Professor Məqsəd Qocamanov Avstraliyada keçirilən XXII-ci konqresində iştirak edib

12/09/2012

Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, texnika elmləri doktoru, professor Məqsəd Hüseyn oğlu Qocamanov 25 avqust – 1 sentyabr 2012-ci il tarixdə Beynəlxalq Fotoqrammetriya və Məsafədən duyma (tədqiqat) cəmiyyətinin (İSPRS) Avstraliyanın Viktoriya ştatının Melburn şəhərində keçirilən XXII-ci konqresində iştirak etmiş və inglis dilində elmi məruzə ilə çıxış etmişdir. Konqres Melburn şəhərinin Sərgi və İclas (konvensiya) mərkəzində keçirilmişdir. Konqresdə 100-dən çox ölkədən 1500-dək alim və mütəxəssis iştirak etmişdir.

Konqresə direktorluğu Avstraliyanın Fotoqrammetriya və Məsafədən duyma cəmiyyətinin prezidenti, professor Cliff Ogleby, ümumi rəhbərliyi isə İSPRS-in prezidenti, professor Orhan ALTAN həyata keçirmişdir. Məruzələr 8 komissiya və onların alt komissiyalarında dinlənilmişdir. Konqresdə mövzular olduqca çoxşaxəli və geniş əhatəli olmuşdur. Belə ki, müasir dövrdə kosmosdan əldə edilən informasiyaların, tədqiqat nəticələrinin demək olar ki, tətbiq tapmadığı elm və istehsalat sahəsi mövcud deyildir. Bu sahələrə misal olaraq aşağıdakıları göstərmək olar:

- ümumyer fəza məlumatlarının toplanması və təhlili;

- ətraf mühit və səhiyyə;

- zəlzələlər və təbiət kataklizmlərinin qiymətləndirilməsi;

- metrologiya və iqlimşünaslıq;

- urbanizasiya və səhər təsərrüfatının generalizasiyası;

- deformasiyaların monitorinqi;

- planalmalar və xəritələşdirmə;

- peyk sistemləri və onların layihələndirilməsi;

- iqlim dəyişmələri və temperaturun qiymətləndirilməsi;

- lazer skanerləri;

- dağ-mədən sahəsi və fotoqrammetriya;

- su problemləri;

- enerji məsələləri;

- meşələrin qorunması və səviyyəsi;

- coğrafi informasiya sistemləri və fotoqrammetriya;

- kənd təsərrüfatı, ekosistemlərin idarə edilməsi;

- mobil planalma sistemləri;

- ekologiya və fotoqrammetriya;

- qlobal rəqəmsal modelin qurulması.

Qeyd etmək lazımdır ki, konqresdə müzakirə olunan məsələlər Azərbaycan Respublikası üçün də olduqca aktual və əhəmiyyətlidir. Belə ki, Respublikamız 2013-cü ildə öz kosmik peykini fəzaya qaldırmağı planlaşdırır. Sonradan isə fotqrammetriya, məsafədən duyma, eləcə də meteoroloji proqnozlar və s. məqsədlər üçün öz növbəti süni peyklərini kosmosa yönəltmək niyyətindədir. Bununla əlaqədar olaraq Azərbaycan alimlərinin xarici ölkə alimləri ilə təcrübə mübadiləsi aparması, onların əldə etmiş olduğu nəticələrdən bəhrələnməsi olduqca vacibdir.

Konqresdə prof. M.H. Qocamanovun konqres iştirakçıları ilə çoxsaylı görüşləri olmuş, o cümlədən Avstraliyanın konqres direktoru prof. Cliff Ogleby, İSPRS-in keçmiş prezidenti Orhan Altan və İSPRS-in yeni seçilmiş prezidenti Chen Jun-la görüşlərdə Azərbaycanın bu təşkilata tam hüquqlu üzv olması məsələsi qaldırılmış və İSPRS-in Baş Assambleyası tərəfindən bu təklif dəstəklənmiş və müsbət qərar qəbul edilmişdir. Eyni zamanda prof. M.H. Qocamanov I komissiyanın (Georeferens və peyk naviqasiya duyma inteqral sistemləri) işçi qrupuna üzv qəbul edilmişdir.

Konqresdə MDB ölkələrindən Rusiyadan və Azərbaycandan prof. M.H. Qocamanov iştirak etmişdir.

Bütövlükdə M.H. Qocamanovun Avstraliyanın Melburn şəhərində İSPRS –in XXII konqresinin işində iştirakı elmi biliklərin qloballaşması, inteqrasiyası, təcrübə mübadiləsi, innovasiyaların əldə edilməsi baxımından, eləcə də xarici ölkə universitetləri, elm mərkəzləri, şirkətləri ilə əlaqələrin qurulması istiqamətində atılmış çox uğurlu addımlardan hesab edilə bilər.

Mətbuat və İnformasiya şöbəsi, 12 sentyabr 2012-ci il.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024