Ömrün 75 anı

26/12/2017

Kafedramızda bir müəllim var… Nüfuzlu alim sözünə, dilçilik tarixinin və təfəkkürünün ən fundamental məsələlərinin izahına, elmi konsepsiya və nəzəri ümumiləşdirmə tələb olunan problemlərin həllinə ehtiyacımız olduğu zaman kömək üçün ilk  ağlımıza gələn həmişə o olur. Kafedramızın dayaq sütunlarından biri, fakültəmizin sayılan-seçilən müəllimlərindəndir o. Söhbət İsmayıl Teymur oğlu Məmmədovdan gedir.

İsmayıl müəllim istər kafedrada, istərsə də fakültədə “söz sahibi”dir. Bu söz bəzən kəskin də ola bilir. Qətiyyətli adam olduğundan hər işdə dəqiqliyi sevir və hər cür “yarımçıqlığ”a, qeyri-müəyyənliyə qarşı çıxır. Zahirən sərt görünsə də, əslində, yumşaq bir ürəyə sahibdir İsmayıl müəllim. İsmayıl müəllim çoxlarının xeyirxahı olub. Çox zaman ehtiyacı olana xahiş gözləmədən  öz köməyini təklif edib. Xahiş istəmədiyi kimi təşəkkür də gözləməyib. Bəziləri kimi üzəvarı danışmaq,  xoşa gəlməyə çalışmaq onun xarakterinə yaddır. İsmayıl müəllim son sözünü ilk deyən insanlardandır, lakin onun ilk sözü həm də son sözüdür, çünki İsmayıl müəllim prinsipial mövqe sahibidir.

İsmayıl Məmmədov “Akademiya məktəbi” keçib. Bu, onda elmi təfəkkür, nəzəri hazırlıq və tədqiqatçılıq səriştəsi formalaşdırıb. Eyni zamanda, İsmayıl müəllim “Universitet məktəbi” keçib, uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, filologiya fakültəsində qiyabi şöbə üzrə dekan, fakültə Metodiki Şurasının sədri, fakültə Elmi Seminarının rəhbəri olub. Amma əminliklə demək olar ki, İsmayıl müəllimin özü bir məktəbdir. Çevik düşüncə, dəqiq ifadə tərzi, geniş təfəkkür diapazonunu öyrənmək üçün bir məktəb. Kafedramızın əməkdaşlarının çoxu özünü bu məktəbin yetirmələri hesab edir.

İ.Məmmədovun elmi fəaliyyəti, əsasən, leksika məsələlərini əhatə edir. “Azərbaycan dilində qrammatik sinonimlik” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İ. Məmmədov sonralar da bu sahə üzrə araşdırmalarını davam etdirmiş, “Azərbaycan dilində qrammatik sinonimlik”, “Azərbaycan dili semasiologiyasına giriş”, “Azərbaycan dilində sinonimlər lüğəti”, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”, “Azərbaycan dilinin semantikası” kimi dəyərli əsərlər yaratmışdır. İsmayıl müəllim EA-nın Dilçilik İnstitutunun çapdan çıxardığı 3 cildlik “Müasir Azərbaycan dili” əsərinin və Bakı Slavyan Universitetinin nəşr etdiyi “Azərbaycanşünaslığa giriş” kitabının əsas müəlliflərindən biridir. Ümumilikdə, İsmayıl müəllim 9 monoqrafiya və dərs vəsaiti, 2 lüğət, bir neçə metodik göstəriş və fənn proqramı, 100-dən artıq elmi məqalənin müəllifidir. O, Moskva, Alma-Ata, Kayseri, Ankarada elmi konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik məktəbini layiqincə təmsil etmişdir. Uzun illər AAK-ın Dilçilik üzrə Respublika Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. İsmayıl müəllim “Azərbaycan dilinin semantikası” adlı fundamental monoqrafiyası ilə semasiologiya sahəsində sanballı alim sözünü desə də, doktorluq dissertasiyasını müdafiə etməyi lazım bilməyib. Məlum həqiqətdir ki, müdafiə bir qədər “kağız-kuğuz işi”dir. Gərəkli prosedurların yerinə yetirilməsi təbiətindəki hövsələsizliklə bir araya sığmayan İsmayıl müəllim deyir ki, “O əsəri ona görə yazdım ki, hamı bilsin ki, yaza bilirəm. Müdafiə etmək isə vacib deyil”. Professorluq həvəsində olmasa da, tələbələri və həmkarları ürəklərində ona bu adı çoxdan veriblər. El arasında “professor” sözü çox ağıllı, bilikli adam mənasında işlədilir. Deməli, İsmayıl müəllim əsl professordur.

İsmayıl müəllimin 75 yaşı tamam olur. Bu, ömrün müdriklik çağıdır. İsmayıl müəllimin özünəməxsusluğu ondadır ki, o həm müdrik ağsaqqal, həm də çox müasir təfəkkürə sahib bir insandır. Çox zaman hansısa yığıncaqda – kafedra iclaslarında, müzakirələrdə ən yeni elmi tədqiqatlar, müasir nəzəriyyə və istiqamətlər haqqında məlumatlılığı ilə bizi təəccübləndirən də İsmayıl müəllimdir. İsmayıl müəllim zamanla ayaqlaşır, uzun illərin təcrübəsi ilə kreativ düşüncənin sintezi onu daim diqqət mərkəzinə çevirir, maraqlı müsahib, etibarlı məsləhətçi edir.

İsmayıl müəllim yaşına meydan oxuyur. Həmişə dəblə geyinən, yaxşı fiziki formada olan İsmayıl müəllim yaşadığı illərin yükünü şərəflə daşıyır, öz yolu, öz cığırı ilə irəliləyir. Biz, onun həmkarları və yetirmələri də böyüyümüz və ağsaqqalımız olaraq ona arxalanır, onun arxasınca addımlayırıq. İstəyirik ki, onun getdiyi elm yolunun yolçuları artsın, çoxalsın. Hörmətli müəllimimizə bu yolda uğurlar, həyatında xoş günlər diləyirik. Arzu edirik ki, İsmayıl müəllim uzun ömür yaşasın, hər zaman indiki gənclik enerjisi ilə işləsin, yaratsın. İllərin yorğunluğu, həyatın qırğınlığı ondan uzaq olsun. Hər zaman üzü də, qəlbi də gülsün.

Təbrik edirik!

Mehriban Əlizadə

Azərbaycan dilçiliyi kafedrasının baş

müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024