ÖMRÜMÜZÜN UNUDULMAZ ANLARI

01/10/2015
Tələbə.. Tələbəlik..  Tələbə-universitetdə təhsil alan  şəxsdir, gələcəkdə hər hansı bir peşədə çalışacaq müəllim, həkim, psixoloq, riyaziyyatçı, fizik, bioloq, kimyaçı, hüquqşünas, jurnalist, coğrafiyaçı, iqtisadçı, tarixçi, tərcüməçi, memardır. Tələbə olmaq, tələbəlik insan ömrünün  əvəzedilməz, yaddaşlardan silinməz dövrüdür. Amma bir həqiqəti də qeyd etmək istərdim ki, ailədə valideynlər övladlarının arzu və istəklərini nəzərə almayaraq, onları  öz arzu etdikləri, görmək istədikləri sahəyə yönləndirirlər. Belə uşaqlar, adətən, avtoritar ailələrin uşaqlarıdır. Demokratik ailələrdə  isə həm övladların fikirləri, istəkləri əsas götürülür və valideynlər tərəfindən müəyyən istiqamətlər, yönləndirmələr olur.

Hər bir tələbə oxuduğu universitetin, auditoriyadakı yerlərin məsuliyyətini daşımalı, layiq görüldüyü tələbə adını doğrultmalıdır.

Mənim də tələbəsi olduğum Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya  fakültəsinin TSPX ixtisasının bütün tələbələri ödənişsiz təhsil alırlar. Hər bir tələbənin gələcəklə bağlı planları, xəyalları, arzuları vardır. Keçirdiyim sorğu nəticəsində tələbə olmaq nə deməkdir?- sualına maraqlı cavablar da aldım. Tələbə həyatda həm acının, həm də sevincin dadını bilməkdir,- söyləyənlər də oldu, arzularla, xəyallarla dolu bir insan olduğunu qeyd edənlər də..

Digər bir cavab daha maraqlı gəldi. “Tələbə arzularının gerçəkləşib-gerçəkləşməyəcəyini bilməyən, lakin buna baxmayaraq, öz istəyindən, arzusundan dönməyən, dağ boyda xəyallar quran insandır”.

Tələbə gələcəkdə istədiyi sahədə çalışmaq üçün addım-addım irəliləyən şəxsdir, gələcəklə bağlı qurduğu planları damla-damla həyata keçirməyə can atandır. Tələbə həm də öz ayaqları üzərində durmağı bacaran şəxsdir.  Bu qeyd olunanları həyata keçirmək üçün ona dəstəyin lazım olduğunu qeyd etməliyəm təbii ki... Bu dəstək onun ailəsidir, yaxınlarıdır, can dostlarıdır.

Valideynlərdən, ailədən uzaq qalmaq - darıxdırıcılıq tələbələrin çox hissəsinin zəif nöqtəsidir,- desəm heç də yanılmaram. Amma bir xüsusiyyəti də nəzərinizə çatdırım ki, valideyn nəvazişindən uzaq olmağın həm müsbət, həm də mənfi tərəfləri vardır. Müs­­bət tərəfi ondan ibarətdir ki,  ailəsindən uzaqda qaldıqda, başqa mühitə düşür, yeni insanlar, dostlar, yoldaşlar qazanır və həyatda çətin də olsa, müəyyən zaman müddətində də olsa, öz ayaqları üzərində durmağı öyrənir. Mənfi cəhəti odur ki, valideyn qayğısından, nəvazişindən kənarda qalır, darıxır.

İstər azərbaycanlı, istərsə də türk tələbələrin təhsil aldığı 1608 b qrupundan sorğu zamanı maraqlı fikirlər aldım. Onların fikrincə, “tələbə yalnız  tələbə vəsiqəsi və müvəffəqiyyət kitabçasına sahib olan şəxs yox, elmə, biliyə xüsusi zövq və həvəs göstərən şəxsdir. Özünü tələbə adlandıran hər bir insan vətəninə, xalqına, dövlətinə, onun rəmzlərinə hörmət etməli, vətəninin rifahı üçün qazandığı bilik və bacarıqları əsirgəməməlidir”. Digər tələbələrin fikrincə, tələbə yeni dostlar qazanan, bəzən müəllimlərin haqsızlığına məruz qalan, təqaüdünü səbrsizliklə gözləyən, həyatını daha mənalı yaşayan şəxsdir”. İnsanın dünyagörüşünün formalaşması məhz bu illərdə formalaşır.

Tələbə olmaq həyatımın ən doğru seçimidir,- söyləyən tələbələr də oldu. Tələbələrin fikirləri olduqca maraqlı və çoxdur. “Tələbəlik xəyallarıma qovuşmağımın ilk addımlarıdır. Tələbəlik bəzən şıltaqlığı, bəzən də çətinliyilə yadda qalan illərdir,-deyən tələbələr də oldu, yeni həyat, sevinc, özündən qeyri-adi gözləntilərdir, nələrinsə sonu, nələrinsə başlanğıcıdır. Bir qədər azadlıq, dərslərin çoxluğu, imtahan vaxtı stress..,- söyləyən tələbələr də oldu.

Tələbəlik orta məktəbdə təməli qoyulmuş bilik və bacarıqlarının daha yüksək səviyyədə inkişafıdır. “Tələbəlik mənim həyatımın ən doğru seçimidir,-deyə düşünən tələbələr də vardır.”

“Tələbəlik məqsədlərimə çatmaqda istədiyim fərqli bir həyat üçün atdığım ən uğurlu addımımın demək olar ki, ilk mərhələni təşkil edən bir simvoldur.”

Tələbə olmaq məsuliyyəti dərk etməkdir. Tələbə olmaq asılılıqla sərbəstlik arasındakı sərhəddi, fizioloji dəyişmələri tamamlayıb, psixoloji dəyişmələrə yer verməkdir. Tələbəlik gələcəyin üçün bir zərrə qədər əmək qatmaqdır. Tələbə olmaq həm çox şeydir həm də az şey. Hələ gələcək deyil, amma gələcəyin açarıdır. Uğurların başlanğıcıdır.

Tələbə cəmiyyətin bir üzvüdür. Elə bir üzvüdür ki, özünü tanıtmağa, yenicə addımlamağa cəhd göstərir.Yeni biliklər öyrənməyə, gələcəyini işıqlandırmağa can atır. Öz həyatında daim fəallıq edir. Yeni mühitə düşür və ona  uyğunlaşmağa çalışır. Professorlar, yüksək savadlı müəllimlərlə dolu bir ocaq... Ətrafındakılarından seçilməyə maraq göstərir. Öz gələcək həyatını təmin etmək üçün ilk uğurlarını qazanmağa çalışır. Yeni dostlar və yeni insanlar... Həyatını dəyişir. Yeni kiçik dünyası böyüyən bir insana çevrilir, çətinliklərlə rastlaşır, həm ünsiyyətdə, həm dərslərdə, həm də yeni münasibətdə. Maraq dairəsi, dünyagörüşü genişlənir. Gördükləri onun yaşını və fikirlərini də böyüdür. Və o cəmiyyətdə özünü möhkəmlətmək strukturunu həyata keçirməyə çalışır. Gələcəyi üçün təməl qoymağı reallaşdırmağa çalışır.

Tələbə universitetə qəbul olarkən, sanki qiymətli bir qab qazanmış olur. Sonrakı illərdə isə o qabı öz elmi ilə, savadı ilə, düçüncə tərzi ilə, dünyagörüşü ilə doldurmağa çalışır. Sadalanan bütün müsbət fikirlər nəinki tələbəlik illərində, insanın yaşadığı müddətdə ona sanki həyat dərsi olur, cəmiyyətdə özünə layiqli yer tutmasında böyük köməklik göstərir. Hər bir tələbəyə bu məsuliyyətli, çətin, bir o qədər də maraqlı olan illərində uğurlar arzulayır, öz istəklərindən dönməməyi, iradəli olmağı arzulayıram. Gəlin unutmayaq ki iradəli olmaq, özümüzə güvənmək arzularımıza hər gün bir addım da yaxınlaşmaqdır.

Sosial elmlər və Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi,
Qasımova  Fatiməxanım Əzizağa qızı

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024