Professor Abbas Zamanov - 110

10/10/2021

Oktyabrın 10-da tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Zamanovun anadan olmasının 110 illiyi tamam olur.

Abbas Fəttah oğlu Zama­nov 1911-ci ildə Şərur rayonu­nun Maxta kən­din­də anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921-1927). 1929-cu ildə Bakı pedaqoji texnikumunu bitirmiş, 1929-1937-ci illərdə komsomol işçisi kimi çalışmışdır. 1933-1934-cü illərdə  "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir. 1937-1939-cu illərdə "Ədəbiyyat" qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir vəzifələrində çalışmışdır. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və orada müəllimliyə başlamışdır. 1940-1941-ci illərdə M.F.Axundov adına Opera və Balet Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuşdur. İkinci dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində baş müəllim (1948-1960), AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), AMEA-nın Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışmışdır. 1979-cu ildən Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur.

Professor A.Zamanov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş (filo­­­logiya üzrə namizədlik dis­sertasiyası kimi təqdim etdiyi tədqiqata birbaşa doktorluq elmi dərəcəsi verilmişdir), 1971-ci ildə professor elmi adı almış, 1983-cü ildə AMEA-nın müxbir üz­vü seçilmişdir.

Professor A.Zamanov Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Avstriya, Bolqarıstan, Türkiyə, İran, İraq və digər ölkələrdə məqalələri çıxmışdır. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. M.Ə.Sabir, H.Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. Onun Azər­bay­can, fars və rus dillərində tərtib və nəşr etdirdiyi «Hophop­namə» dün­ya­nın bir çox ölkələrində yayılmış və həmin ki­ta­bın yeni nəşrləri ilə nəticələnmişdir.

Professor A.Zamanov 1980-cı ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adını almışdır. I dərəcəli "Vətən müharibəsi" ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru (1989) seçilmişdir.  2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.

1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024