Nanotexnologiya - kiçik hissəciklərin sabaha böyük pəncərəsi

29/01/2014

Cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Bəşəriyyətin min illərlə etdiyi kəşflərin 90 faizinin baş verdiyi  XX əsrin təcrübəsi göstərir ki, heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər çox inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir ölkə iqtisadiyyatının 60-90 faizini təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri elmi innovasiyaların verdiyi faizlə ölçülür. Məsələn, üçüncü dünya ölkələrində bu göstəricinin payı ümumi büdcənin 0-1 faizi həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15 faiz, Qərbi Avropa dövlətlərində 40-60 faiz təşkil edir. Düşünməyə əsas verən bu rəqəmlər innovasiyaların tətbiqinin zəruriliyinin göstəricisidir. Heç də təsadüfi deyil ki, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri elan edilmişdir. Əgər  bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, elm və təhsilin inkişafı yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar. Yalnız bu halda bəşəriyyət inkişaf edə bilər, maddi-mənəvi dəyərlər artar, qlobal iqtisadi yüksəlişdən söhbət gedə bilər. Bütün bunların əsasında isə insanların zəkasının, dünyagörüşünün yüksəlməsi durur. Bu gün dünyanın 200 dövləti bu düşüncə ilə bir növ yarışa çıxmışdır. Başqa heç bir vasitə - nə silah, nə iqtisadi göstəricilər, nə ərazi böyüklüyü, nə də əhali sayı bu yarışda həlledici amil deyil. Burada söhbət yalnız intellektin səviyyəsindən, elmin, biliyin tədrisinin düzgün qurulmasından, innovasion elmlərə üstünlük verilməsindən  gedir.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda məhz bu istiqamətdə dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya üzrə Dövlət proqramları qəbul edilmiş və hazırda bu istiqamətdə  bir neçə şaxəli iş aparılır.

Azərbaycanda bu prioritet elmi istiqamət üzrə  artıq 10 ildir ki,  intensiv işlər həyata keçirilir. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir qədər sonra İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab edilən Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalandı.  Həmin zamandan bu innovasion elm sahəsi üzrə tədqiqat işlərinə start verildi və akademik Abel Məhərrəmovun təşəbbüsü ilə Bakı Dövlət Universitetində 2005-ci ildə "Nanoaraşdırmalar mərkəzi" yaradıldı, bir il sonra- 2006-cı ildə isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kafedrası açıldı və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanıldı. Bu gün  BDU-da bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşmışdır. Ötən on il ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. BDU-nun alimlərinin nanotexnologiya istiqamətində apardığı tədqiqat işlərinə qrant layihələri ayıran ölkələr demək olar ki, dünyanın bu istiqamətdə  inkişaf etmiş ölkələrini əhatə edir. Universitetdə nanotexnologiya istiqamətində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına ən müasir avadanlıqlar və cihazlar alınmışdır.  Belə ki, son illərdə Furye spektrometri, tədris üçün atom qüvvət mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq üçün İNTECRA PRİMA atom qüvvət mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı,  xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru, Rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları alınmışdır. Universitetdə nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli fundamental elmi tədqiqat işləri dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində sınaqdan çıxarılaraq uğurla tətbiq edilir. Məsələn, Səudiyyə Ərəbistanı Krallığı Elm və Texnologiya Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində nanotexnologiyanın neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları işlənmiş, yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olmuş və onların müxtəlif mühitlərdə katalizator kimi ARDNŞ-nin neft quyularında müvəffəqiyyətlə istifadə edilməsinə başlanılmışdır. Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilmişdir ki, nanohissəciklər sulaşmış  laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda  təzyiqi artırır.  Bu da neft hasilatının artmasına səbəb olur. Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Layihə çərçivəsində BDU-ya dəyəri 132.600 ABŞ dolları məbləğində unikal imkanlara malik İNTEGRA PRİMA markalı skanedici zond mikroskopu alınmışdır. Birləşmiş Dubna Nüvə Tədqiqatları İnstitutunun (Rusiya) maliyyələşdirdiyi qrant layihəsi (500.000,0 rubl) çərçivəsində nanotexnologiyanın köməyi ilə çirklənmiş suda nazik neft  təbəqəsinin təmizlənməsi istiqamətində innovasiya xarakterli ekoloji elmi tədqiqat işi uğurla yerinə yetirilmişdir. Məlumdur ki, dünyada neftin tankerlərlə daşınması, dənizdə neft istehsalı və s. dəniz suyunun səthinə neftin yayılması kimi ciddi ekoloji problem yaradır. Qalın neft təbəqələrinin təmizlənməsi əsasən mexaniki üsullarla aparılır. Lakin ondan heç də az təhlükəli olmayan nazik təbəqələrin təmizlənməsi ciddi problem hesab edilir  və universitet alimlərinin verdiyi bu təkliflər sübut etmişdir ki, nanotexnologiyanın köməyi ilə həmin problemi də aradan qaldırmaq olar.

Bakı Dövlət Universitetinin alimləri İsveçrənin Elm Fondu tərəfindən maliyyələşdirilən SCOPES proqramı çərçivəsində Lozanna Politexnik Federal İnstitutu (EPFL) ilə birlikdə nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti  və hüceyrələrə təsirinin toksiki effektləri istiqamətində uğurlu tədqiqat işləri aparırlar. Alimlərimiz SCOPES əməkdaşlıq layihəsi çərçivəsində nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən  nəticələr almışlar və həmin elmi nəticələr Bakı Dövlət Universitetində  bu istiqamətdə elmi tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır. Polimer maqnit nanokompozit quruluşlarında yaranan nəhəng maqnit müqavimət və superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat işləri ABŞ Mülki Araşdırmalar Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində ABŞ Masaçuti Texnologiya  Universiteti ilə birgə yerinə yetirilmişdir. Eyni "Polimer matrisada formalaşmış halkogenid yarımkeçirici nanohissəciklərdə diffuziya və ion mübadiləsi" adlı qrant layihəsi də ABŞ Masaçuti Texnologiya Universiteti ilə birgə yerinə yetirilmişdir. Avropa Birliyinin maliyyələşdirdiyi  "Fotonika və Elektronika üçün nanotexnoloji platforma" adlı qrant layihəsi də BDU-da uğurla yerinə yetirilmişdir.  Avropa Birliyinin TVAS proqramı əsasında alınmış "Nanohissəciklərin ali su bitkilərinin membran sistemi ilə qarşılıqlı təsir mexanizminin tədqiqi-nanofitotoksilogiya" adlı qrant layihəsi çərçivəsində metal nanohissəciklərinin hüceyrə membranının təsir mexanizmi tədqiq edilmişdir. Bu layihələr çərçivəsində universitetə çoxlu yeni və müasir avadanlıq və cihazlar alınmışdır. Məsələn, son zamanlar Bakı Dövlət Universitetində beynəlxalq qrant layihələri və ölkədaxili müqavilələr hesabına formalaşmış maliyyə imkanlarının hesabına Yaponiyanın Tokio Boeki şirkətindən  son dərəcədə geniş imkanlara və həssaslığa malik skanedici elektron mikroskopu alınmışdır. Hazırda materialların strukturları və xassələri haqqında ətraflı məlumat almaq və onların xassələrini daha geniş miqyasda dəyişmək üçün molekulyar səviyyədə tədqiqat işləri aparmaq lazımdır. Respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmaq və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini artırmaq və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır. Bu istiqamətdə də BDU-da uğurlu işlər aparılır.  Təsadüfi deyildir ki, BDU-nun rəhbərliyi Yaponiyanın Tokio Boeki şirkəti ilə universitetdə elektron mikroskopu məktəbinin yaradılması barədə razılıq əldə etmişdir. Elektron mikroskopu məktəbinin yaradılması sürətlə inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikası üçün çox vacib məsələdir. Bu məktəbin yaradılması respublikamızda atom və molekulyar səviyyədə tədqiqat işlərinin aparılmasına təkan verər və yüksək səviyyəli mütəxəssislərin yetişməsinə imkan yaradar. BDU-da bu cür yeni elmi məktəblərin yaradılması istiqamətində ciddi işlər aparılır. Məsələn, görkəmli alim Xudu Məmmədovdan sonra respublikada kristalloqrafiya sahəsində əmələ gələn boşluğu doldurmaq üçün universitet rəhbərliyi tərəfindən xarici ölkələrdən mütəxəssislər dəvət edildi, peşəkar və yüksək səviyyəli alimlərin sayəsində kristalloqrafiya elminə yeni nəfəs verildi. Bu gün universitetdə bu sahə üzrə 30-a yaxın mütəxəssis yetişmişdir. BDU-nun alimləri tərəfindən Avropa Birliyinin TVAS proqramı əsasında qalib olduğu "Polimer matrisada formalaşmış kadmium və mis sulfidləri əsasında alınmış kompozit strukturların elektrik və optik xassələrinin qiymətləndirilməsi" uğurla yerinə yetirilmişdir. Bütövlükdə, Bakı Dövlət Universiteti alimlərinin 2005-2013-cü illər ərzində dünyanın nanotexnologiya sahəsində inkişaf etmiş ölkələrindən aldığı qrant layihələrinin ümumi dəyəri 5.000.000 ABŞ dolları miqdarında olmuşdur.  Bu faktlar onu göstərir ki,  dünya birliyi yalnız bizim təbii sərvətlərimizə deyil, həm də intellektual resurslarımıza sərmayə qoyur və elmi innovasiyalar sahəsindəki beynəlxalq yarışlarda əldə edilən uğurlarımızı qəbul edir.

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər  üzrə "Dünya Rəqabətlilik Hesabatı"na əsasən, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə nəinki çoxsaylı inkişafda olan ölkələri geridə qoymuşdur, eyni zamanda, Avropanın nəhəng iqtisadi aktorlarını da üstələmişdir. Postsovet və ya MDB məkanında isə Azərbaycanın mövcud göstəricisi olduqca pozitivdir. Məlumat üçün qeyd edək ki, reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillələrdə qərarlaşıblar.

Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub. Sonuncu üç komponent üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olub. Məhz bu göstəricilər də həyata keçirilən çoxşaxəli iqtisadi strategiyanın səmərəliliyinə dəlalət etməkdədir.

Yaranmasından az müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondundan nanotexnologiya istiqamətində BDU-ya alınmış qrant layihələrinin dəyəri 35.000 AZN olmuşdur. Son illərdə elmin inkişafı üçün ölkəmizdə ayrılan qrant vəsaitlərində də artımlar müşahidə edilir və əminik ki, bu tendensiya yüksəldikcə Azərbaycan elmi daha tutarlı nəticələr əldə edəcəkdir. Mən bir alim kimi hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondundan qrant ayrılarkən təklif edilən layihələrin qiymətləndirilməsi prosesində alimlərin elm qarşısındakı digər xidmətləri ilə yanaşı, onların indekslənən və Tomson Reyter Agentliyinin siyahısına düşən yüksək İmpact factora malik jurnallarda dərc edilən məqalələri və beynəlxalq layihələrdəki iştirakı da əsas amil kimi nəzərə alınmalıdır.

Yeri gəlmişkən qeyd edim ki, BDU-da nanotexnologiyalar sahəsində aparılan tədqiqatlar dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində yerinə yetirilir. Alimlərimizin apardığı fundamental tədqiqat işləri dünya alimləri tərəfindən qəbul edilir və bu işlər böyük maliyyə imkanlarına malik donor ölkələri tərəfindən maliyyələşir. Son zamanlar BDU alimləri dəmir oksidi maqnit nanohissəcikləri vasitəsi ilə dərman maddələrinin şiş hüceyrələrinə daşınması istiqamətində Almaniyanın Heydelberq Universitetinin Onkoji mərkəzi ilə uğurlu tədqiqat işləri aparırlar. Digər sahələrdə olduğu kimi, universitet alimlərinin nanotexnologiyalar sahəsində apardığı tədqiqat işləri də dünyanın indekslənən və Tomson Reyter Agentliyinin siyahısına düşən yüksək İmpact factora malik jurnallarında dərc edilir. Bu sahədə son 5 ildə 70-dən artıq məqalə Tomson Reyter və Scopus Agentliklərinin siyahısına daxil edilən nüfuzlu və yüksək İmpact factora malik olan jurnallarda, 50-dən artıq məqalə digər xarici ölkələrin rəy verilən jurnallarında və onlarla məqalə respublikadaxili jurnallarda çap edilmişdir.  Ötən il BDU alimləri tərəfindən İmpact factorlu jurnallarda 150-dən çox məqalə çap edilmişdir ki, bu da bütövlükdə respublika alimləri tərəfindən həmin jurnallarda çap edilən məqalələrin 25 faizini, təhsil sistemində çalışan alimlər tərəfindən çap edilən məqalələrin 45 faizini təşkil edir. Universitet alimlərinin nanotexnologiyalar sahəsindəki məqalələri "Journal of Pharmaceutical Sciences",  "Carbohydrate Polymers", "Journal of Polymer and Polymer Composites",  "Polymer-Plastics Technology and Engineering", " Journal of Optoelectronics and Advanced Materials - Rapid Communications ", " Diegest Journal of Nanomaterials and Biostructures" və digər indekslənən nüfuzlu jurnallarda dərc edilir. Təsadüfi deyildir ki,  2013-cü ilin dekabr ayında BDU-nun alimləri - akademik A.Məhərrəmovun, professor M.Ramazanovun və M.Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: növləri, xassələri və tətbiqləri" adlı monoqrafiya elmi səviyyəsinə və aktuallığına görə ABŞ-ın Nyu York şəhərindəki "Nova Publişer" nəşriyyatı tərəfindən çapa qəbul edilmiş və nəşriyyat kitabın bütün çap olunma xərclərini üzərinə götürərək onu nəşr etmişdir. 10 fəsildən, 334 səhifədən ibarət olan  monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilmişdir. Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.

Əlbəttə, nanotexnologiya sahəsində əldə edilən elmi uğurlar qısa müddətdə tədris prosesinə transfer edilməlidir. Belə ki, bu istiqamətdə çoxsaylı mütəxəssislər hazırlanmasına ehtiyac duyulur.  Nanotexnologiya elmi üzrə  çalışan mütəxəssis bir çox sahələri - kimya, biologiya, fizika, informatika, riyaziyyatı dərindən bilməlidir. Yeri gəlmişkən, bir maraqlı məsələni də qeyd etmək istərdim ki, dünya ali təhsil məkanında adətən təhsildən elmə keçid praktikası üstünlük təşkil edir. Çox nadir hallarda, universitetlərdə əks keçid hallarına da rast gəlinir. Bakı Dövlət Universitetində də nanotexnologiya sahəsində məhz belə olmuşdur: elmdən təhsilə keçid baş vermişdir. Universitetdə güclü elmi baza yaradılmış, monoqrafiyalar çap olunmuş, tədqiqatlar aparılmış, yalnız bundan sonra  tədrisə keçid prosesi başlanmışdır. BDU-da nanotexnologiya kimi müasir elmi istiqamətin təhsil mühitinə transferi məsələləri yüksək səviyyədə təşkil edilmişdir. 2007-ci ildə Azərbaycanda ilk dəfə ana dilində "Nanotexnologiya" dərsliyi A.Məhərrəmovun, M.Ramazanovun və L.Vəliyevanın həmmüəlifliyi ilə çap olunmuşdur. Daha sonra "Nanotexnologiyadan laboratoriya işləri", "Nanosistemlərin riyazi modelləşdirilməsi və kompüter hesablanması" kitabları çap olunmuş,  məşhur yapon alimi N.Kobayasinin "Nanotexnologiyaya giriş" kitabı tərcümə edilərək oxuculara təqdim edilmişdir.

Elmi innovasiyaların tətbiqində zəruri olan bir amili də qeyd etmək istəyirəm. Fikrimcə, gənclər hətta məktəb illərindən elmi avadanlıqlarla tanış olub onlarla rəftar vərdişləri qazanmalıdırlar. Bu məqsədlə, Bakı Dövlət  Universitetinin nəzdində olan  "Gənc istedadlar" liseyinin şagirdlərinin elmi mühitlə ünsiyyəti təqdirəlayiq hal hesab edilməlidir. Xüsusi istedadı, elmi mühitə bağlılığı olan şagirdlər seçilərək onlarla xüsusi təcrübə dərsləri keçirilir və yeniyetmələrin gələcək elmi istiqamətləri müəyyənləşir. Bu təcrübə çox səmərəli nəticələr verir. Alimlərimiz liseydə və ölkənin bir neçə orta məktəbində bu sahədə iş aparmış və şagirdlərə nanotexnologiyanın dünya elmində mühüm elm olduğunu anlatmağa çalışmış və bu elmə maraq oyatmışlar. Yüksək təhsil göstəriciləri ilə respublika orta məktəbləri və liseyləri arasında fərqlənən "Gənc istedadlar" liseyindəki mühazirələrdə şagirdləri maraqlandıran suallara cavablar verilmişdir. Onu da qeyd edək ki, Nano Araşdırmalar laboratoriyasında  beynəlxalq olimpiadalara hazırlanan şagirdlər müsabiqələrdə qızıl medallar almışlar.

Dünya elminin bu prioritet istiqamətində yüksək səviyyəli kadr hazırlığına xüsusi fikir verilmiş və bu müddətdə 1 doktorluq, 3 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilmişdir. Hazırda bu istiqamətdə 4 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru proqramları üzrə təhsillərini davam etdirir. Universitetdə "Nanoquruluşların fizikası", "Nanomaterialların fiziki kimyası", "Nanobiotexnologiya" magistr ixtisaslaşmaları açılmış, bu istiqamətdə magistr hazırlığına başlanılmışdır. Bu müddət ərzində nanotexnologiya istiqamətində 30-dan artıq magistr hazırlanmışdır. Eyni zamanda təhsilin bakalavr pilləsində fizika, kimya və biologiya fakültələrində nanotexnologiya fənni tədris olunmağa başlanılmışdır. Universitetdə son zamanlar bu mühüm elmi istiqamətdə gənc tədqiqatçıların ixtisas səviyyələrini artırmaq məqsədi ilə onlar Dubna Birləşmiş Nüvə Tədqiqatları və Kurçatov adına Atom Enerji İnstitutuna, Bilkənt Universiteti Nanotədqiqatlar laboratoriyasına və digər mərkəzlərə treyninqlərə və ixtisasartırmaya göndərilmişlər.

Azərbaycan alimlərinin "Neft sənayesində nanotexnologiya" adlı elmi işi UNESCO tərəfindən yüksək qiymətləndirilib və bu qurumun "Nanoelm və nanotexnologiyalar.  Həyatı təmin edən sistemlər ensiklopediyası"  kitabında rus dilində  çap edilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı" Bakı Dövlət Universitetinin nanomateriallar və nanotexnologiyalar sahəsindəki böyük uğurlarına görə rektor  akademik  Abel Məhərrəmova  verilib. Mükafat 20-21 noyabr 2012-ci il tarixlərində Sudanın Xartum şəhərində keçirilən  "Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı" çərçivəsində təqdim edilmişdir. "Elm və Texnologiya sahəsində mükafat" İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis olunub. Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Nano Araşdırmalar laboratoriyasının əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Flora Haciyeva  2010-cu ildə diplomla mükafatlandırılmış, 2011-ci ildə Gənclər Mükafatı laureatı adına, 2012-ci ildə MDB ölkələrinin "Debütların birliyi" beynəlxalq mükafatına layiq görülmüşdür. (mükafat Aşqabad şəhərində Türkmənistan Respublikasının prezidenti tərəfindən təqdim olunmuşdur.) Mən bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel Mükafatı laureatları  Laflin Robert Betts (Fizik), David Gross (Fizik) və Markus Rudolf Artur  (Kimya) 30 oktyabr 2013-cü il tarixində Bakı Dövlət Universitetində olarkən  onların iştirakı ilə  "Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada "BDU-da nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri" mövzusunda məruzə dinlənildi, Nobel mükafatçıları bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğuladılar. Onlar bizim gənclərlə polemikadan sonra heyrətlərini gizlədə bilmədilər və  dedilər ki, sizin xalqınız çox istedadlıdır, heç Avropanın ən məşhur universitetlərində oxuyan gənclərdən fərqlənmirlər, hələ bir neçə dil bilməkləri ilə onlardan üstündürlər. Sizin ölkənizin parlaq gələcəyi var. Onlar nano tədqiqatlar sahəsində aparılan araşdırma işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd etdilər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə tövsiyələrini verdilər. Yeri gəlmişkən, Prezident İlham Əliyevə son illər Azərbaycan alimlərinin dünya şöhrətli elm korifeyləri ilə canlı ünsiyyətinə imkan yaradan Beynəlxalq Humanitar Forumun təşkilinə və onun bir dəyirmi masasının təşkili və həyata keçirilməsinin Universitetə həvalə edildiyinə görə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi digər sahələr kimi respublikamızda elm və təhsilin sürətlə inkişaf edərək qloballaşan dünyaya inteqrasiyasında və müstəqil dövlətimizin dünya müstəvisində daha da dərindən tanınması və qəbul edilməsi istiqamətində müstəsna rol oynayır.

Müstəqil Azərbaycan Respublikasında   son zamanlar innovasiya xarakterli işlərə dövlət qayğısı gündən-günə artır. İnanıram və ümid edirəm ki, nanotexnologiya istiqamətində aparılan elmi-tədqiqat işləri tətbiqi xarakterli olduğu və ölkəmizdə bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyi üçün aparılan işlər tədqiqat, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcəkdir və Azərbaycan alimləri yaxın gələcəkdə bu sahədə daha böyük uğurlar qazanacaqdır. Bunun üçün istedad, zəhmətsevərlik, məqsədyönlülük lazımdır. Bu keyfiyyətlər də bizim xalqımızda yetərincədir. Kişik hissəcikləri öyrənən nanotexnologiya sabaha böyük perspektivlər vəd edir.

Bəhram ƏSGƏROV,

akademik, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024