İmtahanlara hazırlıq: Psixoloq və həkim məsləhəti

21/01/2020

İstər psixoloji, istər zehni, istərsə də fiziki baxımdan imtahana hazırlıq maksimum diqqət və doğru yanaşma tələb edir. Belə olduqda uğurlar daha əlçatan olur. Pedaqoqlar tədris materialının hər zaman vaxtında oxunmasını, həkimlər tədris prosesində zehni iş qabiliyyətini lazımi səviyyədə saxlamaqdan ötrü normal qidalanmanı və yuxu rejiminə əməl edilməsini, psixoloqlar isə arzu edilən nəticəni əldə etmək üçün daimi gümrahlığın, yorulmadan hazırlığın təmin edilməsini və vaxt bölgüsünə düzgün əməl edilməsini məsləhət bilirlər.

Bəs tələbələr necə, bütün bu deyilənlərə əməl edirmi və ümumiyyətlə onların imtahana hazırlıq prosesləri necədir?

Uğurun açarı insanın iradəsindən asılıdır

Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Səkinəxanım Məmmədova hesab edir ki, hər bir tələbənin imtahana hazırlıq səviyyəsi semestr ərzində bəlli olur. Əgər semestr müddətində seminarlara hazırlaşıb, dərslərə cavab verirsənsə, nəticə olaraq faydasını imtahanlarda görəcəksən. S.Məmmədova təkcə bununla kifayətlənmir. O, mühazirələrlə bağlı müxtəlif ədəbiyyatlara, kurs işlərinə və müxtəlif internet materiallarına müraciət edir: “Jurnalistika fakültəsinin ingilis dili bölməsində təhsil alan tələbələr üçün dərs vəsaiti azdır. Bu məqamda seçim arasında qalırsan - ya əlindəki materialı “əzbərləməli”, ya da internetdən mövzu ilə bağlı axtarış edib daha aydın və lakonik material tapmalısan. Birinci variant heç vaxt seçimlərim arasında olmayıb. İmtahan ərəfəsində ilk dəfə, sözün əsl mənasında, “gecə yatmadan oxuduğum” fənn sosial psixologiya idi. Mövzu və material çətin idi, nəticə isə əla oldu.

Səkinəxanımın özünə daha yaxın bildiyi bir şüarı var: “İnan və bacar” (Believe and do). Psixoloji olaraq bir işə başlamamışdan əvvəl “onu mütləq əldə edəcəm, o mənimdir” kimi ifadələrlə özünü həm ruhlandırır, həm də məqsədinə doğru irəliləyən zaman məsuliyyətini dərk etmək üçün vasitə kimi istifadə edir. Və elə bu anda psixoloji qələbə öz işini görür: “Təbii ki, əmək sərf edib nəticəsini gördüyün işlər xüsusi motivasiya verir. Psixoloji olaraq şüuraltına ötürdüyümüz mesajlar isə istər-istəməz gördüyümüz işlər və hərəkətlərimizdə özünü büruzə verir”.

S.Məmmədova uğurun açarının insanın iradəsindən asılı olduğunu düşünür: “Birinci kursun birinci semestrini bitirib sessiya imtahanlarına hazırlaşırdıq. Ümumilikdə altı fəndən imtahan verməliydik. İlk beş imtahandan “A” almağıma baxmayaraq, sonuncudan “B” ilə qiymətləndirildim. Əlbəttə, bu, heç də yaxşı anlar deyildi. Birinci kursda oxuduğum üçün işimi Qərargahda yenidən yoxlamaya verməkdən də çəkindim. Lakin bu nəticənin digər imtahanlara cüzi olsa da belə təsir etməsinə icazə vermədim. Digər imtahanlarımın qeyri-ixtisas fənləri olmasına baxmayaraq, sessiyanı “Fakültə birincisi” kimi ən yüksək balla başa vurdum. Əslində çox şey insanın özündən və iradəsindən asılıdır. Unutmayın ki, inandığınız qədər bacaracaqsınız. Və mən artıq sonuncu kursun son imtahanlarını verirəm. Bu illər ərzində üzərimdə əməyi olan müəllimlərimə dərin təşəkkürümü bildirir, hər birinə uzun, mənalı ömür, can sağlığı arzu edirəm”.

Hətta özüm də şokdaydım ki, yəni bu mənəm?.

Şəbnəm Abdullayeva Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsidir. Bildirir ki, 2-ci kursda imtahanları çətinləşdiyindən bu, müəyyən qədər qorxu və stressin yaranmasına səbəb olub: “İmtahanlara gedərkən özümü pis hiss edirdim, təşviş hissləri keçirirdim. İmtahanlara valideynlərim aparırdı. Hətta imtahanlardan birinə girə bilməmiş, sonradan iştirak etmişdim. Çətinliklə də olsa 2-ci kursu başa vurdum. 3-cü kursun 1-ci semestrində bizə Psixologiya dərsi keçirildi. Müəllimimiz Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova idi. İlk dərsdə müəlliməyə yaxınlaşaraq kömək etməsini istədim”. Şəbnəm danışır ki, müəllim ilə seanslara başlayıb və ilk vaxtlardan irəliləyişlər müşahidə edib: “Mən artıq özümü çox yaxşı hiss edirdim. Bu semestr imtahanlarımız başlayanda hər ehtimala qarşı psixoloq-müəllimimdən bir sıra məsləhətlər də aldım. Yanvarın ayının 10-da ilk imtahanımız idi. İmtahana rahatlıqla getdim və həyacan olmadan cavabları yazdım. Hətta özüm də şokdaydım ki, yəni bu mənəm?.Qrup yoldaşlarım belə məəttəl qalmışdılar.

Bir fənnin və fənn müəlliminin məni bu qədər dəyişəcəyini ağılma belə gətirə bilməzdim.

Musiqi və bir qaşıq bal

Ruhiyyə Balakişiyeva isə Jurnalistika fakültəsinin 1-ci kursunda oxuyur. Ruhiyyə, ilk növbədə, özünə çox güvənir, mənfi fikirlərdən uzaq olur, yuxudan oyanarkən ona yaxşı təsir edən musiqiləri dinləyir, yarım saat dərsləri təkrar edib imtahana yollanır. İmtahana bir gün qalmış və imtahan günü yuxudan durarkən bir qaşıq bal qəbul edir.

Psixologiya kafedrasının baş müəllimi Kamilə Kazımova bildirir ki, stress insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional haldır. Tələbələr imtahan verəndə, sərnişinlər təyyarədə uçanda, operator qəza ilə rastlaşanda, rəhbər işçi mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etdikdə çox vaxt gərginlik keçirir və stress halını yaşayırlar. Psixoloq əlavə edir ki, stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə düzgün qavramır, hafizələri dolaşır, diqqətlərini başqa obyektə keçirə bilmir, gözlənilməz qıcıqlayıcılara qeyri-adekvat reaksiyalar verirlər. Bəzən tam çaşır, məqsədyönlü hərəkət edə bilmirlər. Bəzən isə, əksinə, stress vəziyyəti elə bil onların qüvvə və enerjisini artırır, fikri aydınlaşır, çətin məsələni tez və asanlıqla həll edir. Şəxsiyyətin tipindən, fərdi xüsusiyyətlərindən asılı olaraq stressin yaranma və davam etməsi, orqanizmin ona reaksiyası müxtəlif olur. Yəni orqanizmdə psixosomatik dəyişikliklər baş verir.

İmtahanla bağlı yaranan psixoloji gərginliyi özündə əks etdirən mərhələlər

İmtahanlarda minlərlə tələbə imtahan stressi səbəbiylə bir sıra psixoloji və bəzən fiziki problem yaşamaqdadır. İmtahan qayğısı yaş və cinsiyyət fərqi olmadan tələbədə rast gəlinən və müvəffəqiyyətin düşməsinə səbəb olan gərgin vəziyyətdir. İmtahan stressi hər bir imtahana girən şəxs üçün təbii haldır. Hiss edilən orta səviyyədəki narahatçılıq tələbələri daha çox motivasiya edərək oxumağa həvəsləndirə bilər, daha da məsuliyyətli olmasına yönəldər. Nevzat Tarhanın sözləri ilə desək  “Az miqdarda stress öyrənməyi artırsa da, çox stress öyrənməyi çətinləşdirir”. Narahatçılıq çox olduqda tələbə gərginlik və stress keçirəcək, bu isə tələbənin həqiqi potensialının üzə çıxmasına və yüksək nəticə əldə əldə etməsinə mane olacaqdır.  Buna görə də  psixoloqlar  imtahan stressinin tələbənin sağlamlığına təhlükə olduğunu da qeyd edirlər.

İmtahan verilməsi ilə bağlı yaranan psixoloji gərginliyi özündə əks etdirən mərhələlər:

-         Birinci mərhələ (stress və həyəcan) qeyri-müəyyənlik situasiyası ilə bağlıdır. Baş verən psixoloji gərginlik orqanizmin bütün gücünün səfərbər edilməsi, ürək döyüntülərinin artıb-azalması, orqanizmin psixoloji baxımdan yenidən qurulması ilə müşahidə olunur.

-         İkinci mərhələ (adaptasiya) biletin götürülməsi və cavab verməyə hazırlaşma ilə başlanır. Burada birinci mərhələdə həyata keçirilmiş səfərbərlik sayəsində orqanizm hər hansısa zərərli təsirlərə nisbətən az məruz qalır.

İmtahana hazırlıq zamanı xoşagəlməyən stressin, həyəcanın yaranma səbəbləri:

-         İntensiv əqli fəaliyyət;

-         Gərginliyin artması;

-         Fəallığın məhdudlaşması.

Bütün bunlar vegetativ sinir sisteminin gərginliyinə, əlavə yüklənməsinə səbəb olur ki, bu da normal həyat fəaliyyətinin pozulmasına səbəb olur.

Psixoloq bildirir ki, imtahan stressi hər bir tələbədə fərqli şəkildə təzahür etməkdədir. Bu hal fiziki və psixoloji cəhətdən bəzi diskamfort nəticələrə gətirib çıxara bilər: Tərləmə, yorğunluq, baş ağrısı, yuxusuzluq, iştahsızlıq, baş fırlanması, ürək bulantısı, əzələlərdə gərginlik hissi, dişləri sıxma və digər hallar özünü göstərir. Bununla yanaşı unutqanlıq, diqqəti toplaya bilməmək, oxuduğunu anlaya bilməmək, daim əsəbi və gərgin olma, özünəqapanma kimi hallar da müşahidə olunur. Narahat düşüncələr nəticəsində tələbədə özünüqiymətləndirmə aşağı düşür və özünə olan güvəni azalır.

Hazırlıq zamanı istənilən nəticəni əldə etmək üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

  • Vaxt bölgüsü, gündəlik iş qrafiki;
  • Yorulmadan hazırlığın təmin edilməsi;
  • Daimi gümrahlığın təmin edilməsi.

Planlı çalışmağın üstünlükləri nədir?

  • Məsuliyyət formalaşır;
  • Diqqətin konsentrasiyası formalaşır və s.

Son olaraq imtahanın uğurlu olması üçün:

- Dərs çalışması üçün uğurlu vaxtın müəyyənləşdirilməsi;

- Öyrənməyə başlamazdan əvvəl beyni tamamilə oyrənməyə hazırlamaq, sakitləşdirmək;

- Öyrənməyə pozitiv düşüncə ilə yəni, böyük bir rahatlıq, xoşbəxtlik, sevinc və maraqla  yanaşmaq;

- Öz öyrənmə metoduna bələd olmaq və bundan düzgün istifadə etmək;

- Sakitləşdirici musiqilərdən istifadə etmək və s.

Öyrənilənləri  daha yaxşı yadda saxlamaq üçün nə etməli?

İnsan beyni 20-30 dəqiqə tam diqqətli, 10 dəqiqə istirahətlə öyrəndikdə öyrənilənlər daha yaxşı yadda qalır. Bu aradan sonra yenidən öyrənməyə qayıtdıqda 2-3 dəqiqə əvvəlki öyrəndikləriniz ilə bağlı kiçik bir qeyd edin. Bu temp 3-5 saatlıq çalışma müddətində təkrarlanır. Yatmadan əvvəl isə qeydlərə 30 dəqiqə nəzər salmaqla proseduru uğurla tamamlamaq olur.

BDU-da Psixoloji yardım sektoru

Yeri gəlmişkən, Bakı Dövlət Universiteti Elmi Şurasının 08 iyul 2019-cu il tarixli iclasının qərarı ilə Universitetdə təhsil alanların və əməkdaşların psixoloji problemlərinin həllinə, onlarda yarana biləcək emosional və psixi böhranların qarşısının alınmasına, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılmasına, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılmasına yardım etmək və təlim fəaliyyəti üçün əlverişli sosial-psixoloji və sosial-pedaqoji şərait yaratmaq məqsədilə Psixoloji yardım sektoru yaradılıb və artıq fəaliyyətə başlayıb.

Psixoloji seminar və treninqlər

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin aidiyyatı kafedraları vasitəsilə ayrı-ayrı vaxtlarda “Tələbələrdə imtahan stressinin aradan qaldırılması və profilaktikası”, “Tələbələrdə motivasiyanın artırılması”, “Əlaçı tələbələrə dətək” və digər aktual mövzularda seminarlar və treninqlər təşkil edilib. BDU-nun “Gənc istedadlar” liseyində “İmtahan stressi və onun aradan qaldırılması yolları” mövzusunda IX-XI sinif şağirdləri üçün maarifləndirici seminar keçirilib. Psixoloji durumu gərgin olan tələbələrlə Psixologiya və sosial və pedaqoji psixologiya kafedrasının psixoloqlarının mütamadi olaraq fərdi qaydada görüşləri keçirilir. Psixologiya kafedrasının əməkdaşları tərəfindən AzTV-də “Çıxışa doğru” televiziya verilişində BDU tələbələrinin iştirakı ilə tələbə-müəllim münasibətləri,  internet aludəçiliyi, depressiyanın klinik-psixoloji mahiyyəti, depressiyanın səbəbləri, aradan qaldırılmasında yol və vasitələr, risk faktorları, uşaqlarda,  gənclərdə və yaşlılarda depressiya və s. mövzularında müzakirələr aparılıb. Bunlardan əlavə, gənclərin psixi sağlamlıqla bağlı biliklərinin, mövqelərinin və davranışlarının təkmilləşdirilməsi ilə bağlı "Çıraq" adlı motivasiya xarakterli seminar, psixoloji iş mövzusunda diskussiyalar təşkil edilib, tələbələrin Respublika Psixiatriya Klinikasına səfəri təşkil edilib.

Həkim məsləhəti:

Bakı Dövlət Universitetinin nəzdində əməkdaşlara və təhsilalanlara ambulator tibbi xidmətin təşkili məqsədi ilə 30 nömrəli şəhər Poliklinikası fəaliyyət göstərir. Poliklinikada 15 həkim və 14 tibb bacısı işləyir. BDU-nun “Gənc istedadlar” liseyinə bir həkim və tibb bacısı təhkim olunmaqla müəllim heyəti və şagirdlərə tibbi xidmət göstərilir. Poliklinikanın baş həkimi Sevinc Höccətova bildirir ki, tələbəlik illərinin ən çətin anları imtahan ərəfəsidir. O, tələbələrə bu dövrü uğurla başa vurmaq üçün məsləhət və tövsiyələrini verir. Sözsuz ki, bu tövsiyələr bu dönəmi problemlə yaşayan tələbələrə xüsusilə şamil olunur. İlk növbədə rejim ən vacib şərtlərdən biridir.

-         Sinir sisteminin fəaliyyətini hər bir şəxs fərdi olaraq özü tənzimləməyi bacarmalıdır. Əhval-ruhiyyəni yaxşılaşdıran səbəbləri yaratmaq və  qıcığa səbəb ola biləcək halları aradan qaldırmaq bacarığı olmalıdır. Əgər bunu tənzimləmək iqtidarında deyilsə, bitki tərkibli sakitləşdirici çaylardan istifadə məsləhət görülür;

-         Qidalanma normal və sağlam olmaq şərti ilə qida qəbulundan 2 saatdan az olmamaq şərti ilə zehni hazırlığa başlamaq məsləhət görülür. Tibbi nöqteyi-nəzərdən həzm prosesinin sürətlənməsi üçün  qan periferiyadan həzm orqanlarının fəaliyyətinin artırılması üçün yönəldilir. Kofein tərkibli və energetik içkilərin qəbulu müvəqqəti gümrahlıq yaratmasına baxmayaraq sonrakı təsiri fəsadlarla nəticələnir;

-         Qulaqcıqlar vasitəsilə video görüntülərin və ya musiqi dinlənilməsi məsləhət görülmür.  Əhval-ruhiyyəni hədsiz yüksəldən əyləncələr də imtahan hazırlığı dövrünü pozan səbəblərdəndir;

-         Sadalanan məsləhətlərdən ən vacibi normal gecə yuxusu hesab olunur. Zehni yüklənməsi olan tələbə üçün 8 saatlıq gecə yuxusu daha vacib şərtlərdəndir. Qeyd olunan yuxu normativi pozulduqda yaddaş və qavramada da problemlər yaranır. Normal yuxu dövrünü keçirməmək sozsüz ki, orqanların məcburi işləməsinə sövq edir və onların fəaliyyətində problemlər yaradır;

-        Yatmazdan əvvəl təmiz havada gəzinti normal yuxuya kömək edən amillərdən biri hesab olunur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024