Mütərəqqi islahatlar kursunun banisi

18/06/2014

Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təcəssümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən olan Heydər Əliyev insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuşdur.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ölkənin ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Nəhayət, 1993-cü ilin iyun ayında Gəncədə olan hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Müəyyən xarici qüvvələrin dəstəklədiyi bu silahlı qiyam respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsi, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanması təhlükəsini alovlandırmışdı.

Ümummilli liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək  Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı dövlətdə ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərini israr edir, bir-birini günahlandırır, canlarını təhlükədən qurtarmağa, sığortalanmağa çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlməyi və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi, qiyamçıların gözünü qan tutduğu bir bölgəyə səfər etməyi, proseslərə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi!

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən de-yure müstəqil sayılan Azərbaycanı de-fakto qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyi şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır. Eyni zamanda müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri aradan götürmüşdür.

Ümummilli lider bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur:  birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da vacib saymışdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının uğurlu amillərindən biri də xalqın milli təhlükəsizliyinin, dövlətin ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş məlum səriştəsiz qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə respublikada qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur.

Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi  baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da deyilənləri təsdiqləmişdir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" - deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir.

Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm şərtlərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada, 23 illik müddətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirən ulu öndər Heydər Əliyev bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atılmışdır.

Fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldt yazır ki, "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eynilik təsəvvür etmək çətindir". Hazırda hər bir xalq, etnos özünəməxsusluğunu, milli ruhunu və mənəvi irsini qorumağın ümdə şərtlərindən biri kimi ana dilini yad təsirlərdən, assimilyasiyadan qorumağa çalışır. 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu ərəfəsində ulu öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirdiyi genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bununla da ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldırılmış, onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.

Ulu öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına daim xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə olmuşdur.

Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Ulu öndər həmin tarixi bəyanatında haqlı olaraq demişdir: "Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

Ötən illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə olmuş, elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirilmişdir. Ölkədə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşılmış, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə Bakı Dövlət Universitetini də qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Bir sözlə, müstəqillik illərində Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri yenə də məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1969-cu ildə 50 illik, 1979-cu ildə 60 illik, 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi ümummilli liderin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varis və lider yetişdirməsidir. Ötən 11 ildə ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003 və 2005-ci illərin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən anarxiya və xaos mühitinə yuvarlanmasına yol verməmişdir. Sonrakı illərdə də dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, müstəqilliyin möhkəmləndirilməsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Eyni zamanda cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə çalışmışdır.

Ötən 10 ildə ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz "Güclü dövlət, yüksək rifah" tezisi dayanmışdır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

2009-cu ildə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.

Gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından - qərarların qəbulu sənətindən asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək  ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Prezident İlham Əliyevin söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqların kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP, TAP kimi layihələrin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və  belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.

Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.

Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb etmişdir.

Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının uğurları barədə dolğun təsəvvür yaradır: Azərbaycan son 3 ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Qəbələ rayonunda yerləşən Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.

Azərbaycan son illər bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyən edilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. 2011, 2012, 2013-cü illərin oktyabrında paytaxtımızda keçirilən 1, 2 və 3-cü Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.

Ölkəmiz bu gün heç kimdən asılı olmayan tam müstəqil siyasət yürüdür, milli maraq və mənafeyini təmin edir.  Akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində bununla bağlı yazır: "Demokratik dəyərlərin universallaşması prosesinin tərs üzü "demokratiyanı müdafiə etmək" bayrağı altında müstəqil ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, dövlətin öz vətəndaşının hüquq və azadlıqlarına riayət etməsinin səviyyəsini qiymətləndirərkən ikili standartlar qəbul etdirmək cəhdləridir. Razılaşın ki, XXI əsrdə demokratiyadan danışarkən ikili standartlar, yəni kiçik ölkələr üçün bir standart, iri dövlətlər üçün başqa standart tətbiq etmək praktikası yolverilməzdir. Əsrlər boyu yaranmış milli ənənələri bir anda məhv etmək mümkün deyil və ümumiyyətlə, xalqın milli xüsusiyyətlərinə məhəl qoymamaq ağılsızlıqdır. Demokratiyanın kənardan zorla qəbul etdirilməsi cəhdləri isə bu gün İraqda və Əfqanıstanda müşahidə etdiyimiz vəziyyətlərə gətirib çıxarmışdır. Cəmiyyətin demokratikləşməsi sosial, siyasi və iqtisadi prosesdir və hər bir konkret sosium üçün onun özünəməxsus fərqləndirici cəhətləri vardır. Axı demokratiyanın müxtəlif formaları var və ciddi tədqiqatçıların hamısı bunu qəbul etmişdir".

Bəli, demokratiya iqtisadi inkişaf, azadlıq və konsensusla bağlıdır. Tarix boyu kasıb ölkələrdə demokratiya olmamışdır. Çünki demokratik təsisatların təmin edilməsi üçün ölkənin özü inkişaf etməlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda adambaşına düşən məhsulun həcmi 300-400 dollar arasında idi. Təbii ki, müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını qoysa belə, demokratik ölkə sayıla bilməzdi. Son 10 il ərzində Azərbaycanda adambaşına ümumi daxili məhsulun həcmi artmış və 8000 dollara yaxınlaşmışdır. Yaxın 10 ildə bu rəqəm 13 min dollara yüksələcəkdir. Milli gəlir artdıqca, adambaşına düşən məhsul istehsalı artdıqca, təbii ki, təhsilə, elmə, səhiyyəyə, informasiya vasitələrinə, informasiya texnologiyalarına ayrılan vəsaitlər də artır və bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

Müstəqil Azərbaycanın qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayırlar. Hamıda belə bir səmimi inam var ki, xalqımızın böyük dəyər verdiyi bu Qurtuluş Günündə ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldıracaq, xalqın dəstəyi ilə bütün problemlərin həllinə nail olacaqdır.

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=42032

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024