Professor Abuzər Xələfov vəfat edib

27/04/2020

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də ömrünün 89-cu ilində vəfat etmişdir.

Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci il­də Qərbi Azərbaycanda - Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan olmuşdur. O, natamam orta təhsilini burada almış, İkinci Dünya müharibəsi illərində kolxozda işləyə-işləyə təhsilini davam etdirmişdir.

1950-ci ildə Abuzər Xələfov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. Hələ tələbəlik illərində özünün qeyriadi elmi qabiliyyəti ilə başqalarından fərqlənərək elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmiş, dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Oxuma qabiliyyəti və ictimai fəallığı ilə diqqəti cəlb etdiyinə görə A.A.Xələfov ali təhsilini başa çatdıran kimi BDU-da müəllim vəzifəsində saxlanılmışdır. 1955-1978-ci illərdə müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

A.A.Xələfovun işgüzar və səmərəli elmi fəaliyyəti nəticəsində 1962-ci ildə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və o, yeni yaradılmış fakültənin ilk dekanı seçilərək 25 il bu vəzifədə çalışmışdır. Professor 1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyaları müdafiə etmiş, professor elmi adı almışdır. A.A.Xələfov Sovetlər Birliyi ərazisində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir.

Respublikamızda kitabxanaçılıq, biblioqrafiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması məhz Abuzər Xələfovun adı ilə bağlıdır. Professor Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvü kimi iştirak etmişdir.

A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının həllinə ciddi təsir göstərmişdir. Azərbaycanın müstəqilliyi dövründə 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər.

Prezident təqaüdçüsü olan görkəmli alim Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif edilmişdir.

Görkəmli alim, pedaqoq, əsl ziyalı Abuzər Alı oğlu Xələfovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Alı oğlu Xələfov II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024