BDU jurnalistika fakültəsinin tələbələri arasında keçirilən “Mənim imzam” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

02/12/2014

“Mənim imzam” layihəsinin əlaqələndiricisi Rəşid Mustafazadə bildirib ki, jurnalistika fakültəsi tələbə-müəllim heyətinin təşkilatçılığı və Bakı Dövlət Universiteti tələbə həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə başlayan və artıq bir aya yaxın davam edən “Mənim imzam” müsabiqəsinin ilk nominasiyası sosial mövzuda ən yaxşı foto olub.

Universitetdə təşkil olunan ilk mükafatlandırma mərasimində jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli, “Mənim imzam” layihəsinin rəhbəri, dekan müavini Əli Hacıyev, BDU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov çıxış edərək tələbələr arasında keçirilən müsabiqələrin əhəmiyyətindən danışıblar.

Filologiya elmləri doktoru, Əməkdar Jurnalist Şamil Vəliyev “Mənim imzam” layihəsini ərsəyə gətirənlərə təşəkkürünü bildirərək, tələbələrə uğurlar arzu edib.

Jurnalistika fakültəsi əməkdaşlarının və tələbələrinin yüksək maraq göstərdikləri tədbirdə müsabiqə boyu göndərilmiş fotolardan hazırlanmış çarx nümayiş olunub.

“Mənim imzam” layihəsi haqqında geniş məlumat verən Əli Hacıyev tələbələri növbəti nominasiyalarda da fəal iştirak etməyə səsləyib.

Professor Cahangir Məmmədli gələcəyin jurnalistlərinə uğurlar arzulayıb və növbəti nominasiyanın mükafat fondunun formalaşdırılmasına kömək edəcəyini qeyd edib.

BDU tələbə həmkarlar ittifaqı komitəsinin sədri Daşqın Qənbərov universitet rəhbərliyinin tələbələr üçün yaratdığı şəraitdən söz açaraq, gələcəkdə də onların bütün təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Əməkdar jurnalist, professor Nəsir Əhmədli öz növbəsində Bakı Dövlət Universiteti jurnalistika fakültəsi tələbələrinin son vaxtlar dövri mətbuatda fəal çıxış etmələrini təqdirəlayiq hesab edib.

Daha sonra I, II və III yerlərin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Beləliklə, “Mənim imzam” adlı fotomüsabiqədə III kurs tələbəsi Orxan Səfərli, II kurs tələbəsi Qoşqar Bəylərov və I kurs tələbəsi Loğman Kamranlı müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Xatırladaq ki, “Mənim imzam” layihəsi yalnız BDU-nun jurnalistika fakültəsinin tələbələrinə bacarıqlarını nümayiş etdirmək üçün şans yaradır. Hər ay müxtəlif nominasiyalar üzrə fakültə daxilində müsabiqə elan olunur və müsabiqə müddəti ərzində həm müəllim, həm tələbə heyəti, eyni zamanda, nominasiyadan asılı olaraq peşəkarlar arasında səsvermə keçirilərək qalib müəyyən olunur.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2014-cü il.


Xəbərlər

Dövlətə və xalqa xidmət, sevgi simvolu

Dövlətə və xalqa xidmət, sevgi simvolu
10/05/2024

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi

BDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə kitab sərgisi
10/05/2024

BDU-da “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir

BDU-da “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir
10/05/2024