“Orta Ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib

24/12/2010

Dekabrın 23-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində “Orta Ümumtəhsil məktəblərində fənlərin tədrisinin ekoloji aspektləri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Liseyin şagirdləri dövlət himnini səsləndirdikdən sonra, konfransı açıq elan etmək üçün söz BDU-nun rektoru, akademik Abel Məhərrəmova verilib. İştirakçıları salamlayan rektor konfransın işinə uğurlar arzu edib.

Liseyin yaranma tarixindən danışan akademik Abel Məhərrəmovun sözlərinə görə «Gənc İstedadlar» liseyi Prezident İlham Əliyevin sərəncamına əsasən 2007-ci ildən fəaliyyət göstərir və hazırda liseydə 475 şagird təhsil alır.  BDU-nun nəzdində fəaliyyət göstərməsinin əsas məqsədi isə gəncləri universitet mühitində formalaşdırmaq və ali məktəblərə yola salmaqdır. 2010-cu ildə məzunlarının 100 faizinin ali məktəblərə qəbul olunduğunu söyləyən rektor, liseyin fəaliyyətini yüksək qiymətləndirib.

Hazırda dünyada elm, bilik yarışı getdiyini deyən rektorun sözlərinə görə gələcəkdə əsgərlərin süngüsünü qələmlər əvəz edəcək. Buna görə də, liseyin qarşısına qoyulan əsas məqsədin bilik olduğunu nəzərə çatdırıb. Rektor həmçinin dövlət tərəfindən təhsilin inkişafı üçün maliyyə vəsaitinin gücləndirildiyini, təhsil islahatlarının aparıldığını və 2007-ci ildən indiyə kimi beş min azərbaycanlı tələbənin dünyanın aparıcı universitetlərinə göndərildiyini söyləyib. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin «Ekologiya ili» olduğunu xatırladan rektor Abel Məhərrəmov bu baxımdan konfransın əhəmiyyətini xüsusilə qeyd edib və bu gün dünya siyasətçilərinin, alimlərinin diqqətində olan ekoloji problemlərin öyrənilməsinə orta məktəblərdən başlanılmasının vacibliyinə toxunub.

Daha sonra BDU-nun “Ekoloji kimya” kafedrasının müdiri, professor Sevinc Hacıyeva “Kimya dərslərində şagirdlərə ekoloji dünyagörüşün formalaşdırılması”, Universitetin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri, professor Qara Mustafayev “Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində ekoloji təhsilin vəziyyəti”, BDU-nun “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının müdiri, professor Şövqü Göyçaylı “Orta məktəblərin coğrafiya dərsliklərində ekoloji biliklərin məzmunu”, “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Mahirə Səfərəlizadə “Doğma Bakımızı çirklənmədən qoruyaq”, “XXI əsr Beynəlxalq Təhsil və İnovasiya Mərkəzi”nin biologiya müəllimi Sevda Abiyeva “Orta məktəbdə bioekoloji problemlərin öyrədilməsi”, “Bağça-məktəb-lisey” kompleksinin coğrafiya müəllimi Təranə Fərzəliyeva “Coğrafiya fənninin tədrisində şagirdlərin ekoloji tərbiyəsi”, “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov “Orta məktəbdə üzvi kimyanın tədrisi prosesində ekoloji təhsil” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışların hər birində bu fikir hakim olub ki, ekoloji problemlərdən qurtarmaq, həlli yollarını tapmaq üçün onun öyrənilməsinə orta məktəbdən başlamaq lazımdır.

Sonda liseyin biologiya müəllimi Səbribəyim Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında “Biz təbiəti sevirik” kompozisiyası səslənib və konfrans iştirakçılarını böyük marağına səbəb oldu.

BDU-nun Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024