdə (son 5 ildə)  xaricdə nüfuzlu və resenziyalı jurnallarda dərc edilmiş 52 məqalədə tapmışdır. Bu məqalələrdən 36-sı Tomson Reyter Agentliyinin siyahısına daxil edilmiş yüksək İmpact Factora malik jurnallardadır.

2013-cü ilin dekabr ayında isə müəlliflərin "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası yüksək elmi səviyyəsinə və aktuallığına görə ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatı tərəfindən çapa qəbul edilmiş və nəşriyyat kitabın bütün xərclərini üzərinə çəkərək onu çap etmişdir. İftixar hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə  Dövlət Mükafatına təqdim olunmuş tədqiqat işi dünyanın bu istiqamətdə böyük uğurlara imza atmış alimləri tərəfindən də yüksək qiymətləndirilmiş, işlərin elmi və praktik dəyəri barədə öz yüksək qiymətlərini vermişlər.

Kaliforniya Texnologiya institutunun professoru, 1992-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adını almış Rudolf A.Marcus müəlliflərin işlərinə qiymət verərək bildirmişdir ki, mən işin müəlliflərinin  elmi fəaliyyətini əks etdirən materiallarla yaxından tanış oldum. Bu iki görkəmli alim qısa zaman müddətində çoxlu sayda nüfuzlu jurnallarda nano mövzuda məqalələr dərc etdirmiş və bu məqalələrdə nanomaterialların quruluşunun formalaşması, sintezi  və praktik əhəmiyyətini ətraflı təhlil etmişlər.

Mən onlarla tanış olduqdan sonra hesab edirəm ki, bu görkəmli alimlər Azərbaycan Respublikası Dövlət Mükafatına ən layiqli namizədlərdirlər.

İsveçrə Federal Texnologiya İnstitutunun "Mürəkkəb materiallar fizikası" şöbəsinin müdiri, professor Laszlo Forro müəlliflərin işlərinə yüksək qiymət verərək qeyd etmişdir ki, aparılmış tədqiqat işlərinin  nəticəsində müəlliflər geniş  tətbiq imkanlarına malik polimer əsaslı yeni nanokompozit strukturlar almışlar ki, bu cür sistemlər sensorlar texnikası ilə məşğul olan mütəxəssislərin diqqətini cəlb edir.

Hesab edirəm ki, müəlliflər müasir elektron çeviricilər texnikası üçün çox böyük əhəmiyyətə malik materiallar almış və bu materialların tətbiqi imkanlarını araşdırmışlar. Heç şübhəsiz öz elmi-texniki səviyyəsinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa layiqdirlər.

Rusiya Federasiyasının  Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru akademik V.A.Matveyev  iş barədə yazdığı rəydə bildirir ki, kompyuter texnologiyasının və çeviricilər texnikasının sürətli inkişafı yeni nəsil materialların alınması, onların tədqiqi və tətbiqi məsələlərini müasir materialşünaslıq qarşısında  ən aktual problem kimi qoyur və kiçik ölçülü sensorların hazırlanması, miniatür yaddaş elementlərinin alınmasını  yalnız müasir nanotexnologiyanın tətbiqi ilə əldə etmək olar. Müəlliflərin bu istiqamətdə apardığı çox ciddi araşdırmalar uğurlu nəticələrə gətirib çıxarmışdır və bu nəticələr çox nüfuzlu beynəlxalq konfranslarda müzakirə edilmiş və yüksək İmpact Factora malik çoxlu jurnallarda dərc edilmişdir. "Müasir sensorlar texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi" adlı işin yerinə yetirilməsində işin müəlliflərinin böyük elmi- texniki töhfə verdiklərini nəzərə alaraq hesab edirəm ki, onlar Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa ən layiqli namizədlərdir.

İtaliyanın Sapienza Universitetinin Kimya mühəndisliyi fakültəsinin professoru Angelo  Çianese  işə verdiyi rəydə qeyd etmişdir ki, müəlliflərin dərc etdirdiyi çox səviyyəli elmi məqalələrlə tanış olduqdan sonra  məndə heç bir şübhə qalmadı ki, azərbaycanlı alimlərin tətbiqi elmi işləri beynəlxalq səviyyədə Azərbaycan cəmiyyətini təmsil etməyə layiqli işlərdir və hesab edirəm ki, akademik Abel Məhərrəmov və professor Məhəmmədəli Ramazanov  Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa layiqdirlər.

Yunanıstanın Patras Universitetinin "Kimya mühəndisliyi" fakültəsinin professoru Petros G. Koutsoukos Dövlət mükafatına təqdim olunmuş işə verdiyi rəydə bildirmişdir ki, sensorlar texnikası üçün aktiv xassələrə malik nanoquruluşların alınma texnologiyasının elmi əsasları müəlliflər tərəfindən işlənilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər texnikasında, təbabətdə, ekoloji problemlərin həllində və s. sahələrdə tətbiq imkanları öyrənilmişdir və hesab edirəm ki bu işin müəllifləri Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa layiqdirlər.

Türkiyənin Hacettepe Universitetinin "Kimya fakültəsinin Polimerlər və Radiasiya Kimyası laboratoriyasının müdiri, Türkiyə Elmlər Akademiyasının üzvü, professor Olgun Güven iş barədə öz rəyində bildirir ki, BDU-da nanotexnologiya istiqamətində çox ciddi və dünya səviyyəli tətbiqi xarakterli işlər aparılır və bu işlərlə yaxından tanışam. Öz elmi və texniki dəyərinə görə Azərbaycan Dövlət mükafatına təqdim edilmiş "Müasir sensorlar texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi" adlı iş bu mükafatı almağa layiqdir.

Ukrayna MEA-nın akademiki S.A.Firstov təqdim olunmuş işə çox yüksək rəy verərək bildirmişdir ki, müəlliflər dünya elminin prioritet istiqaməti olan nanotexnologiya sahəsində geniş miqyaslı tədqiqat işləri aparmış və böyük uğurlar əldə etmişlər. Onların tədqiqat işlərinin nəticələri ən nüfuzlu jurnallarda dərc edilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qiymət almışlar. Sonda akademik S.A.Firstov qeyd edir ki, bu işin müəllifləri Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa layiqdirlər.

Nanotexnologiya istiqamətində mükafata təqdim edilmiş bu iş AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi Şurasında geniş müzakirə edilmiş və Elmi Şuranın iclasında yekdilliklə qərara alınmışdır ki, Bakı Dövlət Universiteti tərəfindən akademik A.M.Məhərrəmovun və professor M.Ə.Ramazanovun həmmüəllif olduğu  "Müasir sensorlar texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi" adlı iş Azərbaycan Respublikasının Dövlət Mükafatını almağa layiqdir.

Alimlərin həmmüəllif olduqları  "Neft sənayesində nanotexnologiya" adlı elmi iş UNESCO tərəfindən yüksək qiymətləndirilib və bu qurumun "Nanoelm və nanotexnologiyalar.  Həyatı təmin edən sistemlər ensiklopediyası"  kitabında rus dilində  çap edilib. Bu ensiklopediya ilk dəfə UNESCO-nun yardımı ilə ingilis dilində İngiltərənin EOLSS on-layn nəşriyyatı tərəfindən dərc edilib. "Həyatı təmin edən sistemlər ensiklopediyası"nin hazırlanması üçün beynəlxalq komissiya yaradılmış və kitabın nəşri MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə 2011-ci ildə baş tutmuşdur. Kitabın mündəricatı 4 bölmədən ibarətdir: elmi əsaslar,  nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı "  Bakı Dövlət Universitetinin nanomateriallar və nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə rektor  akademik  Abel Məhərrəmova  verilib. Mükafat 20-21 noyabr 2012 tarixlərində Sudanın Xartum şəhərində keçirilən  "Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı"nın çərçivəsində təqdim edilmişdir.  "Elm və Texnologiya sahəsində mükafat" İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat iki ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Bir məsələni də ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, möhtərəm prezident cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel Mükafatı laureatları  Laflin Robert Betts (Fizik), David Gross (Fizik) və Rudolf A.Marcus   (Kimya) 30 oktyabr 2013-cü il tarixində Bakı Dövlət Universitetində olarkən  onların iştirakı ilə  "Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar" adlı "dəyirmi masa" keçirildi.  Dəyirmi masada  "Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri" mövzusunda məruzə dinlənildi. Həmin tədbirin iştirakçısı kimi qeyd etmək istəyirəm ki, dünya şöhrətli alimlər də universitet alimlərinin nanotexnologiya sahəsindəki bu fundamental tətbiqi tədqiqat işlərinə yüksək qiymət vermişlər və qeyd etmişlər ki, Azərbaycanda artıq bu istiqamətdə kifayət qədər formalaşmış elmi məktəb yaranmış və bu məktəbdə görülən işlər dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

Mən də bir alim kimi hesab edirəm ki, A.M.Məhərrəmovun və M.Ə.Ramazanovun həmmüəllif olduqları "Müasir sensorlar texnikası üçün yeni nanomaterialların alınması və tətbiqi) adlı iş Azərbaycan Respublikası Dövlət Mükafatını almağa layiqdir.

 

Adil QƏRİBOV,

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, əməkdar elm xadimi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024