"Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfransın plenar iclası keçirilib

26/04/2023

"Gülüstan" sarayında Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfransın plenar iclası keçirilib.
Milli Məclisin (MM) deputatı, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərovun moderatorluğu ilə baş tutan plenar iclasda əvvəlcə MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynovanın "Ulu Öndər Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin memarıdır" mövzusunda məruzəsi dinlənilib. Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə  göstərib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır.
BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli "Heydər Əliyev və enerji siyasəti" mövzusunda məruzəsində isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, ölkənin davamlı inkişafını təmin edib. Mühəndislik möcüzəsi sayılan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ideya müəllifi də məhz Ulu Öndər Heydər Əliyevdir: “Ümummilli Liderin enerji siyasəti sahəsindəki ideyaları hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib. “Əsrin müqaviləsi” imzalanandan bəri "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan toplam 4,2 milyard barel neft hasil olunub. Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 167 milyard ABŞ dolları məbləğində vəsait daxil olub. Mənfəət neftinin satışından əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür”.
Sonra MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov "Hüquqi dövlət və hüququn aliliyi anlayışlarının müqayisəli təhlili" mövzusunda məruzə edib. Bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilib.
İsrailin Key Pedaqoji İnstitutunun prorektoru Mark Applebaum "Azərbaycan-İsrail əlaqələrinin tarixinə səyahət" adlı məruzəsində bildirib ki, Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə biliblər.  O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğundakı xidmətlərini vurğulayıb, onun İsrail-Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, dostluq əlaqələrinin qurulması və möhkəmlənməsindəki xidmətlərindən bəhs edib. Xüsusi vurğulayıb ki, İsrail və Azərbaycan əlaqələri iqtisadiyyatla yanaşı, siyasi və hərbi sahədə də uğurla davam etdirilir.
Plenar iclasda MM-in komitə sədri Sadiq Qurbanov “Heydər Əliyev – zamandan uca insan”, MM-in deputatları - BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi”, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi”, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncənin sosial-iqtisadi və ictimai-mədəni inkişafı”, Elman Nəsirov “Heydər Əliyevin milli azadlıq missiyası: strateji baxış və liderliyin təhlili”, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: iqtisadi tərəqqiyə və hərbi qələbəyə aparan böyük siyasət”, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyevin siyasətinin Azərbaycanın davamlı inkişafına təsiri: sistematik baxış”, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti, əbədiyaşar dəyəridir”, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru, Şifahi xalq ədəbiyyatı kafedrasının müdiri Səhər Orucova “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” mövzusunda məruzələr ediblər.
Qeyd edək ki, konfrans öz işini sabah bölmə iclasları ilə BDU-da davam etdirəcək. Ümumilikdə 3 bölmədə 110-dan çox məruzə dinləniləcək.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024