Qars müqaviləsindən Şuşa Bəyannaməsinə uzanan dostluq və qardaşlıq magistralı

15/07/2021

Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr hazırda özünün ən yüksək və dinamik inkişaf səviyyəsinə çatmışdır. Bu bənzərsiz əməkdaşlıq əsl qonşuluq və strateji tərəfdaşlıq, səmimi dostluq və qardaşlıq münasibətlərini ifadə edir. Eyni soy-kökə, mədəniyyətə, ortaq tarixə mənsub olan bir millətin iki dövləti dünya siyasətində, diplomatiya cəbhəsində vahid güc mərkəzi kimi çıxış edir, regionda obyektiv şərtləri diqtə edən qüvvə kimi prinsipiallıq və ardıcıllıq, eyni zamanda, tarixi ənənələrə sadiqlik nümayiş etdirir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” vəsiyyəti və müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük siyasət və dövlət xadimi Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” formulu əsasında günbəgün inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətçiliyi tarixində, xüsusilə də müasir dövrdə ölkələrarası münasibətlər sistemində nümunə sayıla bilər. Azərbaycan prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu gün dünyada hər hansı iki dövlət arasında bu səviyyədə münasibətlər mövcud deyildir.

Əsrlərin sınağından çıxmış tarix, dil, din, mədəni birliyimiz son dərəcə mürəkkəb, ziddiyyətli XX əsrdə də bütün çətinliklərə, maneələrə baxmayaraq, özünü dəfələrlə biruzə vermiş, məhz bu sarsılmaz birlik dövlətlərimizə növbəti hədəflər, inkişaf və intibahlar üçün yeni imkanlar qazandırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi mürəkkəb tarixi şəraitdə, işğalçıterrorçu erməni-bolşevik silahlı dəstələrinin Bakıda və digər ərazilərimizdə qanlı qırğınlar törətdiyi günlərdə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası ilə Azərbaycana gəlişi xalqımızda böyük güc və gələcəyə inam yaratmışdı.

Xalq Cümhuriyyətinin Silahlı Qüvvələrinin Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakını və digər bölgələrimizi işğalçılardan təmizləməsi, məhz bundan sonra AXC hökumətinin Gəncədən Bakıya köçürülməsi bu gün də qədirbilən xalqımız tərəfindən şükranlıq və minnətdarlıq hissi ilə xatırlanır. Xalqımız Azərbaycan Ordusunun şəhid əsgər və zabitləri ilə yanaşı, torpaqlarımız uğrunda canlarını fəda etmiş Qafqaz İslam Ordusunun igidlərini da hər zaman rəhmətlə anır, onların müqəddəs ruhlarına öz ehtiramını ifadə edir. Azərbaycanın müxtəlif yerlərində Qafqaz İslam Ordusunun şəhid əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidələrin, məzarlıqların ziyarəti bunun bariz nümunəsidir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra da Türkiyə dövləti Azərbaycanın milli maraqlarının qorunması üçün mümkün olan addımları atmağa çalışmışdır. 1921-ci il oktyabr ayının 13-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi də özündə bunu ehtiva edir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bölgəsinin və digər ərazilərin təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu olan həmin sənəd bu gün də özünün tarixi əhəmiyyətini qoruyub saxlayır. Məhz tarixi Qars müqaviləsinin imzalanması ilə Türkiyənin prinsipiallığı nəticəsində Naxçıvan-Şərur regionunun xüsusi statusu təmin edildi. Sənədin 5-ci maddəsinə əsasən, Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Bununla da şovinist ermənilərin Naxçıvana yönəlmiş ərazi iddialarının qarşısına sədd çəkilmiş oldu.

Azərbaycanla qardaş Türkiyə arasında münasibətlərin yeni inkişaf mərhələsi dövlət müstəqiliyimizi əldə etdikdən sonra başladı. Bu illər ərzində müstəqilliyimizi ilk tanıyan dövlət kimi qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə ən yüksək səviyyədə və ən müxtəlif platformalarda öz dəstəyini ifadə etdi. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri ümummilli liderimizin “Bir millət, iki dövlət” doktrinasına əsaslanaraq daha da inkişaf etdirildi.

Ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə isə dövlətlərarası münasibətlərimiz özünün zirvəsinə çatdı. Azərbaycanla Türkiyə arasında diplomatiya, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və xüsusilə hərbi sahədəki əməkdaşlıq müstəqil dövlətimizin daha da güclənməsində, Cənubi Qafqazda söz sahibi olmasında, eləcə də, regionda yeni reallıqların yaranmasında müstəsna rol oynadı.

2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxrtibatlarına cavab olaraq başlayan və möhtəşəm zəfərlə başa çatan, 30 illik işğala, ən azı, 200 illik münaqişəyə birmənalı şəklidə son qoyan 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ölkəmizə verdiyi mənəvi-siyasi dəstək münaqişənin həllində mühüm rol oynadı, situasiyanın Azərbaycanın xeyrinə dəyişilməsinə böyük töhfələr verdi. Ağır, ağrılı, taleyüklü, eyni zamanda, şərəf tariximiz olan Vətən müharibəsi günlərində xalqımız qardaş Türkiyənin dəstəyini hər an hiss etdi, bu tərəfdaşlığın yaratdığı qələbə əhval-ruhiyyəsinin fonunda daha da inamla, əzmlə mübarizə apardı.

Müharibədən sonra keçirilən tarixi Zəfər paradında Azərbaycan Prezidenti ilə yanaşı qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirakı, mərkəzi meydanda Türkiyə Silahlı Qüvvələrinin təmsilçilərinin də Azərbaycan Ordusunun əsgər və zabitləri ilə çiyin-çiyinə təntənəli keçidi bütün dünyaya birliyimizin, həmrəyliyimizin, “Bir millət, iki dövlət” tandeminin növbəti və daha səlis, əzəmətli, qüdrətli mesajı idi. Eyni zamanda, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına Türkiyə şirkətlərinin ən geniş planda cəlb edilməsi, quruculuq işlərində qardaş ölkənin hər an yanımızda olması dostlarımıza sevgi və sayğımızın, düşmənə isə əzm və iradəmizin mesajıdır.

15 iyun 2021-ci ildə - müasir Azərbaycanın tarixində xüsusi önəm və rəmzi məna daşıyan Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri çərçivəsində tarixi Şuşa Bəyannaməsinin imzalanmasını isə ölkələrimiz arasındakı münasibətlərin zirvəsi saymaq olar. Tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalanmasının, hər şeydən əvvəl, böyük rəmzi mənası vardır. Bu mənada, 100 il sonra daha parlaq şəkildə təkrarlanan bu şanlı tarixin hər bir anı bizim üçün olduqca qiymətli və müqəddəsdir.

Cənubi Qafqazda yeni reallıq yaradan Şuşa Bəyannaməsi, ilk növbədə, Türkiyə və Azərbaycan dövlətlərinin qüdrətinin, siyasi iradəsinin qarşısında bundan sonra heç bir qüvvənin dayana bilməyəcəyinin ifadəsidir. Bu sənəd 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmizin tarixi nailiyyətini daha da möhkəmləndirir, eyni zamanda, beynəlxalq aləmdə, diplomatiya cəbhəsində dövlətimizin manevr imkanlarını, özünün şərtləri ilə çıxış edən siyasi güc mərkəzi kimi nüfuzunu və çəkisini artırır. Bu tarixi sənəd müharibədə məğlub edilmiş Ermənistanı diplomatiya cəbhəsində də ağır vəziyyətə salır, onun diplomatik danışlıqlarda, beynəlxalq aləmdə manevr imkanlarını, ədalətsiz tələblərini, yersiz ərazi iddialarını, yüz illərlə yaradılmış və erməni cəmiyyətinə sırınmış boş xəyalları birmənalı şəkildə puç edir. 44 günlük müharibə dövründə erməni ordusundakı dünyada analoqu olmayan fərarilik diplomatik cəbhədə qazandığımız uğurlar sayəsində artıq erməni cəmiyyətinə də sirayət edib. Əgər müharibə dövründə erməni quldur dəstələri silahlarını səngərdə ataraq döyüş meydanından kütləvi şəkildə qaçırdılarsa, bu gün erməni vətəndaşları ilk fürsətdə fərari kimi Ermənistanı tərk etməyə hazırlaşırlar.

Tarixi Şuşa Bəyannaməsi, ilk növbədə, qüdrətli, dünyada nüfuzlu söz sahibi sayılan Türkiyə Cümhuriyyətinin XX əsrin əvvəllərindəki kimi, bu gün də Azərbaycanın yanında olduğunun rəsmi təsdiqidir. Eyni zamanda, bu sənəd ölkələrimiz arasında indiyə qədər imzalanmış tarixi sənədlərlə öz ruhu, mahiyyəti və daşıdığı missiya baxımından da uyğunluq təşkil edir, siyasi münasibətlərimizdəki varislik prinsiplərinin növbəti və daha parlaq təzahürü kimi qəbul edilir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Osmanlı Türkiyəsinin 4 iyun 1918-ci ildə Batumidə imzaladığı Sazişin 4-cü maddəsində də zərurət yaranacağı təqdirdə Osmanlı dövlətinin Azərbaycana hərbi yardım göstərə biləcəyi ifadə olunmuşdu. 1918-ci ildə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu ilə Bakını və digər ərazilərimizi erməni-bolşevik işğalından azad etməsi və bu tarixi qələbənin nəticəsində AXC hökumətinin Gəncədən Bakıya köçürülməsi də məhz həmin sənədə əsaslanaraq gerçəkləşdirilmişdi.

Eyni zamanda, 1921-ci ilin 13 oktyabrında imzalanan və 5-ci maddəsində Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi təsbit edən tarixi Qars müqaviləsini də bu baxımdan xüsusi dəyərləndirmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Şuşa Bəyannaməsinin imzalanma mərasimində məhz Qars müqaviləsini xatırlatdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi, döğrudan da, həmin tarixi sənədlərin davamı və məntiqi nəticəsi kimi daha böyük əhəmiyyət daşıyır. İki müstəqil və qüdrətli dövlət arasında imzalanan bu tarixi sənəd hər iki ölkənin hərbi, siyasi, iqtisadi, diplomatik qüdrətinin miqyasını daha da artırır. 15 iyun 2021-ci ildə mədəniyyət paytaxtımız Şuşada imzalanan Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi özündə ölkələrimiz arasındakı dostluq, qardaşlıq və keyfiyyətcə yeni müttəfiqlik münasibətlərinin bütün parametrlərini əks etdirir.

Sənəddə əksini tapmış “Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər”- fikirləri Azərbaycan-Türkiyə əməkdaşlığının, ilk növbədə, regionda sülhə, sabitliyə və bununla da təkcə iki dövlətin deyil, bölgədəki digər ölkələrin və xalqların da tərəqqisinə xidmət etdiyini təsbit edir. Bu təməl prinsiplərinin müasir dünyada sülhün, əmin-amanlığın bərpası və qorunması üçün olduqca mühüm əhəmiyyəti danılmazdır. Bu amil, eyni zamanda, Azərbaycan və Türkiyəni sülhsevər, humanizm prinsiplərinə sadiq, insan hüquq və azadlıqlarına hörmət edən, münaqişə və müharibələrin əleyhinə olan dövlətlər kimi səciyyələndirir.

Bəyannamənin mətnindəki “Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar” müddəası isə ölkələrimizin xarici siyasətdə, diplomatiyada da vahid güc mərkəzi kimi çıxış edəcəyini ifadə edir, dövlətlərimizin gələcək diplomatik uğurları üçün zəmin yaradır.

Bəyannamədə geosiyasi hədəflərlə yanaşı, ölkələrimizin iqtisadi cəhətdən gələcək inkişafını şərtləndirən prioritetlərin yer alması, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin əksini tapması sənədin əhəmiyyətini daha da artırır. Bütövlükdə, tarixi bir sənəd kimi xüsusi əhəmiyyətə, mahiyyətə, hərtərəfli təhlil və analizə layiq olan Şuşa Bəyannaməsi, əlbəttə ki, siyasi təhlillərlə yanaşı, gələcəkdə elmi tədqiqat mövzularının da obyekti olacaqdır. Hər bir cümləsi, hər bir bəndi mühüm məna kəsb edən, böyük əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin mətnində yer almış aşağıdakı müddəa isə regionda sülhün və sabitliyin qorunması, müharibədən qalib çıxan ölkəmizin təhlükəsizliyinin, suverenliyinin qarantı kimi xüsusilə böyük önəm kəsb edir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bu cümlələr tarixi Şuşa Bəyannaməsinin əsas qayəsini, leytmotivini təşkil edir və Azərbaycan dövlətinin siyasi gücünü, hərbi qüdrətini, müzəffər ordumuzun döyüş ruhunu, xalqımızın gələcəyə olan inamını daha da artırır.

Tarixi Qars müqaviləsinin davamı və ölkələrarası münasibətlərimizin məntiqi inkişafı kimi ərsəyə gələn Şuşa Bəyannaməsi bu gün Azərbaycan Türkiyə müttəfiqliyinin, tarixin yaddaşından cilalanıb gələn qardaşlığımızın sarsılmazlığını bir daha uca səslə və Şuşanın dağları kimi uca bir məkandan bütün dünyaya bəyan etdi. Bu bəyannamənin ümumi ruhunu əks etdirən ucalıq, əyilməzlik, sarsılmazlıq bizim alın yazımızdır.

https://xalqqazeti.com/pdf/15%20iyul%202021%20xalqqazeti.pdf

 

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024