MÜƏLLİMİ XATIRLARKƏN...

24/06/2020

Bu gün Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, qocaman jurnalist Şirməmməd Hüseynovun vəfatından bir il ötür.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti vardır. Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir.

Şirməmməd Hüseynovun tələbələrindən biri, BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun böyük ustada həsr olunmuş "Müəllimi xatırlarkən..." yazısını təqdim edirik:

 

MÜƏLLİMİ XATIRLARKƏN...

Şirməmməd Hüseynov adını hələ uşaq ikən böyüklərimdən eşitmişdim. Onun haqqında yaxşı şeylər danışır, cəsarəti və düzgünlüyündən ağızdolusu bəhs edirdilər. İllər keçdi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Günlərin birində bizə dərs deməli olan Şirməmməd müəllimi canlı görmək nəsibim oldu. O andaca uşaq vaxtı haqqında eşitdiyim şəxsin məhz bu müəllim olması məni bir az həyəcanlandırdı. Mühazirələrinə, söhbətlərinə qulaq asdıqda, dərs keçmək metodunu gördükdə vaxtilə eşitdiklərimin həqiqət olduğunu dərk etdim. Şirməmməd müəllim yaşının çox olmasına baxmayaraq günün nəbzini tuta bilir, mühazirələrini saralmış vərəqlərdən oxumur, elm və texnologiya əsrinə müvafiq maraqlı məlumatlarla auditoriyanı özünə cəlb etməyi ba­ca­rırdı. Onun dərslərində kiminsə sıxıldığı, zəngin tez vurulmasını gözləməsi halla­rına rast gəlinməzdi.

Hamı kimi Şirməmməd müəllimin dərslərinə maraq göstərir, onun əsra­rəngiz mühazirə və söhbətlərilə hər dəfə biliklərimi artırır, dünyagörüşümü geniş­lən­dirirdim. Sonradan ağlıma gəlməyəcək bir hadisə baş verdi: müəllimin seçib bəyəndiyi tələbələrdən birinə çevrildim. Gələcək həyatımı dəyişdirəcək bu hadisə IV kursda baş verdi. Buraxılış işləri mövzuları paylanarkən mən də mövzu seçmək üçün kafedraya yaxın­laş­dım. Seçim imkanım elə də geniş deyildi, gec yaxınlaşdığım üçün az mövzu qalmışdı. Bununla belə, “Yeni iqbal” qəzetinin nəşr tarixi” adlı mövzu diqqətimi çəkdi. Bu mətbu orqanın araşdırılmamış olması və əski əlifba ilə çıxması marağıma səbəb oldu və mövzu üzərində işləməyə başladım. Diplom rəhbərim isə Şirməmməd müəllim idi. Vaxt tamam oldu, işi oxumaq üçün rəhbərimə təqdim etdim. Onu da deyim ki, müəllimin verdiyi plan üzrə işləsəm də onunla əlaqə saxlamamışdım. Nəhayət, o gün gəldi. Müəllim işi oxumağa başladı, demək olar ki, hər cümlədən sonra başını qaldırıb üzümə baxır, yenidən oxuyurdu. Bu vəziyyətdən açığı, bir az narahat olsam da, işin sonunu gözləməli oldum. Rəhbərim işi oxuduqdan sonra aramızda kiçik bir dialoq yaşandı:

- Özün yazmısan bunu?

- Bəli, müəllim.

- Əski əlifbanı bilirsən bəyəm?

- Bəli.

Bir anlıq fasilədən sonra:

- Heç bilirsən neyləmisən?

Çaşqın vəziyyətdə “Nə etmişəm ki?” soruşdum.

- Sən çox tədqiqatçının cəsarət etmədiyi bir işə girişib, müvəffəqiyyətlə onu bitirmisən.

Bu sözlərdən sonra həyəcan yerini sevinc hisslərinə verdi. Şirməmməd Hüseynov kimi bir ustaddan belə sözlər eşitdikdə kim sevinməzdi ki? Beləcə müəllim, öz təbirilə desək məni “kəşf” etdi və buraxılış işimi də uğurla müdafiə etməyim üçün mənə stimul vermiş oldu. Müdafiədə müəllimin məni tərifləməsi auditoriyada hamının təəccübdolu baxışlarını mənə tərəf yönəltdi. Çünki o vaxta qədər yoldaşla­rın­dan elə də fərqlənməyən bir tələbə haqqında Şirməmməd müəllimin xoş sözlər söy­lə­mə­si hər kəsin marağına səbəb olmuşdu. Həmin müdafiə prosesində müəllim təklif etdi ki, təhsilimi magistratura pilləsində davam etdirim. Onu da qeyd etdi ki, “bu uşaqda tədqiqatçılığa həvəs var, onu “arxiv xəstəliyi”nə yoluxdurmaq lazımdır”.

Beləliklə, bakalavriat pilləsini uğurla yekunlaşdırıb, müəllimin də xeyir-duası ilə, təhsilimi növbəti mərhələdə davam etdirdim. İki illik müddətdə ondan ixtisasım haqqında yeni bilgilər, tədqiqatçılıq işində yeni təcrübələr öyrənmiş oldum. Şirməmməd müəllim tez-tez klassik mətbuat xadimlərinin əsərlərindən mətnlər verir, mən də arxivdə onları orijinalı ilə tutuşdurub redaktə edirdim. Xüsusən də hansısa bir səhvi aşkar edəndə sevincək fakültəyə tələsir, müəllimin reaksiyasını səbir­sizliklə gözləyirdim. Onun üzə çıxardığım səhvlərə uşaq kimi sevinməsi hələ də göz­lə­ri­min önündədir. Müəllimin belə reaksiyası, həmçinin məni yoldaş­larıma misal çəkməsi elmə olan həvəsimi birəbeş artırırdı. Bütün bunlar gələcək həyatımda çox karıma gəldi...

2011-ci ildən sevimli universitetimizin Jurnalistika fakültəsində işə qəbul olunduqdan sonra müəllimlə (müəllim-tələbə münasibətləri öz yerində), bu dəfə həm də həmkar kimi çalışmağa başladım. Onun bilavasitə təklifi ilə yaradılmış “Jurnalistika” Elmi tədqiqat laboratoriyasında elmi işçi vəzifəsində işə qəbul olundum. Səkkiz il ərzində onlarla kitabın hazırlanmasında və klassik qəzet nömrələrinin transliterasiya edilib çap edil­mə­sində müəllimlə çiyin-çiyinə fəaliyyət göstərdim. Bakıda fəaliyyət göstərən əksər arxiv idarələrində klassik mətbuat nümunələri üzərində tədqiqat işi apardıq, elmi ictimaiyyətə məlum olmayan yüzlərlə materialın üzə çıxarıl­ma­sı­na nail olduq. Onun tərtib etdiyi kitablarda adımın transliterasiya redaktoru kimi gös­tə­rilməsi hesab edirəm ki, mənim də tarixə düşməyimə vəsilə olacaqdır. 2018-ci ildə nəşr etdirdiyim “I Dünya müharibəsi illərində Azərbaycan mətbuatı” adlı monoq­rafi­ya­mın elmi redaktorunun professor Şirməmməd Hüseynov olması isə mənimçün ayrıca bir fəxarətdir.

Şirməmməd müəllimi mən hər sahədə özümə ustad, müəllim hesab edirəm. Bir çoxlarından fərqli olaraq, onunla həm arxivdə sıx şəkildə çalışmışıq, həm yol yoldaşı olmuşuq, həm də yeməyimizi bölüşmüşük. Bunların hər birində də ondan müəyyən şeylər öyrən­mişəm: piyada gəzməyə üstünlük vermək, yeməkdən dərhal sonra işləməyib 15 dəqiqə piyada gəzmək, yarım saatlıq iş prosesindən sonra fasilə vermək, gözləri bir müddət yaşıllığa zilləmək və s. Ən əsası isə ondan elmə, tədqiqatçılığa həvəs, müəllim peşəsinə sevgi öyrənmişəm. Təsadüfi deyil ki, Şirməmməd müəllimdən öyrəndiklərim fakültədə bir sıra fənlərin tədrisində, xüsusən də “Əski Azərbaycan yazısı" fənnində çox köməyimə gəlir.

Hər dəfə Şirməmməd müəllimin adı çəkiləndə, unudulmaz xidmətləri xatırlananda çoxları onun müqəddəs ruhuna dualar oxuyur, insanlıq zirvəsinə müsbət əməllərinə, elmi xidmətlərinə görə ucalan şəxsiyyəti yad edirlər. Artıq bir ildir ki, professor Şirməmməd Hüseynov cismən bizimlə olmasa da, onun fikir və ideyaları daim bizimlədir.

Ruhun şad olsun, Böyük Ustad!

 

Samir Xalidoğlu (Mirzəyev)

Jurnalistika fakültəsinin sosial məsələlər və

tələbələrlə iş üzrə dekan müavini

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024