Novruz çələngi

19/03/2020


Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib,

ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş,

nikbin əhval-ruhiyyə yaradıbdır.

Ulu Öndər Heydər Əliyev

 

Novruz çələngi

Şimal yarımkürəsində yerləşən Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən xalq bayramıdır - Novruz bayramı. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyaraq gələcək nəsillərə ötürdüyü, ülviləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa inamını əks etdirir. Yazın gəlişi ilə eyni vaxtda qeyd olunan Novruz bayramında azərbaycanlılar ta qədim zamanlardan  təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qəbul edib, şənliklər keçiriblər. Azərbaycan Respublikasında Novruz bu bayramdan bir ay öncədən müxtəlif mərasimlərin keçirilməsi ilə başlanır. İnanclara görə Kainat 4 ünsürdən - su, od, torpaq və havadan yaranıb. Hər il 4 çərşənbə - Su, Od, Yel və Torpaq çərşənbəsi gecə ilə gündüzün bərabərləşməsindən əvvəl qeyd olunur.

Novruz adətlərinə gəlincə, bayramda göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin, ruzinin rəmzidir. Novruz bayramında ləzzətli şirniyyatlar - qoğal, şəkərbura, paxlava bişirilir. Bayram şirniyyatları səma cisimlərinə bənzədilir - qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Bahar qız, Kosa və Keçəl isə Novruz atributlarıdır; Keçəl qışın, Kosa isə yazın simvoludur. Novruzda süfrəyə “s” hərfi ilə başlayan yeddi təamın, o cümlədən sumax, sirkə, süd, səməni, səbzinn qoyulması da bayram adətlərindəndr. Bahar bayramında uşaqlar boyanmış yumurta döyüşdürür, qonşuların qapısına papaq atıb gizlənir, bayram payı istəyirlər. Novruzda tonqal qalayıb simvolik olaraq, “ağırlığını alovda yandırmaq” üçün üzərindən tullanmaq, bununla da bahar kimi yenilənmək də adətlərimizdəndir.

Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Şəfiqə Axundova kimi görkəmli bəstəkarlarımız Novruz haqqında şən mahnılar yazıblar. Bununla yanaşı, bahar bayramı haqqında “Novruzun çələngi”, “Bahar əyləncələri”, “Novruz” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il 23 fevral isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

2020-ci ildə yaz fəsli Azərbaycana 20 mart tarixində Bakı vaxtı ilə saat 07:49:36-da gələcək. Ekliptika ilə hərəkət edən Günəş bu andan sonra göy ekvatorunu kəsərək göy sferasının cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Yerin şimal yarımkürəsində astronomik yaz, cənub yarımkürəsində isə astronomik payız başlayır. Azərbaycanda bu il yaz fəsli 92 gün 17 saat 54 dəqiqə davam edəcək.

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərləri sırasında gözəllik, nur, işıq, bərəkət rəmzi olan Novruz tariximizi, adət-ənənələrimizi və milli dəyərlərimizi gələcək nəsillərə ötürə bilmək üçün ən gözəl vasitədir.

Bayramlar firavanlıqdır, sevincdir, xoş niyyətdir.

Azərbaycan xalqı, Bakı Dövlət Universitetinin əziz professor-müəllim heyəti, sevimli tələbələrimiz, əməkdaşlarımız, Novruz Bayramınız mübarək! Bahar xalqımıza can sağlığı, evlərinizə bol ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024