Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

27/09/2016

Kərimli Elman Bəhruz oğlu 696 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

Topladığı yüksək bala görə Prezident təqaüdünə layiq görülüb.

– Elman, hansı rayondansan?

– Ağsu.

– Orta məktəbi Ağsuda oxumusan?

– Xeyr. Bakıda oxumuşam. Nərimanov rayonunda qalıram. Sadəcə, ailəmiz Ağsuda yaşayıb.

– Müəllim yanına hazırlığa getmisənmi?

– Bəli. İki il.

– Müəllim yanına getmədən yüksək bal toplamaq mümkün deyildimi?

– Mən orta məktəbdə də yaxşı oxuyurdum. Sadəcə, ixtisas fənlərinə üstünlük vermək üçün müəllim yanına getdim.

– 696 bal yığmısan. Maraqlıdır, yazmadığın bir sual hansı fəndən idi?

– Riyaziyyatdan.

– Adətən, yaza bilmədiyin, yaxud cavabını səhv yazdığın sual sonradan adama çox asan gəlir. Səndə də belə oldumu?

– Doğrudan da çox asan sual idi. Adi vaxtlarda asanlıqla o suala cavab tapa bilərdim.

– Yüksək bal yığacağına inamın vardı?

– Hə. Çünki sınaq imtahanlarında yaxşı yazırdım. Sınaqlarda ən çox 655 bal yığmışdım.

– İmtahana hazırlaşan vaxt başqa hansı işlərlə məşğul olurdun?

– Mən əvvəllər karateyə, yayda isə həftədə üç dəfə nizamlı olaraq üzgüçülüyə gedirdim. Dərs vaxtı ardıcıl gedə bilmirdim. Ancaq kitab oxuyurdum.

– Dövlət idmana xüsusi diqqət göstərir. Nə əcəb idmanın ardınca düşmədin?

– İdmanla təbii ki, məşğul ola bilərdim. Amma düşündüm ki, əsas dərslərimdir, oxumaqdır. Mən hər gün səhər saat 8-də evdən çıxıb, bir də axşam 8-də qayıdırdım. Son vaxtlar isə ümumiyyətlə, idmana getməyə imkan olmamışdı. Sadəcə, evdə müəyyən idman hərəkətləri edirdim ki, bədənim passiv olmasın.

– Bacın, qardaşın da oxuyur?

– Qardaşım 10-da oxuyur. Bacım isə bu il birinci sinfə getdi.

– Hüquqşünas olmaqla ailədə kiminsə yolunu davam edirsən, ya necə?

– Yox, yaxınlarımız arasında hüquqşünas yoxdur. Öz seçimimdir.

– Nə üçün məhz hüquq? Bu qədər yüksək balla nə üçün tarix, dil və ədəbiyyat müəllimi olmaq istəmədin?

– Axı özümü müəllim kimi görmürəm. Həm də hüquq sistemindən, qayda-qanundan xoşum gəlir, ona görə bu sahəni seçdim.

– Bəs özünü hakim kimi görürsənmi?

– Ola bilər.

– Azərbaycanda hansı hakimlərin adını çəkə bilərsən?

– Düzü, hələ heç birini tanımıram. Elə bir fikrim də yoxdur ki, məhz hakim olmalıyam. Sonradan marağım olsa təbii, hakim də olmaq mümkündür. Bir şey də deyim. Hüquq, qayda-qanunlar sisteminə maraq təbii şəkildə mənim içimdə var.

– Ölkədə referenduma hazırlıq gedir. Nə zaman olacaq, bilirsənmi?

– 26 sentyabrda.

– İştirak edəcəksən?

– Axı 18 yaşım tamam olmayıb.

– İncəsənətin hansısa növünə xüsusi marağın olubmu?

– Bəli, marağım var. Orta məktəbdə oxuyandan özümdə bunu hiss edirdim. Tarix dərslərini xüsusi həvəslə öyrənirdim. İmtahanda tarixdən verilən sualların hamısına düz cavab yazdım. Fikir verin, tarixdən 13 dərslik kitabı var. Bunların hamısını yadda saxlamaq asan deyil.

– Əzbərçilik olurdumu?

– Əzbərləmək də lazım idi. Amma əsasən, fərqli və oxşar cəhətləri, xronologiyanı yadda saxlamaq lazımdır.

– Müəllimlərə ayda ən az nə qədər pulun çıxırdı?

– Ən azı dörd yüz manat.

– Səncə, çox deyilmi?

– Düzü, çoxdur, amma indi vəziyyət elə idi ki, yaxşı nəticə istəyirdim deyə başqa heç nə gözümə görünmürdü.

– Səncə, müəllimlərin evdə uşaq hazırlaması məktəbi gözdən salır, məktəbə inamsızlıq yaradır?

– Əslində, repetitorlar özü orta məktəb müəllimləridir. Özüm rast gəlməmişəm, amma eşitmişəm ki, elə repetitor var, məktəbdə dərsi zəif keçir ki, uşaqlar onun yanına hazırlığa gəlsinlər.

– İmtahana hazırlaşdığın vaxtlar televizora baxırdın? Verilişlər, filmlər...

– Hə, amma dərslərdən sonra!

– Sosial şəbəkələrdə varsan?

– Yox, sosial şəbəkələrə girmirdim. Hətta telefonumu dəyişib adisini almışdım.

– Demək olar ki, özünü ətrafdan tədric etmişdin. Belə?

–  Elə demək olar. Amma yenə deyirəm, çalışırdım hərdən idmanla da məşğul olum.

– Yüksək bal topladığını biləndə hansı hissləri keçirdin?

– Sevindim, çox sevindim. Müəllimlərim zəng eləyib soruşdu, onlar da sevindilər. Məncə, o hissi izah etmək olmur.

– Valideynlərin nə işlə məşğuldur?

– Anam oxuduğum məktəbdə ingilis dili müəlliməsidir. Atam da daşınmaz əmlakda işləyir.

– Niyə məhz Bakı Dövlət Universitetini seçdin?

– İlk növbədə ona görə ki, atam Bakı Dövlət Universitetində oxuyub. Həm də ən qədim və qabaqcıl universitetdir. Xüsusən də hüquq fakültəsinə maraq böyükdür.

– Tarixi çox sevdiyini bildirdin. Məsələn, Babək kimdir, deyə bilərsənmi?

– Qəhrəmandır.

– Babək nə uğrunda mübarizə aparırdı?

– Azadlıq! Öz xalqını əsarətdən qurtarmağa çalışırdı.

– Bəs buna nail oldumu?

– Demək olar ki, nail oldu.

– Elman, heç müəllimindən soruşmusan ki, Ağqoyunlu, Qaraqoyunlu nə deməkdir? Bu adda dövlətmi olar? Dövlətin bayrağında nə üçün qoyun şəkli var? Bunlar sənə maraqlıdır?

– Əlbəttə, maraqlıdır. Amma düzünü deyim ki, dərs yükü bizi belə şeylər haqqında çox düşünməyə imkan vermirdi.

– Rektor Abel Məhərrəmov sizi qəbul elədimi?

– Rektorumuz bizimlə iki dəfə – sentyabrın 14-də və səhəri “Bilik günü”ndə görüşdü. İlk görüş bir saatdan çox çəkdi və həmin görüşdə rektor bizə öz tövsiyələrini verdi. Maraqlı, yaddaqalan çıxış etdi. Təhsildə, elmdə uğur qazanmağın yollarından danışdı. Ən xoş olan o oldu ki, yüksək bal toplayan tələbələrin elə birinci kursdan etibarən elmi tədqiqata cəlb edilməsi, bunun üçün hər tələbəyə bir alimin – professor, dosent, ya da elmi işçinin ayrılması ilə bağlı tapşırıqlarını verdi.

Növbəti görüş isə dediyim kimi, 15 sentyabr – “Bilik günü”ndə baş tutdu. Rektor tələbə biletimizi təqdim elədi, sonra bizi təbrik etdi. Kitablar, ayrı hədiyyələr verdi.

– Prezident təqaüdün nə qədərdir?

– 165 manat olmalıdır.

– Bu pula xüsusi maddi ehtiyacın varmı?

– Yəqin daha çox kitab və geyimə lazım olacaq. (gülür)

– Artıq bir neçə dərsdə olmusan. Mühazirələr, müəllimlərin necədir, qane edirmi?

– Hələ ki, qrup yoldaşlarımın hamısını tanımıram. Müəllimlərim yaxşıdır. Məndən əvvəlkilər necə oxuyubsa, yəqin mən də o cür olacam, yəni əvvəllər çətin olur, sonra öyrəşirsən.

– Dedin ki, xüsusi eşqlə oxuduğun fənn tarix idi. Azərbaycan tarixinin hansı dövrü sənin üçün maraqlıdır?

– Azərbaycan dövlətləri yaranan vaxtlar və xüsusən Səfəvilər dövrü.

– Biz neçənci ildə müstəqil olmuşuq?

– 1918-ci ilin 28 mayında.

– Hansı Azərbaycan siyasətçisinə bənzəmək istərdin?

– Heydər Əliyevə.

– Nə üçün?

– Çünki onun çox güclü siyasəti vardı. Bu gün də bir çox dövlət başçıları onun siyasətindən istifadə edir.

Heydər Əliyev siyasətinə sevgini başqa necə əsaslandıra bilərsən?

– Naxçıvanda və Azərbaycanda gördüyü işlər buna sübutdur. Çətin vaxtda Azərbaycana gəlişi və ölkəni xilas etməsi, məncə, sevgimizin ən böyük əsasıdır.

– Neçənci ildə anadan olmusan?

– 1999-cu il yanvarın 10-da.

– Təqaüdçülər siyahısında adını görəndə anan başına üzərlik doladımı?

– Hə, doladı. (gülür). Nənəm də hərdən üzərlik yandırır. Nənəm, bibilərim, dayılarım... hamısı çox sevindi.

– Universitetə qəbul olmağın münasibətilə dostlarına qonaqlıq vermisən?

– Elə balımı öyrəndiyim gün məclis qurdum.

– Siqaret çəkirsən?

– Yox!

– İçki necə?

– Marağım yoxdur. Bizdə heç kim siqaretdən, içkidən istifadə etmir.

– Kompüterdə futbol oynayırsanmı?

– Telefonda oyunlar maraqsız gəlir. Amma dostlarla tez-tez kompüterdə futbol oynayırıq.

– Yaxşı oynaya bilirsən?

– Normal...

– Hansı futbol komandasına azarkeşlik edirsən?

– Özüm “Barselona”ya azarkeşlik edirəm, amma kompüterdə “Real Madrid” güclüdür deyə onu seçirəm.

– Diskotekalara, əyləncələrə marağın var?

– Yox, qətiyyən! Yəqin ki bundan sonra da olmaz! Çünki ixtisasım da elədir ki, məndən ciddi olmaq tələb edir.

– Azərbaycanın şair-yazıçısından kimləri tanıyırsan? Söhbət lap müasirlərdən gedir.

– Ramiz Rövşənin bəzi şeirlərini oxumuşam.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024