Nizaminin adı ilə...

13/12/2022
Bu günlərdə filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti və həqiqi üzvü Nərgiz xanım Paşayevanın 60 yaşı tamam olur.

Bu tarix Bakı Dövlət Universiteti ailəsi üçün də əhəmiyyətlidir. Çünki akademik N.Paşayeva 1978-ci ildən bəri taleyini Azərbaycanın ilk universiteti olan, 103 yaşlı BDU ilə bağlamışdır və bu gün də BDU ailəsinin üzvü olaraq səmərəli fəaliyyətini həvəslə davam etdirir. O, 
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, BDU Elmi Şurasının və filologiya fakültəsi Elmi Şurasının üzvüdür. Akademik Nərgiz Paşayeva hazırda universitetdə dərs deyən, elmi fəaliyyət göstərən filoloq-alimlərin əksəriyyətinin müəllimi olmuş, onların mütəxəssis kimi formalaşmasına öz töhfəsini vermişdir. 
Yüksək intellektə və pedaqoji səriştəyə malik olan professor Nərgiz Paşayevanın əsl alim və həqiqi ziyalı kimi yetişməsinə təhsil aldığı və çalışdığı BDU ilə yanaşı, təbii ki, doğulub-böyüdüyü mühitin, ailəsinin də çox böyük təsiri olmuşdur. Qeyd etmək lazımdır ki, Nərgiz xanımın ailəsi də BDU ilə birbaşa və möhkəm tellərlə bağlıdır. O, dövrünün məşhur simaları, əsl xalq ziyalısı olan iki şəxsiyyətin nəvəsidir. 
Ata babası Azərbaycanın görkəmli yazıçısı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev uzun illər BDU filologiya fakültəsində çalışmış, 17 il (1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər) Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmişdir. Mir Cəlal müəllim ədəbiyyat tariximizin müxtəlif problemlərinə həsr olunmuş çox sayda elmi əsərin müəllifi, yüzlərlə filoloq-alimin sevimli müəllimi olmuşdur. 
Ana babası professor Nəsir İmanquliyev də uzun illər BDU-da pedaqoji fəaliyyət göstərmiş, jurnalistika təhsilinin qurucularından biri olmuşdur. Nəsir müəllim, eyni zamanda, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru olmuş, sovet ideologiyasının söz və fikir azadlığına qadağa qoyduğu ağır senzura şəraitində öz haqq səsini ucaltmaqdan çəkinməyən bir şəxsiyyət kimi tanınmışdır. Professor Nərgiz Paşayevanın anası – görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyeva da BDU-nun məzunu olmuşdur. A.İmanquliyeva elmi yaradıcılığı ilə yanaşı, BDU-da pedaqoj fəaliyyətlə məşğul olmuş, ərəb ədəbiyyatından dərs demişdir.
Bu mühit professor Nərgiz Paşayevanın zəngin mənəvi aləminin və geniş dünyagörüşünün formalaşmasına təkan vermişdir. Bütün bunlar bir daha təsdiq edir ki, professor Nərgiz Paşayevanın BDU-ya qəlbən bağlılığı təhsili və əmək fəaliyyəti ilə yanaşı, həm də ailə ənənələrindən irəli gəlir, irs, varislik münasibətlərinin davamı kimi nadir örnəklərdən biridir. Tanınmış şəxsiyyətlərin əhatəsində böyüyüb-formalaşan Nərgiz xanımın elmə, ədəbiyyata, sənətə olan vurğunluğu bu mühitdən də qaynaqlanır. 
Nərgiz xanımın yaradıcılığı zəngin və çoxşaxəlidir. Amma bu istiqamətlərdən biri onun ictimai fəaliyyətinin filoloji yaradıcılıq, ədəbiyyatçı səriştəsinin təşkilatçılıq qabiliyyəti ilə kəsişmə nöqtəsindən başlanır. Bu, onun Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi ilə bağlı fəaliyyətidir.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvi Azərbaycan xalqının bəşər sivilizasiyasına bəxş etdiyi nadir şəxsiyyətdir. Qüdrətli fikir və söz ustası olan Nizaminin irsi bu gün də bütün dünya elmi və mədəniyyəti üçün tükənməz qaynaqdır. 
Bu gün Nizami fenomeni bir daha ümumbəşəri mahiyyətini təsdiq edir, çünki Nizami dar mənada Azərbaycanın olduğu qədər, geniş anlamda həm də bütün cahanındır. 2013-cü ildə dünyanın ən mötəbər, qədim tarixi və ali səviyyəsi ilə adı “keyfiyyət göstəricisi”nə çevrilmiş Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin yaradılması Azərbaycan elmi və mədəni həyatı üçün əlamətdar hadisələrdən biri olmuşdur. 2018-ci il may ayının 23-də universitetinin vitse-Kansleri professor Luiz Riçardson ilə imzalanmış müqaviləyə əsasən, Mərkəzə Oksford Universitetinin tərkib hissəsi kimi daimi mövcudluq və akademik status verilmişdir. 
Nizami Gəncəvi Mərkəzi Oksford Universitetində elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Mərkəzin fəaliyyəti Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, Nizami irsi haqqında dəqiq məlumatların Qərbi Avropa elmi dairələrinə təqdim edilməsi baxımından xüsusilə təqdirəlayiqdir. Belə bir nüfuzlu beynəlxalq mərkəz məhz akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə yaradılmışdır. 
Mərkəzin İdarə Heyətinin üzvü akademik Nərgiz Paşayevanın bu sahədə fəaliyyəti Qərbin Azərbaycanla tanışlığı, ümumilikdə, Qafqaz regionu mədəniyyətinin Avropa və dünya auditoriyasına təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin sonrakı fəaliyyətinin hər bir mərhələsi də Nərgiz xanımın ideya rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilmişdir. Qərbin Azərbaycanla tanışlığı, ümumilikdə, Qafqaz regionu mədəniyyətinin Avropa və dünya auditoriyasına təqdim olunması baxımından mərkəzin və onun Azərbaycan tərəfdən təmsilçisi akademik Nərgiz Paşayevanın fəaliyyəti əvəzsizdir. 
Nərgiz xanımın yubileyi ərəfəsində Nizami Mərkəzinin uğurlu fəaliyyətinin göstəricisi olan işlərdən bəzilərini bu kiçik yazıda xatırlatmaq istəyərdik. 
2014-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin yaradılmasına böyük dəstək göstərən alimləri ilə Azərbaycanın elm, ictimaiyyət və mədəniyyət xadimlərinin görüşü yeni müstəvidə yaradılan əlaqələrinin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə kimi bu gün də yaddaşlardadır. MDU-nun Bakı Filialında “Oxford Room” adlı xüsusi şöbə fəaliyyət göstərir. 
Mərkəzin ardıcıl fəaliyyətinin mühüm bir istiqamətini aktual mövzularda elmi seminar və konfransların keçirilməsi təşkil edir. 2015-ci ildə baş tutmuş “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfrans, 2016-cı ildə Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində keçirilmiş “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusunda beynəlxalq elmi konfrans bu qəbildən olan tədbirlərdəndir. 2017-ci ildə şərqşünas-alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə ilk akademik tərcüməsinin nəşri və möhtəşəm təqdimat mərasimi də mərkəzin həyata keçirdiyi mühüm işlərdəndir. 
Oksford Universiteti və Azərbaycan alimlərinin əməkdaşlığı ilə Bərdənin Arxeoloji Tədqiqatları layihəsi çərçivəsində 2015-ci ildən başlayaraq görülən işlər Azərbaycan elmi fikrinin dünya elminə inteqrasiyasına sanballı töhfə vermişdir. 
14-15 mart 2018-ci il tarixində Bakıda “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi də nizamişünaslıq tarixində mühüm hadisələrdəndir. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi Mərkəzin böyük nüfuzundan xəbər verir. 
Nizami mərkəzinin İdarə Heyətinin üzvü, akademik Nərgiz xanım Paşayevanın ölkələrimiz arasında yaranmış elmi-mədəni əməkdaşlığa verdiyi töhfənin Oksford Universiteti tərəfindən etiraf və təqdir olunması bizim üçün xüsusilə qürurvericidir. 2018-ci il oktyabrın 11-də Oksford Universiteti Kanslerinin Xeyriyyəçilər Komitəsinin illik toplantısında Kansler Lord Patten Barnes tərəfindən Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli surətdə qəbul edilməsi akademik Nərgiz Paşayevanın səmərəli elmi-təşkilatçılıq fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. 
2020-ci ildə mərkəzdə Azərbaycan dilinin tədris olunması respublikamızın elmi ictimaiyyəti tərəfindən xüsusi əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirildi. Azərbaycanda filoloq mütəxəssislərin hazırlanması sahəsində mühüm xidmətləri olan akademik Nərgiz Paşayevanın rəhbərliyi altında reallaşan bu layihənin icrası Qərbdə milli maraqlarımızın qorunması baxımından strateji əhəmiyyət daşıyan addımdır. Əlbəttə ki, Mərkəzinin gördüyü işlər burada sadaladıqlarımızla məhdudlaşmır. 
İnanırıq ki, Nizaminin adını daşıyan bu qurum onun özü və sözü kimi zaman və məkan sərhədi tanımayan bəşəri dəyərlər arasında öz yerini tutacaq. Bu dəyərləri Azərbaycan xalqına və bütün dünyaya qazandıran şəxsiyyətlərin adları isə tarix salnaməsinə qızıl hərflərlə yazılacaq. O insanların cərgəsində Nərgiz xanım Paşayevanın da adı var.

 

Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru


https://xalqqazeti.com/az/news/118138

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024