Novruz kosmoqonik və mifoloji xalq təfəkküründə

20/03/2021

Novruz  qədim tarixə malik olan bayramlarımızdandır. Novruz nə bir məzhəb, nə də bir dinin bayramı deyil. Bu bayramı baharın gəlməsi münasibətilə qeyd edilir. Novruz astronomik hadisə ilə bağlı gündür. Həmin gün şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirirlər. Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Albaniyada, Makedoniyada bayram kimi qeyd edilir. Hətta, İraqda və Əfqanıstanda Novruz martın 21-də astronomik Günəş təqviminə əsasən, rəsmi şəkildə yeni ilin başlanğıcı kimi qeyd olunur. Lap qədimlərdən astronomik Günəş təqviminə əsasən Novruz yeni ilin başlanğıcı sayılır. Ömər Xəyyamın "Novruznamə"sində, Səlcuqlu Vəzir Nizami Əl-Mülkün "Siyasətnaməsi"ndə, Mahmud Kaşğarlının “Divan-i-Lüğət-it-türk”ündə, Nizami Gəncəvinin əsərlərində, Məlikşahın təqvimində, Qazi Bürhanəddinin, Səfəvi şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramı haqqında məlumatların yer alması bu bayramın qədim tarixə malik olduğunun sübutudur. Məlik şahın Ömər Xəyyama təqvim hazırlanması göstərişini verərkən onun qarşısına qoyduğu şərt ilin başlanğıc gününün məhz yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşməsi idi.  Ömər Xəyyam 1074-cü ildə hazırladığı və Məlik şahın şərəfinə  “Məlik şah cədvəli”, “Sultan təqvimi”, “Təqvimi-cəlaliyyə” adlandırdığı təqvimdə ilin başlanğıc günü Novruz bayramı ilə üst-üstə düşür. Novruz bayramı Azərbaycanda, İranda olmuş Avropa səyyahlarının xatirələrində də əks olunmuşdur. Alman alimi Adam Oleari XVII əsrin birinci yarısında Səfəvilər dövlətinin tərkibində olan Şamaxıda Novruz bayramında iştirak etmişdir. Adam Olearinin xatirələri Novruz bayramının geniş şəkildə keçirildiyini təsdiq edir. Tədqiqatçının sözlərinə görə, həmin gün astroloq Günəşin gecə ilə gündüzün bərabərləşəcəyini izləyir, həmin an çatanda isə bunu bərkdən elan edirdi.

Bu bayram  həm xalq  adət-ənənəsini, həm mifoloji dünyagörüşünü, həm də sakral bilikləri özündə cəmləyir. Türk xalqlarının qədim dastanlarından olan "Ergenekon" dastanında da türklərin Ergenekondan çıxdıqları gün məhz 21 marta təsadüf edir. Bu günə Hürmüz günü, yəni Tanrı günü deyilərdi. Həmin günə hazırlaşan insanlar dörd müqəddəs ünsürlə paklanardılar. Axır Çərşənbə isə  ən əziz bayramlardan hesab olunardı.  Həmin adətlərdən bəziləri indiyə qədər öz aktuallığını qoruyur. Məhz buna görə də bu bayramın qədim adlarından da biri Ergenekondur. Bundan başqa Novruza Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Bir çox mənbələrdə bu bayramı dinlə də bağlayaraq, Novruzu  “Adəmin yaradıldığı gün”, “Atəşpərəstlikdən qalan bir bayram”, “Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi gün”, “İmam Əlinin doğum günü”, “Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram”, “İmam Əli ilə Fatimayi-Zəhranın evləndikləri gün” və  başqa adlarla da göstərilir.

Novruz bayramı  qabağı  Çərşənbə axşamlarının keçirilməsi ilə bağlı da bir sıra maraqlı məqamlar özünü göstərir. Bəzi tədqiqlərə görə, e.ə. 487-ci ildə Şərq alimləri  ayları, illəri göstərən təqvimi  çərşənbə  axşamında  tərtib ediblər. Çərşənbə axşamlarının da qeyd olunması bununla bağlıdır. İnanca görə isə bəzi xalqlarda çərşənbə günü ağır gün hesab olunur. Dədə-babalarımız da bayrama dörd Çərşənbə qalmış onu şadyanalıqla qarşılayırlar. Astronomiya və münəccimliyin böyük bilicisi, dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvi "Yeddi gözəl" poemasında həftənin çərşənbə axşamını bayramın rəmzi olan qırmızı rəngdə verib.

Novruz şənliklərinin əsas personajları Kosa və Keçəldir. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır.

Tamaşa zamanı kosanın "ölüb-dirilməsi" əski inanclardan gəlir.  Şaman ritualı zamanı da fiziki hərəkəti ilə ruhi hərəkətin çulğalaşmasının şahidi oluruq. Bu oxşarlıq həm də Kosanın geyimində özünü göstərir. Belə ki, Kosanın geyimindəki bəzi əlamətlər - qurşağındakı və boynundakı zınqrovlar, başındakı şiş papaq, əynindəki tərsinə çevrilmiş kürk  qam-şaman geyiminin rəmzlərindəndir. Səməni sözünün etimologiyasını da məhz şamanlarla bağlayırlar. Belə ki "sümen/suma" sözü Altayca və monqolca "şaman" mənasını daşıyır. Səməni də bolluğun, bərəkətin, cücərmiş torpağın rəmzidir. Səmənidən hazırlanmış halva insana enerji verir. Səməninin göyərdilməsi Novruz bayramının əsas mərasimlərindəndir. İnanca görə, səməni ailəyə, elə ruzu, xeyir-bərəkət, güc gətirir. Səmənini müqəddəs hesab etdikləri üçün saralandan sonra da onu axar suya axıdırlar, arxasınca isə şirni atırlar.

Mərasim yeməkləri, eləcə də Novruz şirniyyatları xalqın əməli bilikləri, zövqü, təsərrüfat məşğuliyyəti, mifoloji dünyagörüşü ilə əlaqədar yaranmışdır. Novruz şirniyyatlarında türk kosmoqonik dünyagörüşünün simvolları öz əksini tapmışdır. Novruzda ayın rəmzi kimi şəkərbura, badambura, günəşin rəmzi kimi qoğal, şəkərçörəyi simvolizə olunur. Paxlavanın romb şəklində bişirilməsi də türk kosmoqonik təfəkkürü və sakral bilikləri özündə birləşdirən mifoloji dünyagörüşlə bağlıdır. Paxlavanın romb şəklində verilməsi ulduzun rəmzidir. Lakin Şumerlərdə Günəş romb işarəsi ilə verildiyi üçün günəşin simvolu kimi də götürülür. Bundan başqa, romb inkişaf və doğuluşun rəmzi olub, sakral mənasına görə qadın başlanğıcıyla bağlanır. Paxlavanın mərkəzinə qoyulan fındıq, qoz, badam bu oxşarlığı gücləndirir. Bəzi bölgələrdəki inanclara görə, paxlavanı məhz qadın bişirməlidir, bunu isə doğuluşla bağlılıq ilə əsaslandırırlar. Bayram günü aş bişirilməsi, qazan asılması isə həmin evin il boyu bərəkətli olması inancından doğur.

Yumurta boyamaq da qədim adətlərdəndir. Yumurtanı həyatın rəmzi kimi götürürlər. Qırmızı rəngə boyanmış yumurtalar torpağın dirilməsi, canlanmasını ehtiva edir. Yumurta döyüşdürülməsi isə iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini əks etdirir. Bəzi mənbələrdən aydın olur ki, yumurta döyüşdürməsi zamanı onun çiy olması əsas şərtlərdəndir. Hazırda isə yumurta döyüşdürülməsi zamanı bişmiş, rəngli yumurtalardan istifadə olunur. İnanca görə, bişmiş yumurta onu yeyən insanlara həyat verir.

Tonqal üstündən atlanmaq isə qədimdən gələn bir ritualdır. Onu çox zaman Tanrılara qurban vermə ritualı ilə eyniləşdirirlər. Bununla da insanlar tonqal üstündən atlanaraq öz ağırlıqlarını, uğursuzluqlarını tonqalda yandıracaqlarına inanarlar.

Etnoqrafik materiallardan aydın olur ki, lap qədimlərdən Azərbaycanın əksər bölgələrində hələ ili tamam olmamış mərhuma Novruz bayramı ərəfəsində "qara bayram" verilirdi. Bu mərasimdə halva, plov və digər ətli xörəklər bişirilir, qadınlar qəbiristanlığa gedir, matəm səciyyəli səhnələr icra edir, gətirdikləri "pay"ı - səmənini, şirniyyatı qəbrin üsütünə qoyurdular. Bununla həm mərhumun xatirəsi yad etdiklərinə, həm də qarşıdan gələn bayramın daha yaxşı keçirilməsinə inanardılar.  Bu mərasim bir çox bölgələrimizdə hələ də icra olunmaqdadır.

Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə sadiqdir. Azərbaycan dövlətini bu dəyərlər üzərində quran Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir". Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunda davam etdirilir. Cənab Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir.

Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi  mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz  Günü” elan etmişdir.

Səhər Orucova

Filologiya elmləri doktoru, professor

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024