Pis günün ömrü az olar!

18/04/2020

Bəşəriyyət tarix boyu bir sıra amansız və yoluxucu xəstəliklərlə qarşılaşmış, xeyli qurbanlar vermişdir. Bu gün şahidi olduğumuz belə xəstəliklərdən biri olan, COVİD-19 adlandırılan yeni növ koronavirusla çarpışmaq bizim payımıza düşüb. Ümumiyyətlə, Azərbaycanda yeni növ koronavirusla mübarizə inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunub. Avropanın bəzi dövlətləri əvvəlcədən qabaqlayıcı tədbirlər görmədiyi üçün virus həmin ölkələri ağuşuna alıb və vəziyyət nəzarətdən çıxıb. Azərbaycanda isə mənzərə tam fərqlidir. Pandemiyanın orta və ali məktəblərdə yayılmaması üçün dərhal təhsil müəssisələrində tədris dayandırıldı, tətil elan olundu. Müvafiq icra strukturları koronavirusla mübarizəyə səfərbər edildi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təşkil olundu. Daha sonra karantin üçün ayrılmış xəstəxanalar koronavirusla mübarizə üçün tam hazır vəziyyətə gətirildi. Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə effektiv mübarizəsi dünyanın da diqqətindən yayınmır və nümunə kimi göstərilir.

Ölkə rəhbərinin xüsusi nəzarəti altında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində virus ölkəmizdə geniş yayılmayıb və bundan sonra da yayılması ehtimal edilmir. Buna baxmayaraq, dövlət öz növbəsində qabaqlayıcı tədbirlərini həyata keçirməkdə davam edir. Əhəmiyyətli qərarlardan biri kimi tələbələrin tətil dövründə tədrisi məsafədən davam etdirməsi, internet üzərindən virtual dərslərin keçirilməsi hesab edilə bilər.

Koronavirusun xüsusiyyətləri və təhlükəli cəhətləri barədə məlumatları artıq bilməyən, ən azı bu barədə adi faktları eşitməyən, yəqin ki, tapılmaz. İndi əsas məsələ elan edilmiş karantin rejimində davranış qaydaları, bu “koronavirus tətil”indən səmərəli şəkildə faydalanmağa çalışmaqdır. Əziz tələbələrimiz, artıq bir aydan çoxdur ki, bu pan­demiya sizin kimi biz müəl­limləri də doğma universitetimizdən, ən əsası isə sizdən ayrı salıb. Dərslərimiz, layihələrimiz, yaradıcılıq planlarımız, maraqlı görüş və söhbətlərimiz yarımçıq qalıb. Sanki bu ayrılıq bizi, bir-birimizə daha da sıx bağlayıb, universitetimizdə olan tələbə-müəllim birliyininin əhə­miy­yətini daha da artırıb. Bunu, sizinlə etdiyimiz virtual söhbətlərdən, telefon zənglərindən aydın şəkildə sezmək mümkündür. İndi biz hamılıqla çalışıb virusun meydana çıxardığı arzuolunmaz vəziyyətdən sağ­lam can və ruhla çıxmağı bacarmalı, psixoloji amili nəzərdə saxlamalıyıq. Belə günlərdə pessimizmə əsla yol vermək olmaz, özümüzü pozitivə kökləməli, daim yaxşı şeylər haqqında düşünməliyik. Gözəl musiqilər dinləmək, maraqlı və həyatdolu filmlər izləmək bu qəbildəndir. Hesab edək ki, müvəqqəti çətinlikdir. Pis günün ömrü az olar deyiblər. Biz də bu ümidlə yenidən görüşəcəyimiz universitetimizi, auditoriyalarını bölüşəcəyimiz fakültəmizi göz önünə alıb özümüzü qorumalıyıq. Şər deməsən, xeyir gəlməz. İşdir, psixoloji cəhətdən hər hansı bir problem yaransa bunun üçün də çıxış yolu var. Elə universitetimizdə yaradılan və hazırda ehtiyacı olanlara online psixoloji dəstək göstərən Psixoloji Yardım Sektorunun məsləhətlərindən faydalana bilərsiniz.

Əziz tələbələrimiz, yaranmış bu boşluqdan necə istifadə etmək olar? Əvvəla bir çoxumuz dərs və iş saatının ağırlığından, normal istirahət edə bilməməyimizdən şikayət edirdik. İndi əslində bu barədə yaxşı fürsət yaxalamış, dincəlmək, növbəti iş və dərs günləri üçün bol enerji yığmaq imkanı əldə etmişik. Bu fürsətdən yarar­lan­maq lazımdır. Bir şeyi unutmayaq ki, həyat evdə də davam edir. İndi evdə olduğumuz vaxtlarda valideynlərimiz, ailəmizlə maraqlı zaman keçirə bilərik. Regionlardan olan tələbələrimiz üçün təsərrüfat işlərində böyüklərinə yardım üçün yaxşı fürsət yaranıb. Digər tərəfdən, əziz tələbələr, mütaliəni də unutmaq olmaz, çünki biz tələbələri tez-tez bədii kitablar oxuyan görmüşük. Fürsətdən istifadə etməklə yeni-yeni kitablar oxuya, bu barədə hətta bir-birinizlə yarışa da bilərsiniz.

Bu gün bütün Azərbaycan koronavirusla mübarizəyə atılıb, qlobal pandemiya ilə birgə savaşır. Səbirlə, anlayışla görülən tədbirlərə qoşularaq, hərə öz sahəsində gözəgörünməz düşmənlə döyüşə töhfə verməyə çalışır. Allah Azərbaycanımızı və dünyamızı bu bəladan qorusun!

Samir Xalidoğlu (Mirzəyev)

BDU, Jurnalistika fakültəsinin Sosial məsələlər və

tələbələrlə iş üzrə dekan müavini



Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024