Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər

10/08/2020

BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır

Dörd il əvvəl başladıqları yolu bu gün onlar fərqlənərək bitirirlər. Artıq seminarları, həyəcanlı imtahanları, ev tapşırıqlarını, kurs işlərini, sərbəst işləri və daha nələri geridə qoyub yeni bir başlanğıcın astanasındadırlar. Onlar Azərbaycanın ilk ali təhsil ocağı, təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin fərqlənmə diplomu ilə bitirən məzunlarıdır. Bugünkü məzunlarımız da kövrək notlarla məzunu olduqları fakültəni başa vurdular. Qarşılaşdıqları çətinliklər onları heç vaxt ruhdan salmadı. BDU yeniliklərə açıq olan, müasir metod və texnikalara malik, ölkəmizin bütün sahələrdə tərəqqisinə töhfə verməyə qadir, yararlı mütəxəssislər yetişdirdi.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi mütamadi olaraq tələbə və məzunların fikir və təəssüratlarını ictimaiyyətə təqdim edir. Bugünkü mövzumuzun, sözün həqiqi mənasında, qəhrəmanları Bakı Dövlət Universitetini bu il fərqlənmə diplomu ilə bitirən məzunlarından bir neçəsidir.

Fizika fakültəsinin məzunu Dilarə Piriyeva: BDU-da təhsil almaq uşaqlıq xəyalım olub. Orta məktəb illərində hər il televiziya ekranlarından BDU-da keçirilən məzun gününü izləyəndə o hissləri doğrudan da yaşayırmış kimi qəribə bir həyəcan keçirirdim. Nəhayət, 2016-cı ildə 561 balla Fizika fakültəsinin fizika ixtisası üzrə ingilis bölməsinə daxil oldum. İlk dərs gününü səbirsizliklə gözləyirdim, yeni insanlar, yeni müəllimlər, yeni və fərqli mühit... Fakültəmizdə təşkil olunan Ali məktəb tələbələrinin Respublika elmi konfransında iştirak edib, “Ən yaxşı tələbə tədqiqat işi”nə görə diplomla təltif olunan tələbələr sırasında olmuşam. II kursda oxuyarkən BANM-da təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş “Respublika Tələbələrin Elmi Texniki Konfransı”nda I dərəcəli diploma layiq görülmüşəm. Universitet həyatımın maraqlı keçməsində TEC, TGT, THİK kimi tələbə təşkilatlarının da böyük rolu olub. Tələbə Elmi Cəmiyyətində zamanlarda tələbələrin elmə olan marağını artırmaq məqsədilə, elmi seminarlar, konfranslar və layihələr təşkil etmişəm. Fakültəmizi müxtəlif yarışlarda, təhsil sərgilərində təmsil etmişəm. Universitetimizin 100 illiyinə həsr olunmuş tədbirdə Fizika fakültəsini təmsil edən heyətin üzvü olmuşam. Bütün bunları qeyd etməkdə məqsədim, universitet tələbələrinin və tələbə adını daşıyacaq abituriyentlərin elmi tədbirlərə vaxt ayırmalarının vacibliyini vurğulamaqdır. Sevdiyiniz ixtisas üzrə təhsil alırsınızsa, bütün çətinliklərin öhdəsindən gələ bilirsiniz.

Jurnalistika fakültəsinin məzunu Nərmin Məmmədova: Dönüb arxada qoyduğum dörd ilə baxdığım zaman hər anını doya-doya yaşadığımın fərqinə varıram. Bakı Dövlət Universitetinə qəbul olmaq mənim uşaqlıq arzum idi. Məktəb illərində hər zaman mənə hansı peşəyə yiyələnmək istədiyimi sual verdiklərində, mən ağız dolusu “Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olacam” deyirdim. Nə xoş ki, bu arzu indi bir xatirəyə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq böyük qürurdur, yaxşı ki, mən də BDU-nun məzunuyam! Universitetimizin tələbəsi və məzunu olan hər kəsə, xüsusilə jurnalist ixtisasını bitirlənlərə hər yerdə yaşıl işıq yanır. Fərqlənmə diplomunu əldə etməyi çox arzulayırdım. Dörd ilimi hər zaman oxuyaraq, çalışaraq, müəllimlərimin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olaraq başa vurmuşam. Hər semestrdə özümlə yarışırdım desək, lap yerinə düşər. İmtahan nəticələrimi yüksək tutmağa, akademik göstəricimdə hər zaman irəliləyiş əldə etməyə çalışırdım. Çətin, məsuliyyətli, əyləncəli və ən əsası təcrübələrlə dolu dörd il idi...

Bakı Dövlət Universitetində ixtisasım üzrə aldığım təhsil digər universitetlərdəkindən xeyli fərqlənirdi. Bunu digər tələbə dostlarımla danışarkən, həm də öz müşahidələrim əsasında müəyyən edə bilirdim. Mən ixtisasımla bağlı hər zaman uğur qazanmışam. Fakültəmizdə mütəmadi şəkildə tədbirlər, seminarlar, təlimlər təşkil olunurdu. Peşəkar media nümayəndələri ilə tez-tez bir araya gəlir, onlardan yeni-yeni biliklər öyrənirdik. Jurnalistika fakültəsinin təşkilatçılığı ilə,  bu cür tədbirlər və seminarlar çox keçirilirdi. Tələbəlik illəri unudulmaz olur deyirdilər, elə imiş. Dostlarımla birlikdə yaddaşımıza həkk olan yüzlərlə xatirəmiz var: qrup yoldaşlarım, fakültə tələbələri ilə keçirdiyim hər gün mənə görə yaddaqalan idi – akt zalında quruluş verdiyimiz tamaşalar, tele-radio studiyasında ərsəyə gətirdiyimiz verilişlər, layihələr. Hazırda Baku TV-də xarici xəbərlər departamentində müxbir kimi çalışıram. Dörd il ərzində nəzəri cəhətdən öyrəndiklərimin təcrübədə tamaşaçıya təqdim edə bilmənin qürurunu yaşayıram. Karyerama fokuslanmaq və bu yolda uğur əldə etməyi planlayıram. İnanıram ki, məndə alınacaq.

Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmli: BDU-ya olan sevgim hələ universitetə qəbul olmamışdan qabaq yaranmışdı. Qəbul olacağım universiteti, gələcək tələbəlik həyatımı düşünərkən hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçiminin əminliklə BDU oldu. Universitetdə tam 6 il, 4 il bakalavr, 2 il isə magistratura pilləsində təhsil aldım. Tələbəlik illəri mənə təkcə elm, savad qazandırmadı. Eyni zamanda bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz rol oynadı. Məncə hər bir insanın həyatında universitet illərində qazandığı təcrübəni heç nə əvəz edə bilməz.

Tələbəlik illərində aktiv sosial həyat da vacibdir. Bu baxımdan BDU-da tələbələr üçün əlverişli şərait yaradılıb. Mən də bir çox seminarların, tədbirlərin iştirakçısı olub, müxtəlif sertifikatlar əldə etmişəm. Universitetimizdə Qazaxıstandan, Türkiyədən gələn tətqiqatçılar və tələbələrlə elmi mübadilələr aparmışıq. İmtahan sessiyalarında böyük səylə çalışan tələbələr hər zaman yüksək qiymətləndirilir. Magistraturaya qəbul olmağa qərar verdikdə isə düşündüyüm tək məqam vardı: qəbul imtahanında yüksək bal toplamaq və yenidən BDU-nu seçmək. Çox şükürlər olsun ki, 2018-ci ildə tarixçi ixtisası üzrə qəbul imtahanında respublika üzrə ən yüksək balı (117)  toplayıb yenidən BDU-ya daxil oldum. Magistr illərim də bakalavr illəri qədər maraqlı və məhsuldar keçdi. Öyrəndiklərimi möhkəmləndirib, biliklərimi daha da genişləndirdim və fərqlənmə diplomuna layiq görüldüm.

Abituriyentləri məhz BDU-nu seçməyə dəvət edirəm. Respublikanın qocaman ali təhsil ocağının onlara istədikləri və gözlədikləri təhsili verəcəyindən əminəm.

Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Samirə Məmmədli: Bakı Dövlət Universiteti mənə ixtisasım üzrə lazımi bilik və təcrübələr verdi, ziyalı professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaratdı, yaxşı dostlar qazandırdı. Təhsil aldığım ixtisas üzrə bir neçə müəssisədə təcrübədə olmuşam. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə  məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübi tərəfin öyrənmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilmiş tədbirlər Universitet həyatımı daha da rəngarəng edib. 2020-ci ildə Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Magistraturada təhsil aldığım müddətdə bakalavrların dərs prosesində iştirak edərək pedaqoji təcrübə toplamışam. Bu proses biliklərimi təkrarlamaqda və möhkəmlətməkdə mənə çox kömək olub.

Ölkənin ən nüfuzlu Universiteti olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək həqiqətən də çox qürurvericidir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə göyə sığmadıq. Bu gün Universiteti fərqlənmə ilə bitirməyin qürurunu yaşayıram.

Hüquq fakültəsinin SABAH qrupları məzunu Sevinc Sadıqova: Unudulmaz tələbəlik illərini Bakı Dövlət Universitetində keçirmək çox sevindiricidir. Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağımda əsas rol oynadı. SABAH qruplarında yaradılan imkanlar, müəllim kollektivi və qrup yoldaşlarımızla rəqabət mühiti oxumağa daha da həvəsləndirirdi. Tələbələrin əksəriyyəti kimi seminarlara, imtahanlara hazırlaşmaq, sərbəst işlər yazmaq üçün çox çalışmışam. Təhsil aldığım müddətdə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişəm. Tələbə “Hüquq” jurnalının icraçı redaktoru vəzifəsində çalışaraq bu sahənin incəliklərini öyrənmişəm. İmitasiya məhkəmə müsabiqələrində iştirak edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində çalışmışam.

Gələcəyin ədalətli, savadlı hüquqşünaslarından biri olmaq istəyirəm. Xüsusən Azərbaycan Respublikasının dövlət strukturlarında çalışmaq ən böyük arzumdur. Mən hər zaman fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.

Geologiya fakültəsinin məzunu Elnur Qasımov: Danılmaz faktdır ki, 100 illik tarixi olan Bakı Dövlət Universiteti dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə layiqli töhfə verən yüzlərlə tarixi şəxsiyyətlər yetişdirib. Təhsilimin bakalavr və magistratura pilləsini BDU-da başa vurmuşam. Əlbəttə ki, belə böyük tarix yazmış bir universitetdən məzun olmaq mənin üçün də şərəfdir. Universiteti fərqlənmə diplomu ilə bitirmək çox az sayda tələbəyə nəsib olur. Bunun üçün gündəlik dərslərdə iştirak edib, standart tapşırıqları həll etmək kifayət etməz. Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm, üçüncü kursdan etibarən AMEA-nın Geologiya və Geofizika İnstitutunda böyük laborant vəzifəsində çalışmağa başladım. Tələbə kimi AMEA-da çalışmaq mənim üçün çox böyük uğur idi. Çalışmağa başladığım andan etibarən çoxsaylı respublika və beynəlxalq konfranslarda iştirak edib beynəlxalq sertifikatlara, SOCAR-ın Fəxri fərmanına layiq görülmüşəm. Əlavə olaraq SOCAR-ın 2019-2020-ci il üzrə “Daxili Təqaüd Proqramı”nın qalibi və 2019-cu il “Yay məktəbi”nin iştirakçısı olmuşam. Bütün bu sadaladığım uğurlarımda Bakı Dövlət Universitetinin rolu danılmazdır.

İxtisasıma marağım çox böyükdür. Bu səbəbdən istəyirəm gələcəkdə doktoranturaya daxil olub elmi fəaliyyət göstərim. BDU-da təhsil aldığım müddət ərzində müəllimlərimin elmi biliklərə yiyələnməyimdə əvəzsiz rolu oldu. Onların hər birinə minnətdarlığımı bildirir, hazırda BDU-də təhsil alan tələbələrə müvəffəqiyyətlər arzu edirəm.

Biologiya fakültəsinin məzunu Səkinə Rzayeva: Bakı Dövlət Universiteti 4 il ərzində mənə mükəmməl dostluqlar, məzun olduqdan sonra da ünsiyyətimizin davam edəcəyi müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırdı. İkinci kursdan etibarən Bitki fiziologiyası kafedrasında aparılan elmi təcrübələrə qoşuldum, elmi konfransda çıxış etdim. Üçüncü kursda oxuyanda “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. Bakı Dövlət Universitetindən fərqlənmə diplomu ilə məzun olmaq  qürurverici hissdir. Bunun üçün mənə dərs deyən professor-müəllim heyətinə sonsuz minnətdaram. Çəkilən əziyyət heç zaman yerdə qalmır. Mən çox şanslıyam ki, Bakı Dövlət Universitetinin məzunuyam.

Biz də BDU ailəsinin bir üzvü olan bütün məzunlarımıza uğurlar arzu edirik. Əminik ki, hər zaman Bakı Dövlət Universitetinin onlara qazandırdığı bilik və bacarıqları daha da təkmilləşdirərək vətənimizin, ölkəmizin inkişafında böyük səylə çalışacaqlar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024