Professor Yeganə İsmayılova “Tanpınarı kəşf edirəm” adlı müsabiqənin qalibi olub

19/12/2016

“Dünyam – Əhməd HamdiTampınarın həyatından səhnələr” adlı sərginin açılışı ilə başlayıb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın ədəbiyyatdakı rolundan, 63 illik həyatını bu sahəyə həsr etməsindən bəhs edib. Rektor Azərbaycan oxucusunun onu yaxından tanıması məqsədilə Yunus Əmrə İnstitutu tərəfindən keçirilmiş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin önəmindən bəhs edib, qalibləri təbrik edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Əhməd Həmdi Tanpınarın yaradıcılığından danışıb, əsərlərinin bir çox dillərə tərcümə edildiyini qeyd edib. Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı Məkbulə Koçak, millət vəkili Jalə Əliyeva və Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayevin çıxışlarından sonra Əhməd Həmdi Tanpınarın şeirləri səsləndirilib. Sonda Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım “Tanpınarı kəşf edirəm” adlı müsabiqəyə təqdim olunmuş esselərin Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndirildiyini bildirib. Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova da qaliblar sırasında yer alıb.

Müəllifin müsabiqədə qalib gəlmiş məqaləsini sizə təqdim edirik:

 

Nə içindəyəm zamanın

Nə də tamamilə xaricində

Ə.H.Tanpınar

 

Modern Türk ədəbiyyatı və bu ədəbiyyat ətrafındakı problemlər düşünüldüyündə ilk ağıla dələn adlardan biri Ə.H.Tanpınardır.

Ə.H.Tanpınar Türk roman, hekayə yazarı, şair, müəllim, tərcüməçi, ədəbiyyat tarixçisi və siyəsətçisidir. Cumhuriyyət nəslinin ilk müəllimlərindəndir. O, geniş oxucu kütləsi tərəfindən “Bursada zaman” şeiri ilə tanınmışdır.  “XIX əsr Türk ədəbiyyatı tarixi” adlı əsəri ilə ədəbiyyat tarixinə yeni bir görüş və baxış gətirmişdir. 1942-ci ildə «Namiq Kamal Antologiyası» adlı kitabı, 1943-cü ildə «Abdulla Efendinin röyaları» kitabları nəşr olunmuşdur. İlk romanı “Mahur Beste”dir. Məşhur «Beş şəhər» əsəri 1946-cı ildə kitab halında nəşr olunmuşdur.

Əsərdə Beş şəhər-Ankara, Ərzurum, Konya, Bursa, İstanbuldan danışılır. Əsər tarixi xatirə üslubunda yazılıb.

Ankara

Ankara tarixin insanı heyrələndirəcək bir şəhərdir. Əsrlər boyu uğradığı istilalar,  üst-üstə yanğınlar, yağmalar daima insanın göz önündədir. Ankarada gözə çarpan ən önəmli şey iki yastı təpə arasındakı təbii bir istehkam mənzərəsidir.

Ərzurum

Məmləkətin heç bir yerində I Dünya müharibəsinin izlərini Ərzurumdakı kimi görmək mümkün deyil. Dörd il bu dağlarda qurdlara insan ətindən ziyafətlər verilmişdi. Ölüm hər yeri bürümüşdü. Bununla bərabər əhalisinin sayı 60 mindən 8 minə enən Ərzurum milli mücadiləyə davam gətirmişdi. Ərzurum türk tarixinə, türk coğrafiyasına 1945 metrdən baxır.

Atatürk Ərzurumda işə başlamışdır. İlk fatehlər kimi oradan Anadolunun içərisinə doğru getmişdir. Oradan da başlayaraq yurdumuzu xainlərdən qorumuşdur.

Konya

Konya Səlcuq sultanlarının bir şəhəridir. Başqa gözəlliyi vardır. Sərin kölgələri və çeşmələri insanlara röya kimi gəlir. Mövlananın şəhəridir. Movlanə Şərqdə varlıq  hikməti, bir Divani-Kəbirdir.

Bursa

Övliya Çələbi Bursadan bəhs edərkən «Ruhaniyətli bir şəhərdir» demişdir.

Gümüşlü, Muradiyə, Yeşil, Nulufər Hatun, Geyikli baba, Əmir Sultan, Konualp… saymaqla bitmir. Hər birinin özünəməxsus keçmişi, xüsusi gözəllikləri vardır. Övliya Çələbi Bursa çeşmələrindən-bulaqlarından bəhs edərkən belə demişdir: «Bursa tamamilə sudan ibarətdir…»

İstanbul

Minarələrin, camilərin şəhəri. Bəyoğlu, Boğaziçi, Üsküdar, Erenköy, Çəkməcələr, Bentlər, Adalar… Qəlbimizdə ayrı gözəlliklər, ayrı xəyallar yaradan şəhərlər şəhəri. Hər istanbullu az-çox şairdir.

Bu gün məhəllə qalmadı. Hündür binalarda yaşayan qonşular bir-birindən xəbərsizdir. Bəylərbəyində, Emirganda, Kandilli və ya İstinyedə günün hər saatı bir-birindən ayrıdır. Beykoz, Çubuklu ağacların sərin kölgəsində  yuxudan ayılmağa çalışan zaman, Yeniköy və Böyükdərə gözlərinin ta içinə baxan günəşlə tezdən oyanırlar. Kuzquncuqda sular sahilboyunca arasında tək-tük sünbül qarışmış bir bənövşə tarlası kimidir. İincə bir duman təbəqəsinin böyük zanbaqlar kimi kəsdiyi İstanbul minarələri xəyallarımızda bəyazlara bürünmüş gəlinə bənzəyir.

Həyatımızda məhv olan şeylərin ardından duyulan üzüntü ilə deyə bilərik ki, köhnəliklə yenilik daima toqquşur. Yazıçı keçmişə bu günün pəncərəsindən baxır.

Tanpınarın atasının məmur olması səbəbilə onlar tez-tez bu şəhərdən o şəhərə köçürdülər və Əhməd də məktəb dəyişdirmək məcburiyyətində qalırdı. Ə.H.Tanpınar 14-15 yaşlarında anasını itirir. Bu hadisə onun həyatında dərin iz buraxır. 1919-cu ildə girdiyi İstanbul Darulfunun Ədəbiyyat bölümündən 1923-cü ildə məzun olur. Ərzurum, Konya və Ankarada ədəbiyyat müəllimi işləyir. 1933-cü ildə Gözəl Sənətlər Akademiyasında sənət tarixi müəllimi vəzifəsinə gətirilir. İstanbul Universitetində çalışır. Maraşdan millət vəkili seçilir. 1953-də Avropaya gəzməyə gedir. Belçika, Hollandiya, İngiltərə, İspaniya, İtaliya, İsveçrə, Portuqaliyada olur. Bu Avropa səyahətləri ona kitablarda tanıdığı Qərbi-Avropanı yaxından tanımağa imkan verir.

Əhməd Hamdi Tanpınar yazırdı: «Meyvə bağlarında gəzərkən yavaş-yavaş gördüm ki, şair olmuşam, şairliyimin susduğu yerdə isə hekayə, roman, məqalə  və ya esse yazıram».

Onun hekayə və romanlarında insan, onun problemləri ilə yanaşı tarix, musiqi, zaman və s. önəmli mövzulardır. Tanrıpınarın ədəbiyyat və fikir məsələlərində önəm verdiyi məsələlərdən biri Doğu-Batı (Şərq-Qərb) məsələsidir. Köhnəliklə yeniliyin mübarizəsi, bunun həlli problemi onun yaradıcılığından qırmızı xətlə keçir. Yazıçı daima tərəddüd və vicdan əzabı çəkən insanların durumunu dilə gətirir.

Əhməd Tanpınarın poeziyası simvollardan, simvolik düşüncədən qaynaqlanır, bu onun romanlarına da aiddir, buna görə nəsri seçmişdir. Onun romanlarında çox zəngin həyat vardır, cəmiyyətdəki hadisələrə yazıçının özünəməxsus baxışı vardır. İnsan və cəmiyyət problemi daima yazarı düşündürmüşdür.

«Saatları qurma institutu» romanı fərddən başlayıb kütləyəcən cəmiyyətin həmin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla çatdırır.

XX əsr Türk ədəbiyyatının realist və modernist yazıçısı, şairi Əhməd Hamdi Tanpınarın «Hüzur» romanında Türkiyə Cümhuriyyətinin quruluş illərində Osmanlı mədəniyyəti ilə müasir Qərb mədəniyyəti arasında qalan, dilemna qarşısında duran Türk ziyalısının daxili dünyası təsvir edilir. Romanda Mümtazla Nuranın məhəbbəti romanın ana xəttini təşkil edir. Hadisələrin cərəyan etdiyi İstanbul romanın bir qəhrəmanına çevrilmişdir. Könül rahatlığı üçün yeni dünya görüşünə, yeni həyat tərzinə qovuşa bilməyən türk gənclərinin huzursuzluqları əsərdə əks olunmuşdur.

Var olmaq uğrunda, yaşam uğrunda çalışan, lakin sonunda hər şeyini itirən huzursuzların romanıdır «Huzur» romanı. Əsər yazıldığı tarixdən insanların heç dəyişməmiş problemləri ilə hələ də gündəmdədir. Romanda bir çox simvolları özündə birləşdirən obrazlar da vardır.

Romanın ideyası budur: Hər eşqin sonunda bir iztirab və kədər vardır.  Bu bəzən insana mutluluq- xoşbəxtlik, bəzən də mutsuzluq - bədbəxtlik gətirir. Əsər dörd bölümdən ibarətdir. Əsərin qəhrəmanları  Mümtaz, İhsan, Nuran və Suatdır, əsas qəhrəman isə Mümtazdır. Digər üç qəhrəmanı da Mümtaz obrazı ilə bizə tanıyırıq.

İstanbul Qərb-Şərq qarşılaşmasının simvolik bir yeridir: Şərq-Qərb dəyərlərini təmsil etmək baxımından iki yerə ayrılır İstanbul tərəfinin məhəllələri. Osmanlı-İslam adət-ənənələri və Bəyoğlu tərəfi - bu da  qərbləşmiş tərəfdir.

«Huzur» romanı 22 fevral -2 iyun 1948-ci illər arasında «Cümhuriyyət» qəzetində çap olunmuş, 1949-cu ildə isə kitab halında çıxmışdır.  391 səhifəlik roman İstanbulda yaşayan Mümtazın həyatından bəhs edir. Mümtaz romanda sevgilisi Nurana qovuşmaq istəyi ilə yaşayan, II Dünya müharibəsinin qorxuları ilə yaşayan, çox problemləri olan bir nəslin yetirməsidir, bir istanbulludur. Romanın əsas mərkəzində Mümtaz və Suatın Nurana olan məhəbbətidir. Mümtaz və Nuran bir-birlərini sevir və evlənməyi düşünürlər. Bir uşaqlı dul qadın Nuran Mümtazı sevən, amma insanların dedi-qodularından bezmiş bir qadındır. Nəticədə cəmiyyətə qarşı sevgisini yox edən, Mümtazla evlənməkdən vaz keçən qadındır.

Yazıldığı tarixdən xeyli müddət keçsə də, əsərin mövzusu çox aktualdır. Həm Şərqdə, həm Qərbdə olan insanlar nə düşünsələr də, kitabda olan insan taleləri hələ də günümüzdəki kimidir. «Huzur»un gizli qəhrəmanı isə Suatdır. Suat mələkdir, yoxsa şeytandır, bilinimir. Amma əsəri oxuyanda bizə elə gəlir ki, o bir şeytandır. Bu obraz Cümhuriyyət sonrasının mənəviyyatı məhv olan nəsillərini çox gözəl simvolizə edir.  Suat heç kmsənin güvənmədiyi, universitet təhsili olan ya da olmayan oxuyana, nə də oxumayana önəm verməyən bir zamanın obrazıdır. Sonunda arzusuna çata bilməyib intihar edən Suat bu intiharı ilə oxucunu düşündürür. Bu obraz, olum ya ölüm, yaşam uğrunda mücadilələr verən insanlara sonlarının  sonlarının belə olacağını xatırladır.

Romanda İstanbul şəhərinin də çox gözəl obrazı yaradılmışdır. Məhz buna görə bu roman İstanbulun «portretini» yaradan romanların başında durur.

Ümidsizliyə qapılan Suat isə özünü asaraq intihar edir. Bu faciə səbəbilə Nurandan ayrılan Mümtazın dünyası yıxılır. Radioda II Dünya müharibəsinin başlandığı xəbəri verildiyi zaman Suatın xəyalını görən Mümtaz nərdivandan yıxılır. Romanda Mümtaz Bəyazit Sahaflar Çarşısında, dükanlarda, Çəkməcədə, balıqçı mühitində, qəhvəxanalarda dolaşırkən İstanbulun köhnə zamanlarının donub qaldığı zamanın təsvirçisidir. Romanın sonrakı bölümlərində Boğazı, zəngin bir evi, başqa bir dünyanı görürük. Əvvəllər çox xoşbəxt olan Mümtaz zaman-zaman qaynaqlanan hadisələrin son ucunda məhv olur.

Keçilməməsi gərəkən bir sərhəddi  o yox etmişdi.

Tanpınar özünü, ətrafını, yaşanılan və xatırlanan şeyləri, tarixi təkrar-təkrar araşdıran bu günlə əlaqələndirən, böyük ustaddır. Zaman Yeganə Gerçəkdir Tanpınar üçün.

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
07/10/2024