Qalib ölkənin qalib gəncliyi

12/08/2023

25 il əvvəl, 1998-ci il avqustun 8-dən 12-dək dünya ölkələrinin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə Lissabonda keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin Beynəlxalq Gənclər Günü (International Youth Day) kimi qeyd olunması təşəbbüsü irəli sürülüb. 1999-cu il dekabrın 17-də isə BMT Baş Assambleyası bu əlamətdar günün təsis edilməsi barədə qərar qəbul edib. Bu günün məqsədi dünya əhalisinin yarıdan çoxunu təşkil edən gənclərə lazımi diqqət göstərmək, onların hərtərəfli inkişafını təmin,  təhsildə, elmdə və istehsalatda qazandıqları nailiyyətləri təbliğ etməkdir.

Yer üzündə elə bir xalq yoxdur ki, özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlamasın. Sağlam, savadlı, istedadlı gənclərin yetişdirilməsi hər bir dövlətin qarşısında duran başlıca məqsədlərdən biridir. Çünki istənilən xalqın gələcəyi, hər bir ölkənin müqəddəratı bugünkü gənclərdən asılıdır.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, insan kapitalının ən tərəqqipərvər, dərrakəli və çevik tərkib hissəsi kimi formalaşması xüsusilə önəmlidir. Böyük iftixar hissi ilə deməliyik ki, müstəqil Azərbaycanın müasir gəncliyi Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinə sadiq olaraq milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, əcdadlarımızdan miras qalan adət-ənənələrimizi layiqincə qoruyur, zənginləşdirir və yaşadır, təhsildə, əmək fəaliyyətində uğur qazandıqda təkcə öz gələcəyi barədə deyil, ilk növbədə doğma Azərbaycanın bu günü və sabahı haqqında düşünür, yüksək vətəndaşlıq hissi ilə yaşayır.

Ölkəmizdə gənclər siyasətinin əsasını daim xalqına arxalanan, gənclərə böyük ümidlər bəsləyən, Azərbaycanın gələcəyinin onların əlində olduğunu vurğulayan Ulu Öndərimiz Heydər Əliyev qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Ümummilli Liderimiz gənclərin imkan və bacarıqlarını yüksək dəyərləndirib, onların xalqa və dövlətə sadiq vətəndaşlar kimi formalaşmasına xüsusi önəm verib, təməlini qoyduğu gənclər siyasətini müstəqil dövlətimizin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevirib.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən başlayaraq mütəmadi olaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclərlə bağlı beş Dövlət Proqramının qəbul olunması, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun imzalanması imzalanması və geniş fəaliyyət proqramının təsdiqlənməsi dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük diqqət və qayğısının təzahürüdür.

Bu gün yeni reallığa qədəm qoymuş Azərbaycanda dövlət gənclər siyasəti məzmun və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları, fərman və sərəncamları, təşəbbüsləri və əməlləri ilə təsdiq edir. Gənclərin hərtərəfli inkişafı, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsi, sağlamlığı və təhsili, vətənpərvərlik tərbiyəsi, sosial müdafiəsi,  məşğulluğunun təmin olunması ilə bağlı problemlərin həlli istiqamətində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr, respublika səviyyəli və beynəlxalq tədbirlər ölkə başçısının bu sahəyə böyük diqqət və qayğısının bariz nümunəsidir.

2005-2009-cu illəri əhatə edən Dövlət Proqramının təsdiq edilməsi, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə Fərmanın imzalanması, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsi, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması, 2019-cu ildə “Yüksəliş” müsabiqəsinin təsisi, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin davamlı olaraq həyata keçirildiyini bir daha sübuta yetirir.

Dövlətimizin davamlı inkişaf konsepsiyasının, o cümlədən gənclər siyasətinin uğurla gerçəkləşməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri də böyükdür. Birinci xanımın rəhbərlik etdiyi Fond gənc nəslin sağlamlığının qorunması, xüsusilə də fiziki qüsurlu uşaq və gənclərin, müharibədə döyüşmüş qazilərin sağlamlığının bərpa olunması, gənclərin təhsil alması və məşğulluğunun təmin edilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində böyük layihələrə imza atır, genişmiqyaslı tədbirlər həyata keçirir.

Azərbaycan gəncliyi tarix yazan gənclikdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarında torpaqlarımızın işğaldan azad ediməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində mətanətlə vuruşan gənclərimizin adları xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılıb. Gənclərimizin misilsiz qəhrəmanlığı ilə əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Bu gün azad edilən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində də gənclərimiz fəal iştirak edirlər.

Azərbaycan gənci olmaq həqiqətən də şərəflidir. Şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Gənclərimiz bu ümidi doğrultmağa hər zaman hazırdırlar. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri isə Azərbaycan dövlətinin gənclərə yüksək etimadının, gənclərin isə Prezidentə dərin ehtiramının bariz nümunəsidir.

Müasir Azərbaycan gəncləri xalqımızın ləyaqətli övladları, ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz əməlləri ilə sübut ediblər. Bu gün “Kimdir Azərbaycan gənci?” sualına cavab birmənalıdır:

Vətənini sevən, xalqına bağlı, dövlətinə sadiq ölkə vətəndaşıdır...

Haqq və ədalətin bərpası uğrunda canından keçməyə hazır olan, düşmənə mərdliklə sinə gərən, şəhidlik zirvəsinə ucalmağı şərəf bilən rəşadətli əsgərdir...

Dövlətinin inkişafı, xalqının rifahı naminə qurub-yaradan, əkib-becərən, işğaldan azad etdiyi torpaqlara nəfəs verən fəhlədir, mühəndisdir, inşaatçıdır...

Quruda və suda “qara qızıl” hasil edən neftçidir, xəstələrə şəfa verən həkim, uşaqlara bilik verən müəllimdir...

Elm öyrənən, təhsil alan tələbədir Azərbaycan gənci.

Bu şərəfli adı daşıyan hər bir kəsin Beynəlxalq Gənclər Günü mübarəkdir!


Ramin Səmədov

Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024